Şuşa sözünün etimologiyasına dair

1. Şiş və yaxud dik qaya üzərində yerləşən Şuşanın adının şiş sözündən yaranmış olması ehtimalını yoxlamağa dəyər. Dialektlərimizdə şişək sözü mövcuddur. İlk dəfə doğacaq, qarnı şişib dikəlmiş heyvana Qarabağ da daxil bir sıra regionlarımızda şişək (tələffüzdə şişəx) adı verilir. Məsələn, belə deyərlər: “Qomralkərə şişəxdi, yetişif, bö:nə-sə:rə doğar”.

2. Sözlərin sonundan “k” və “q” səslərinin düşdüyü hallar dilimizdə çoxdur. Məsələn, qoşaq qoşa olub, ayrıq ayrı olub, gödək güdə olub və s. Eyni qanunauyğunluqla şişək sözünün şişə sözünə çevrilməsi qətiyyən qeyri-mümkün deyildir.

3. Şişək sözünün yaranışı üçün iki ayrı izah irəli sürülə bilər. 1) Belə ki, dilimizdə aidlik, keyfiyyət və mahiyyət bildirən -lıq, -lik, -luq, -lük şəkilçiləri, adətən, -laq, -lək şəklinə düşürlər. Məsələn, çaylıq çaylaq olub, dişlik dişlək olub, otluq otlaq olub və s. Bu mənada şişlik sözünün şişlək variantı da mümkündür. Öz növbəsində -laq, -lək sonluğu ilə bitən sözlərdən “l” səsi düşə bilir. Məsələn, diblik əvvəlcə diblək, ardından dibək olub, yallıq əvvəlcə yallaq, ardından yalaq olub, dillik əvvəlcə dillək, ardından dilək olub və s. Eyni qanunauyğunluqla şişlik sözü əvvəlcə şişlək, ardından şişək olur. 2) Lakin şişək sözü şişlikdən yox, birbaşa şiş feil kökündən də yarana bilərdi. Necə ki, qaçmaq feilindən qaçaq, yatmaq feilindən yataq, kəsmək feilindən kəsək yarandığı kimi şişməkdən də şişək yarana bilir.

4. Şiş sözünün etimologiyasına gəldikdə, o, çox böyük ehtimalla dik sözüylə qohumdur. Dilimizdə d-t-s-ş-k-ç bir-birinə çevrilən səslərdir. Məsələn, diş dik deməkdir; döş də dik deməkdir; şax durmaq dik durmaqdır; şaxlanmaq və yaxud şeşələnmək diklənməkdir, dikəlməkdir; şaşırmaq diksinib dik qalxmaqdır. Şeşə sözünü dialektlərdə dik mənasında da işlədirlər, məsələn: “Şeşə buynuz cöngədən yaxşı öküz çıxajax” kimi; dikbaş mənasında da, məsələn: “Şeşə adamnan mənim heç aram yoxdu” kimi. Beləliklə, Şuşa adı şiş sözünə, şiş sözünün özü isə dik sözünə gedib çıxır. Belədə, Şuşa – şaxlanan, şeşələnən, şaşırdan, diklik, dik, dikələn, diklənən yer deməkdir.

5. Beləliklə, biz şiş > şişək > şişə > şuşa keçidini əldə edirik. Lakin bu keçiddə sual doğuran məqam incə saitli “şiş” (< dik) kökündən törəyən yenə incə saitli “şişək” və yaxud “şişə” sözünün necə olub birdən birə qalın saitlərdən düzələn “şuşa” adına çevrilməsidir. Bunu necə izah etmək olar? Görünür, Şuşa adının yaranmasında ikinci bir söz də iştirak etmişdir. Ola bilsin, vaxtilə “şiş qaya” kimi mürəkkəb bir ad olmuş, sonralar bu sözlər yavaş-yavaş kontominasiyaya uğrayaraq, yəni, bir-birinə qovuşaraq “şuşa” adına çevrilmişdir. Necə ki, məsələn, “qaralmaq” sözü “qara olmaq” sözlərinin, “bünövrə” sözü “bina dövrə” sözlərinin kontominasiyasından yaranmışdır. Beləliklə, biz “şuşa” sözünə gedən yolda aşağıdakı ikinci mümkün keçidi əldə etdik; şiş qaya > şişa > şuşa.

6. Şumer dili lüğətlərində bizim şiş sözümüzlə həm səslənmə (fonetika), həm də məna (semantika) baxımından tamamilə üst-üstə düşən “uş” sözü var; “uş” boylu qadının şişmiş, şişkinləşmiş, dikəlmiş qarnı deməkdir. Şumercə “uş” sözü bizim “uşaqlıq” (ana bətni), “şiş”, “şişək”, “uc” kimi sözlərimizlə qohum görünür.

7. Şuşa adındakı şişlik doğumla, boylu olmaqla, feminin məhsuldarlıqla əlaqədardır. Şuşanın görünüşü də hamilə qadının göbəyini xatırladır. Min illərdir ki, diklik və yaxud şişkinlik maskulin (ərkək) məhsuldarlığın, əkən kişi gücünün, yəni, fallusun rəmzidir. Ancaq daha qədim min illiklərdə eyni diklik və yaxud şişkinlik feminin (dişi) məhsuldarlığın, doğan qadın gücünün, yəni, vaginanın rəmzi idi. Biz indi Şuşanın dikliyini kişi duruşumuz kimi qavrayır və bundan ləzzət alırıqsa, qədimdə nənə-babalarımız Şuşanın şişkinliyini analığın, doğumun və əbədiliyin rəmzi kimi qavrayır, ondan həzz alırdılar. Şuşanın sakrallığının mənşəyi budur.

21.09.2022

Über Ağalar Qutun bloqu

aghalar_mammadov@yahoo.de
Dieser Beitrag wurde unter FƏLSƏFƏ veröffentlicht. Setze ein Lesezeichen auf den Permalink.

Hinterlasse einen Kommentar