DİL YAZILARI

Ağalar QUT

Azərbaycanlıların „türkiyəcə“ danışmaq və yazmaq sevgisi

(I YAZI)

1

Osmanlıcanın ancaq 20-25 %-i türkcə idi. Bu, 10 kəlməlik bir cümlədə ən çoxu 2 kəlmənin türk dilində olması deməkdir. Bu da indiki, ərəbcə-farsca sözlərə bulaşmış da olsa, azərbaycanca bir cümlənin o vaxtkı osmanlıca bir cümlədən daha türkcə olduğunu bildirir.

Osmanlıcanı ərəbcə və farscanın məngənəsindən qurtarıb, türkcələşdirmək, dili sadələşdirmək üçün Mustafa Kamal Paşa (Atatürk) ölümündən 6 il qabaq, 1932-ci ildə dil inqilabına başlayır. Bu, artıq əlifba yox, dil inqilabı idi, on minlərlə sözü dəyişdirmək proqramı. Son illərdə bir sıra boşbeyin azərbaycanlı publisist, jurnalist və müəlliflərin, danışanda ağızlarına, yazanda barmaqlarına təpişdirdikləri önəm, durum, özəl, genəl, ilginc, doğal, toplum kimi sözlər, inandıqlarının əksinə, heç də Anadolu xalqının yaratdığı, əsl, xalis, doğma türkcə sözlər olmayıb, Mustafa Kamal Paşa-nın fərmanıyla yaradılmış Türk Dil İdarəsinin “dilbaz” məmurları tərəfindən bir neçə il ərzində, tələm-tələsik, türk dilinin köklərindən və başqa qollarından qoparılmış, ən əsası da yanlış düzəldilmiş kəlmələrdirlər.

Mustafa Kamal Paşa dil inqilabının rəhbərliyini, o dövrün yeganə təhsilli dilçisi, erməni əsilli Agop Martayan-a tapşırır. Türk xalqı bir erməninin başçılığı altında aparılan dil inqilabını elə bəri başdan rədd etməsin deyə, M. Kamal Paşa onun “Martayan” familiyasını “Dilaçar” familiyası ilə əvəz edir. Dilaçar-a çevrilmiş Martayan da Paşa-ya borclu qalmır, Böyük Millət Məclisində ona “Atatürk” titul-adının verilməsini təklif edir. Təklif qəbul edilir, beləcə, Mustafa Kamal Paşa da Atatürk adını alır.

2

Danışdığımız dil – türk dili – Şərqi Avropadan ta Çinədək çox böyük bir əraziyə yayılmış olub, 300-350 milyonluq bir xalqın dilidir. Danışanlarının sayına görə dünyanın 5-ci, ya 6-cı dilidir (ərəblərlə yarışırıq). Yaşı bir neçə min ildir. Son illərdə qayaüstü damğaların (petroqliflərin) deşifrə edilməsiylə birlikdə, türk dilinin yaşayan ən əski (qədim) dil olması Qərb elmi dairələrində təsdiq edilmək üzrədir. Türk dilində səslərin düzülüşünədək, hər şey dəqiqdir, qaydalıdır. Bu dilin feil və isim kökləri, bu köklərin mənaları, hansı sonluqların (şəkilçilərin) olması və bu sonluqların mənaları, sayları (G. Clauson türk dilləri və dialektləri üçün xarakterik 183 sonluq göstərmişdir), bir sonluğun isimkökünəmi, yoxsa feilkökünəmi yapışacağı, belə bir birləşmədən hansı tip mənaların ortaya çıxacağı və b. bəllidir, dəqiqdir, dəyişməzdir.

Biz azərbaycanlıların danışdığı dilin isə – Qərb türkcəsinin şərq qolu və yaxud orta qolu – qıpcaqca ilə oğuzcanın qarışmasından yaranmış bir qol olub, rəsmi olaraq ən azı 800 il yaşı var. Ancaq başqa hesablamalara görə (məsələn, akademik Ə. Dəmirçizadə-nin əsaslandırılmış hesablamasına görə) Azərbaycan dilinin yaşı min ildən də çoxdur. Yeri gəlmişkən deyim, türk dilləri və dialektləri içində Azərbaycancanın ayrıca çəkisi vardır, dilimiz indi ərəbcə-farsca sözlərlə nə qədər murdarlansa da, türk dilləri filologiyasında öz potensialına və tutumuna görə sayılıb-seçilən dillərdən biri, bəlkə də birincisidir. Azərbaycan dili sumercədən, Altay hunlarının dilindən, Orxon-Yenisey, Divani lüqatit-türk, Qutadqu Bilik, Altın Yarıq və bunlar kimi əski türkcənin başqa yazılı abidələrinin dilindən daha çox sözü özündə saxlamaqla, ən azından Türkiyədə danışılan və “türkcə” adını daşıyan dildən daha güclü, daha yaddaşlı, tarixin dərinliklərinə qapıları və bağları daha çox olan bir dildir. Bu faktı dilçilər yaxşı bilir.

Oğuzcanın üstünlüyünü daşıyan Azərbaycan dili hazırda bizdən başqa, Anadolunun şərqində, Kərkük daxil olmaq şərtilə İraqın quzayında, Güney Azərbaycan adı verdiyimiz – İranın quzay-qərbində də başa düşülür, danışılır. Göründüyü kimi, tarixi fiziki ərazilərimizi itirsək də, dilimizin ərazisi böyük olaraq qalır.

3

Atatürk-ün dil inqilabı fərmanı osmanlıcanı türk dilləri ailəsinə qovuşdurmaq məqsədi daşısa da, çox heyf, əksinə olmuş, başda Dilaçar olmaqla, dil inqilabının məmurları, türk dilinin başqa qol və dialektlərindən heç bir söz almadıqları üçün, özlərindən yeni sonluqlar uydurduqları üçün, sonluqları isimkökü-feilkökü fərqi qoymadan köklərə “necəgəldi” birləşdirib qurama sözlər düzəltdikləri üçün, əski türk yazılı abidələrindəki sözləri onların mənasını düzgün başa düşmədən diriltdikləri üçün, yeni sözləri türk dilinin ümumi qaydalarını pozaraq yaratdıqları üçün, ayrı-ayrı elm sahələrinə və fəlsəfi düşünməyə aid yanlış terminlər quraşdırdıqları üçün və başqa səbəblərdən, sonda, əski türkcə yazılı abidələrdəki kəlimə fondundan və türk dil ailəsinin başqa dialektlərindən qopuq, yapma, köksüz, yanlış bir dil ortaya çıxmışdır. Buna görə də mən bu yeni dili “türkcə” adıyla yox, “türkiyəcə” adıyla çağırmağa məcburam.

Azərbaycanlılar türkiyəcə durum-murum, önəm-mönəm deməklə, 300 milyonluq türk dili ailəsinə, türk dilinin keçmişinə qovuşmaq nədir, tam əksinə, bu ailədən də, tarixi köklərdən də uzaq düşmüş olurlar.

4

Türk dil inqilabı məmurlarının (onlara dilçi deməyə dilim gəlmir) dilin başına nə oyun açdıqlarını göstərmək üçün, gəlin, bir sıra misallara baxaq.

Ərəbcə “məcburiyyət” sözünü türkcələşdirmək üçün, “səpin”, “gəlin” kimi sözlərdən tanıdığımız, feil kökünə birləşib isim yaradan, dörd fonetik variantlı -in sonluğunu, farscanın (?) “zor” sözünə birləşdirib, onun ardından da -lu sonluğunu artırıb, “zorunlu” kimi qulyabanıya bənzər bir söz düzəldiblər. Dediyim kimi, “zorunlu” farsca bir kökdən və türkcə bir sonluqdan düzəldilmiş türkiyəcə bir sözdür. Zorunda olmaq da belədir.

Əski türkcənin “ön” isim kökünə, “bayraqdar”, “cahandar” kimi sözlərdən yaxşı tanıdığımız farscanın “-dar” sözünü (tutan deməkdir) artırıb, “öndər” sözünü yaradıblar. Azərbaycanda isə çoxları elə bilir “öndər” xalis türkcə bir sözdür, halbuki, “öndər” də türkcə yox, türkiyəcədir.

Ərəbcə “dünya” sözündən yaxa qurtarmaq istərkən, bilmədən və sonra da bilmədiklərini boyunlarına almaq istəmədən, türkcə olmayan, iranmənşəli bir dilin – soğdcanın acun (açın, ajun) sözünü götürmüşlər. Bu haqda G. Clauson da yazmışdır.

“Nasıl” sözü özümüzün “nə” isim kökümüzlə, ərəbcənin “asıl” (əsil) sözünün birləşməsindən yaranıb, yarımtürkcə-yarımərəbcə sözdür. Kökü gedib sumercəyə çatan “necə” sözünü deməyib, osmanlıca “nasıl” deməklə biz türkləşmirik, əksinə, özgələşirik. Türkcə danışan bizik, türkiyəlilər yox.

Türkiyəli dil məmurları başqa dillərdən hazır sözlər almaqlarına, ya da aşağıda oxuyacağınız kimi, sırf fonetik bənzərliyə görə yeni sözlər düzəltməklərinə baxmayaraq, ehtiyacları ola-ola Azərbaycan dilindən bircə söz də almayıblar, bircə söz də!

Gəlin, bir-iki misala baxaq: “soyuducu” sözümüzü bəyənməyib, “buz dolabı” sözünü yaradıblar; “asılı” sözümüzü bəyənməyib, “bağımlı” sözünü yaradıblar; “açar” sözümüzü götürməyib, farsın “anahtar” sözünü götürüblər; “hovur” sözümüzü, “sürək” sözümüzü istəməyib, “sürə” sözünü yaradıblar; “başlıca” sözümüzdən xoşları gəlməyib, “önəmli” sözünü yaradıblar; “seçki” sözümüzü bəyənməyib, “seçim” sözünü yaradıblar; “ayrıca” sözümüzü istəməyib, “özəl” sözünü yaradıblar; “ödək” sözümüzə ağız büzüb, “ödünc” sözünü tapıblar; “gündəlik” sözümüzü bəyənməyib, “gündəm” sözünü götürüblər (halbuki, əski türk yazılarında gündəm – gün kimi deməkdir); “dayaq”, “dayaq durmaq”, “dayaq vermək” kimi sözlərimizi almayıb, farscanın “dəstək”, “dəstəkləmək” sözlərini rəsmiləşdiriblər; “birdən”, “lapdan” sözlərimizi istəməyib, “ansızın” sözünü yumurtlayıblar; ismin “yiyəlik”, “yönlük” kimi hal adlarını götürməyib, ismin “-in halı” (akkuzativ), “-a halı” (dativ) kimi əcaib terminlər düzəldiblər. Çoxdur belə misallar.

Axı, necə ola bilir ki, bizim sözlərimiz daha təbii, daha türkcə, daha qədim ola-ola; onlar bizdən bircə söz də götürməyə-götürməyə; yaratdıqları süni, köksüz və yanlış sözlər bizim təbii sözlərimizdən keyfiyyətcə geri qala-qala, biz öz sözlərimizə arxa çevirib, onların sözləriylə danışmağa can atırıq? Bu, nə üçün belə olur?!

Deyəcəksiniz ki, bəlkə Azərbaycan dilini bilməyiblər. Yuxarıda adını çəkdiyim A. Dilaçar (Martayan) 1950-ci ildə “Azəri türkcəsi” deyə bir kitab yazmışdır. Deməli, o, Azərbaycan dilini bu haqda kitab yazacaq dərəcədə yaxşı bilirdi. Ancaq dil inqilabında on minlərlə osmanlıca sözü dəyişdirərkən, Azərbaycan dilindən bircə söz də almaq istəməmişdir.

Həmin bu Dilaçar bir məqaləsində (Batı türkcəsi, 1953) türklərin (bizi deyir) Qafqaza gəlmə xalq olduğunu açıq-aydın yazmışdır. Məndə yaranan təsəvvür budur: Dilaçar Atatürk-ün savaşdan sonrakı yorğunluğundan, vaxtsızlığından və dil biliyinin azlığından sui-istifadə edərək, dil inqilabını Türkiyəni başqa türkdillilərdən ayırma proqramı üzrə aparmışdır.

Ancaq hər şeyi Dilaçar-ın boynuna yıxa bilmərik. Məsələ burasındadır ki, Dilaçar-dan sonra da ta bu günəcən Türkiyə Dil İdarəsi Azərbaycan dilindən bircə söz də götürməyi özünə sığışdırmamışdır!

Təkcə bizdən deyil, türk dilləri ailəsinin başqa dialektlərindən də (xakasca, qazaxca, qırğızca və s.) demək olar, heç bir hazır söz almayıblar. Ancaq indi, yaratdıqları yapma, köksüz və yanlış dillərini “ortaq türkcə” adı altında başqalarına sırıyırlar.

Dilin qayda-qanunlarına və tələblərinə spontan əməl edilərək, təbii yolla yaranmış, yüz illərlə işlənilərək cilalanmış, ələnmiş, tarixi ədəbi mətnlərdə tez-tez qarşımıza çıxan azərbaycanca sözlərdən birini də bəyənməyiblər, elə indi də bəyənmir və götürmürlər. Ancaq buna baxmayaraq, bizim nökərruhlu, biliksiz, düşüncəsiz kağıza qələm sürtənlərimiz, klaviatura düyməcikləri döyəcləyənlərimiz onların yapma, köksüz, yanlış sözlərini işlətməkdən zövq alırlar. Özü də bunu öz sözlərimizi unutdurmaq bahasına edirlər. Çörəyi kağıza qələm sürtüşdürməkdən və klaviatura döyəcləməkdən, bir sözlə, dildən çıxan bu insanların dilə buncan dəyərsiz gözlə baxmaqları adamı yandırır.

5

İndi də, gəlin, fonetik bənzərliyə söykənərək yaradılan türkiyəcə sözlərdən də bir neçəsini tanıyaq.

Ərəbcənin “şərəf” sözünü türkcələşdirmək üçün fransızcanın eynimənalı “honneur” (oxunuşu: onouğ) sözünə oxşadıb, onur sözünü uydurublar.

Ərəbcə “məktəb” sözü qarşılığında yenə fransızcanın eynimənalı “ecole” (oxunuşu: ikol) sözünə oxşadaraq, okul (oxul) sözünü düzəldiblər.

Ərəbcə “ümumi” sözünü latıncanın eynimənalı “generalis” sözünə bənzədərək, “genəl” sözünü düzəldiblər. Mən olmayım, siz olun, “gen əl” söz birləşməsindən siz nə başa düşürsünüz? Qısaca deyim, “gen əl” fəlsəfənin ən çətin anlayışlarından biri olan “ümumi” anlayışının termini ola bilməz. Bu, yanlış termindir.

Ərəbcə “xəyal” sözü əvəzində düzəltdikləri imgə sözü ingilis dilinin “image” sözünə oxşadılaraq yaradılmışdır.

Ərəbcənin “hüdud, sərhəd” sözləri əvəzinə yunan dilindən σύνορα (oxunuşu: sunora) sözünə oxşadaraq, sınır sözü düzəldiblər.

Qut sözünün mənasını də qəti olaraq qanmayıblar. Qut nə müqəddəs, qüdsi deməkdir, nə də xoşbəxtlik. Bu haqda J.-P.Roux da yazıb. Təqdis etmək əvəzinə kutsamak sözü də bütünlüklə yanlışdır. “Qüdsi” (“Qüds”dən) sözünə fonetik oxşarlıq olsun deyə, düzəltdikləri “kutsal” sözü də həm semantik, həm morfoloji baxımdan tipik türkiyəcə bir sözdür.

Dünyanın hansı dilində fonetik bənzərliyə görə yeni termin yaradılmışdır? Dünyanın hansı dilində pürizm (dildə arındırma aparmaq) bu metodlarla aparılmışdır? Onda gəlin biz də, məsələn, “korrupsiya” terminini “qarqara” sözüylə əvəzləyək, axı bənzəyirlər. Bu qədər “gerizəkalı” olmaq olar?!

02.05.2015

§§§

Türkiyəcə türkcə deyil

(II YAZI)

Türkiyəli dil məmurları əski türkcə yazılı abidələrdən sözlər götürərkən o sözlərin mənalarını ya yanlış başa düşüblər, ya da kefləri istəyən mənanı veriblər deyə, bu da onları əski türkdilli tarixdən və xalqlardan uzaq salmışdır. Onlara qoşulanlar da eyni bəlaya tuş gəlir. Gəlin, yüzlərlə belə sözlərdən bir neçəsini tanıyaq:

TARTIŞMAQ

Ərəbcə “mübahisə etmək” qarşılığında “tartışmaq” sözünü qəbul ediblər. Dədə Qorqud dastanında “Bəkil oğlı Əmranıŋ boyı”nda oxuyuruq: “Qarğu dalı sügülər ilə qırışdılar, meydanda buğa kibi süsəşdilər; köksləri dəlindi, sügüləri sındı, bir-birin alımadılar. At üzərindən ikisi qarvaşdılar, dartışdılar.” Sizin də anladığınız kimi, bu adamlar meydanda mübahisə etmirlər, bərk savaşırlar. Ərəbcənin “mübahisə” sözü “bəhs” kökündəndir, bir-biriylə danışmaq, deyişmək deməkdir. Dartışmaq isə çəkişmək kimi bir söz olub, qarşılıqlı olaraq bir-birindən, yaxasından, saqqalından, belindən yapışıb dartmaq, çəkmək deməkdir. İndi hansısa bir türkiyəli dil məmuru “dartışmaq” sözünə bilərəkdən, ya bilməyərəkdən “mübahisə etmək” mənası vermişdir deyə, bizimkilər sözü o mənada eşidib işlədirlər. Sonra da utanmadan deyirlər: “Bunun nəyi pisdir?” Bəs, azərbaycanlı kəndlinin, izahlı lüğətimizin, Dədə Qorqut dastanının sözə verdiyi məna hara getsin? İndi noldu, Dədə Qorqut-un dili yanlış oldu, türkiyəli dil məmurlarınınkı doğru?!

DURUM

Bir bölük azərbaycanlının çox bayıldığı sözlərdən biri də “durum” sözüdür. M. Kaşğari 1074-cü ildə, başqa sözlərlə desək, hələ ayrı-ayrı türk dillərinin və dialektlərinin yaranmadığı bir çağda yazıb qurtardığı, türk dilinin ən əski sözlüyü sayılan “Divani lüqatit-türk”də “durum” (“turum” formasında yazaraq) sözünün mənasını belə göstərmişdir: “Birisi ayağa duranda, ayaq üstə dayananda onun boyunun uzunluğu qədər uzunluq”. Kaşğari belə bir misal göstərmişdir: “Bir ər turumı suw” – (Bir adam boyu [dərinliyində] su). Göründüyü kimi, “durum” – bizim indiki qulac (qolaç), qarış sözlərimiz kimi, gövdəmizlə yaratdığımız bəlli bir uzunluğu bildirir, indi də bir çox türk dialektində “durum” sözü bu mənada işlənilməkdədir. Türkiyə dil idarəsinin işçiləri isə nə tarixi keçmişə, nə də yaşayan mənaya fikir vermədən “durum” sözünə hal, vəziyyət mənası vermişlər. Birisi “Mənim durumum” deyirsə, əslində “mənim boyumun uzunluğu” demiş olur. Siz Kaşğari-nin göstərdiyi məna ilə sözə calanan bu məna arasında hansısa əlaqə qura bilirsinizmi?

DOĞA

Ərəbcənin “təbiət” sözünə “doğa” deyiblər. Təbiətdə hər şey doğurmu? Bitkilər, bakteriyalar və s. doğurlarmı? Əlbəttə, yox! Bu, birinci yanlış. İkinci yanlış: sanasan, əski türklər ərəblərin “təbiət” dedikləri fenomeni heç tanımırdılar və ona heç bir ad verə bilməmişdilər. Halbuki, əski türklər təbiəti tanıyırdılar, ona ad da vermişdilər, ərəbcə “təbiət” sözünün qarşılığı əski türkcə mətnlərdə vardır, tez-tez də işlənilmişdir (o sözü burada yazmaq istəmirəm), sadəcə, türkiyəlilər o sözü anlamayıblar. Üçüncü yanlış: Əski türkdilli mətnlərdə ərəbcənin “təbiət” sözü qarşılığında işlənilən həmin sözü anlamadıqları üçün, ona da yanlış və beləliklə yenə kökdən qoparıcı məna vermişlər.

SONUC

Dədə Qorqut dastanında tez-tez oxuyuruq: “Gəlimli-gedimli dünya, Son ucu ölümlü dünya”. Bəyəm, bu, “nəticəsi ölümlü dünya” deməkdir?! Son ucu – axırı deməkdir. Dədə Qorqut dastanını bircə dəfə açıb oxumamış, amma türk(iyəli)ləşmək istəyən klaviatura döyəcləyənlərimiz Dədə Qorqut-un dilində “axır” mənasını bildirən “son uc” sözünü türkiyəcədəki kimi “nəticə” mənasında işlətməklə dil yaddaşımızı korladılar; beləcə, bizim bu sözü haçaqsa özünün düzgün mənasında – “axır” mənasında – diriltməyimizə və bununla da dilimizdən ərəbcə “axır” sözünü uzaqlaşdırmağımıza əngəl oldular, gözəl bir sözümüzün bu imkanı zədələndi. Türkiyəcə epidemiyasına qarşı indi ayılmasaq, bir az sonra çox sözlərimiz belə zədələnəcəklər.

2

Gördüyünüz kimi, “necəgəldi” qaydasıyla işləyiblər. Bunun ağır nəticələri olmuşdur.

Ən birinci zərbə özlərinə dəymişdir: Əski türk abidələrindəki türkcə sözləri onlara yanlış mənalar verərək diriltdikləri üçün, bu günkü dilləri əski türkcə abidələri oxuyub anlamaqda onlara kömək etmək əvəzinə, əksinə, azdırıcı, çaşdırıcı rol oynayır. Durum, tartışmaq, son uc və s.

O biri yandan isə bir sıra türk intellektualları özləri də bunu etiraf edirlər: “Köksüz və yanlış sözlərin yaradılması nəticəsində danışdığımız dil nə mifoloji, nə psixoloji, nə tarixi, nə etnoloji, nə fəlsəfi, qısası, heç bir sosio-humanitar araşdırmada bizə işıq ola bilmir, kültürümüzü keçmişə bağlaya bilmir.”

Üstəlik, türk dilləri ailəsi içində təkləniblər, bizdən başqa heç kimi başa düşmürlər. Ancaq bu yanlışlarını aradan qaldırmaq üçün, çox pis mövqe tutublar: “Siz bizim sözlərimizi öyrənin, Dədə Qorqut-un, M. Kaşğari-nin sözlərini işlətsəniz belə, o sözləri bizim verdiyimiz mənalarda işlədin, biz sizi başa düşməsək də olar, siz bizi başa düşün, sonra da siz bizim dilimizdə danışın. Ortaq türkcə də bizim türkiyəcəmiz olsun.”

Xəstəliyini başqalarına xəbər verib, onları özünü qorumağa çağırmaq əvəzinə xəstəliyini başqalarına bilərəkdən yoluxdurmağın adı nədir?!

3

Azərbaycan dilində istər sumercədən, istər Altay hunlarının dilindən qalan və bu gün də işlənilən sözlərin sayı türkiyəcədəkindən qat-qat çoxdur. Məsələn, sumercə “qaba-qi” – Azərbaycan dilində “qabaq”, sumercə opponent, oppozisiya deməkdir; sumercə “çibin” – Azərbaycan dilində də çibin, milçək adıdır; Altay hunlarının dilində “ənkə” mənşə deməkdir – Azərbaycan dilində də ənkə eyni mənadadır (türkiyəlilər “kökən” sözünü uydurublar); sumercə “qaravaş” – Azərbaycan dilində də eyni mənada; adlarını burada vermək istəmədiyim əski türkdilli mətnlərdə “doğma, doğmalıq”; bənzəmək mənasında “oxşamaq”; “yoluxmaq”; “tüləmək” və s. bu kimi yüzlərlə sözlərimiz Azərbaycan dilində eyni mənada indi də işlənilməkdədirlər. Bizi qədim türklüyə, tarixin lap qaranlıqlarına bağlayan yüzlərlə belə sözlərimizin heç biri türkiyəcənin ikicildlik sözlüyündə yoxdur, bilmirlər! Bizim sözlüklərimizə baxıb söz öyrənməyi də özlərinə ayıb sayırlar. İndi kabinetlərdə yaratdıqları heroqliflərini gətirib bizim sözlərdən üstün tuturlar. Biz də bambılı kimi düşmüşük onların dalına.

Gəlin, ərəbcə və farsca ilə hələ murdarlanmamışdan qabaq yazılmış əski türkcə mətnləri təhsilsiz bir azərbaycandilli gəncə də oxudaq, türkiyəcə danışan təhsilsiz bir gəncə də: azərbaycanlı daha çox söz anlayacaqdır.

Bir söz – əski olduğu qədər dəyərlidir. Bir dil – onu keçmişin dərinliklərinə bağlayan doğma sözlərinin sayı qədər köklüdür.

4

İndi də türk dil idarəsi inzibatçılarının yaratdıqları minlərlə yanlış kəlmələr haqqında da bəlli bir təsəvvür yaratmaq üçün, gəlin, onlardan bir neçəsini tanıyaq:

ÖZGÜR

Farsca “azad” sözü qarşılığında “özgür” sözü düzəldiblər. Ancaq türk dilləri və dialektləri ailəsində “-gür” deyə bir sonluq (şəkilçi) yoxdur! -gür sonluğunun havadan götürüldüyünü öz dil professorları da boyunlarına alırlar (almayıb, neyləyəsidirlər). Dilçiləri deyirlər “sərbəst ilham” (?) altında yaradılıb bu söz. Özündən sonluq uydurmaq nə deməkdir?!

Gəlin, biz də özümüzdən sonluqlar uyduraq, -bom, -fış, -dum, -su; sonra bunları yapışdıraq ayrı-ayrı isim və feil köklərinə, sözgəlişi, yap- feil kökünə -su sonluğunu birləşdirəndə, “yapsu” sözü yaranır. Yapsu sözü bir sözün türkcə olması üçün bütün tələbləri, bu sıradan damaq və dodaq ahəngi tələblərini də ödəyir; mənası da olsun “kitab” (mənim kefim belə istədiyi üçün). İndən belə ərəbcə “kitab” sözü qarşılığında “yapsu” deyirik! Olmazmı?!

UYQAR, UYQARLIQ

Ərəblərin Mədinə şəhərinin adından yaranmış “mədəniyyət” sözünü, guya “türkcə”ləşdirmək üçün, görün, nə hoqqa çıxarıblar. Deyiblər, bu uyqur türkləri bilinən bütün türk tarixində böyük mədəniyyət yaradıblar. Onda, gəlin, “uyqur” sözünün sonundakı “-qur” hissəciyini dəyişdirib, edək “-qar”, onu yenidən birləşdirək “uy”a, olsun “uyqar”. Beləcə, “mədəni” sözü qarşılığında “uyqar”, “mədəniyyət” qarşılığında da “uyqarlıq” deyək. İndi bu, nədir sizcə, türkləşməkdir, məzələnməkdir nədir bu? Bir sözlə, bu da “o söz”, yəni “sərbəst ilham”.

KİMİ

Bildiyiniz kimi, türk dillərində “kim”, “kimlik” ancaq və ancaq insanı, şəxsi bildirir. Buna görə də, məsələn, belə deyirik: “Kimisi yatmışdı, kimisi oyaq idi.” Belə bir cümlə ilə söhbətin öküzlərdən yox, insanlardan getdiyi bəllidir. Türkiyəli dil məmurları isə ərəbcənin “bəzi” işarə əvəzliyini “kimi” əvəzliyiylə əvəzləmişlər. İndi türkiyəcədə belə cümlələr qururlar: “Elbisenin kimi yerini kalın, kimi yerini ince dokudu.” – (Paltarın bir sıra yerlərini qalın, bir sıra yerlərini incə toxudu). Paltarın hansısa yeri “kim?” sorğusuna cavab verə bilərmi? Türkiyəcədə verir.

Məsələn, azərbaycan dilində “Bəzi pişiklər çox dəcəl olur, bəziləri də təmbəl” cümləsini türkiyəcədə belə deyirlər: “Kedilərin kimisi çok yaramaz, kimisi de tembeldir.” Hətta belə: “Kimi kedilər yaramaz, kimileri tembel”. “Bəzən” əvəzinə də “kimi zaman” deyirlər. Əlinizi qoyun ürəyinizin üstünə, deyin, paltar, pişik, zaman “kim” əvəzliyi ilə işarələnə bilərlərmi, əşyanın da kimliyi olarmı?! Türkiyəcədə nə desən olar.

“Bəzi” işarə əvəzliyini əvəzləmək üçün, görün, Azərbaycan dilinin neçə cür imkanı vardır: “Bir sıra”, “bir bölük”, “bir taqım!”

İLGİNC

Feil köklərinə birləşib sərgi, sevgi, çalğı kimi isimlər yaradan -gi (-ğı) sonluğunu, ilişmək, ilmək kimi feillərdən tanıdığımız “il-” feil kökünə birləşdirib “ilgi” sözünü düzəldib və sözə yenə kefləri istəyən, təsadüfi, ya da ehtiyacları olan mənanı veriblər, “əlaqə” mənasını.

Dilimizdə məchul və qayıdış növdə feillərin əsasına birləşib qaxın-c, gülün-c, sevin-c kimi adlar yaradan -c sonluğunu ada birləşib yeni ad yaradacaq -nc (-nç) sonluğu sanıblar. Halbuki, qaxınc, gülünc, sevinc kimi adlarda n-lər məchul və yaxud qayıdış növdə feilin son səsidir, sonluq özü isə -c-dir, -nc yox. Ümumiyyətlə, türk dilləri ailəsində addan ad düzəldən -nc (-nç) deyə bir sonluq yoxdur. Bunlar isə elə biliblər sonluq -nc-dir və “ilgi” sözünə -nc sonluğu yapışdırıb, “ilginc” sözü düzəldiblər. Dilimizdə sərginc, sevginc, çalğınc kimi sözlər yarana bilmədiyi kimi, ilginc sözü də yarana bilmir. Bir sözlə, “ilginc” sözü də türkcə yox, türkiyəcədir.

5

Son zamanlar “bağlılıq” sözümüzün əvəzinə “ilgi”; “qabaq” əvəzinə “ön”; “qabaqca” əvəzinə “öncə”; “qabaqlamaq” əvəzinə “önləmək”; “umsuq” əvəzinə “üzüntülü, üzgün”; “umsunmaq” əvəzinə “üzgün olmaq”; “dabanlamaq” əvəzinə ərəbcə-türkiyəcə “təqib etmək”; “sorğu” əvəzinə “soru”; “bölüşmək” əvəzinə “paylaşmaq”; “bucaq” əvəzinə farsca-türkiyəcə “köşə” və s. yazmaqla guya bununla başqalarından fərqli, savadlı, modern və türk görünmək istəyənlərin sayları çoxalıb. Ancaq belə yazmaqlarıyla öz dünyagörüşlərini, düşüncə və bilik səviyyələrini və daha nələrini ifşa etməklərindən, heyf, xəbərləri yoxdur…

Olmaya, Azərbaycan türkcəsi ikinci sort türkcədir?!

06.05.2015

§§§

Azərbaycanda kütləvi islamçılaşmadan sonra ikinci sosial dəb

(III YAZI)

Azərbaycanda türkiyəcə heyranlığı – kütləvi islamçılaşmadan sonra son onilliklərin ikinci sosial dəbidir.

1

Bu yazım son illər Azərbaycan dilinin türkiyəcənin təsiri altına düşməsi haqqında yazdığım üçüncü yazımdır. Problem budur ki, bu yazılarıma etiraz bildirənlərin çoxusu ömürlərində bircə dəfə də olsun nə filoloji, nə linqvistik kitab demirəm, heç məqalə də oxumadıqları üçün, əski türkcənin tarixindən, yazılı abidələrindən, türk dilləri ailəsi atlasından, ayrı-ayrı sözlərimizin etimologiyasından, dilin fəlsəfəsindən, bir sözün azərbaycanca (türkcə) olması üçün gərəkən zəruri filoloji şərtlərdən, türk dillərinə, bu sırada Azərbaycan dilinə xas metateze, haplologiya, rotasizm kimi qanunlardan, Azərbaycan dili haqqında M.Kazımbəy, B.Çobanzadə, Ə.Dəmirçizadə, M.Şirəliyev və b. kimi görkəmli dilçilərimizin cildlərlə əsərlərindən, Azərbaycan dilinin XIII-XIV yüzilliklərdə yazılmış lüğətlərindən (məsələn, F.Hinduşah Naxçıvani-nin “Əs-Sihah əl-əcəmiyyə” lüğətindən), Azərbaycan dilinin dördcildlik tarixindən, 27 minlik dialekt sözlərimizin lüğətindən, Güney Azərbaycan dialektinin yüz illərdir araşdırılmadan qalmış, tutumu on minlərlə ölçülən anadilli lüğət fondundan və s. və i. xəbərsiz olduqları üçün və üstəlik bu xəbərsizliklərindən də xəbərsiz olduqları üçün, durum-murum sözləriylə danışmağa başlamış bu bisavad adamlara dilin fəlsəfi mənada nə olduğunu, ana dilimizi nə üçün qorumalı olduğumuzu, türkiyəcənin necə bir “dil” olduğunu aydınlaşdırmaq mənə olduqca çətindir.

2

Əslində mən onları yaxşı başa düşürəm, yazılarında türkiyəcə bildikləri beş-altı söz işlətməklə düşüncələrinin dayazlığını və adiliyini ört-basdır etməyə çalışırlar. Özləri də duyurlar ki, cızma-qaraları qoca nənələrinin sözlərindən məzmunca çox da fərqli deyil. Buna görə də türkiyəcə sözlər onlar üçün başqalarından seçilmək, müasir və yeni görünmək arzusu və çarəsidir. Təhsilsizliyin son ucu belə də olmalıydı. Bir sözlə, Azərbaycan kulturasında ənənəvi terminbazlıq xəstəliyi, tarixi “Ərəbcə de, şeyx, ərəbcə!” (M.Cəlil) fenomenidir indi təkrarlanan. Ancaq türkiyəcə heyranlığının səbəbi təkcə bu da deyil; özündəniyrənmə, özgəyə yalmanma, vüqarsızlıq, sınmışlıq, nökərçilik, qul şüuru, qoltuqaltılıq da başlıca rol oynayır.

İcazə verin, uşaqlığımdan bir xatirəmi burada sizinlə bölüşüm. Anam həyətimizdə toyuq-cücə saxlayardı. Toyuqların içində bir dənəsinin xoruza münasibəti o biri toyuqlardan başqa cürə idi: Xoruz birdən başını qaldırıb acıqlı səslə qiyyə çəkən kimi, bu toyuq 15-20 metr məsafədən öz eşələnməsini dayandırıb, yerə yataraq, “hazır” vəziyyət alardı… O biri toyuqlar xoruz onların üstünə hətta cümsa belə, bir az o yan-bu yana qaçar, asanlıqla əl verməzdilər… Ancaq bu toyuq xoruzun uzaqdan adi bir çığırtısı qarşısında artıq dombalmış olardı. Evimizdə böyüklərin bu toyuğa ayama da verdiklərini bilirdim, eşitmişdim, burda yazmaq olmaz. Bir çox azərbaycanlının türkiyəcə qarşısında davranışı mənə həmin o toyuğumuzu xatırladır indi.

Məsələn, bir qəzetin “boş reaktor”u sosial şəbəkədə klaviaturasını təxminən belə döyəcləyibmiş: “Biz “qərb” əvəzinə “batı” deyirik, “şərq” əvəzinə də “doğu”, belə də deyəcəyik, əcəb eliyirik, “nervilənməyin”!”

Ədəbiyyat tariximizdə və ədəbi dilimizdə özümüzün “batarı” (Ə.Məmmədxanlı, “Babək” romanı), “günbatan” sözlərimiz varkən, nə üçün “batı” deyirsiniz? “Doğarı” (yenə orada), “gündoğan”, “günçıxan” sözlərimiz varkən, niyə “doğu” deyirsiniz? Dilimizdə sumerlilərin dili ilə ortaq olan -arı, -əri sonluqları yön bildirirlər (dışarı, içəri və s.); bizim batarı və doğarı sözlərimiz böyük filoloji ustalıqla qurulmuşdur. Bəs, siz niyə batı-matı deyirsiniz? Mən deyim niyə.

Öz dilinizi ancaq nitq səviyyəsində bildiyiniz üçün! Öz ədəbiyyatınızı oxumadığınız üçün! Həmişə güclünü, kütləviliyi, dəbi doğru yol saydığınız üçün! Qul şüurunda süründüyünüz üçün! Özünüzü ancaq qıllı qoltuq altında rahat hiss etdiyiniz üçün! İntellektual əməyi sevmədiyiniz, kəsə yoldan soxulub, başqalarının əməyinə ortaq olmaq istədiyiniz üçün! Düşünmək tək qalmaq və orijinal olmaqdır; düşünə, tək qala, orijinal ola bilmədiyiniz üçün! Əzbərçi olduğunuz üçün!

“Biz türkçüyük” deyib, öz savadsızlığınıza və nökərçiliyinizə türkçülük donu geyindirməyin. Mən bundan qabaqkı məqalələrimdə də çoxlu sözlərimizi misallar göstərərək sübut etdim ki, siz özümüzün yüzillərlə yaşı olan türkcə sözlərimizi tüpürüb, “kabinetdəqayrılma” türkiyəcə sözləri ağzınıza təpişdirirsiniz. Görməmişliyinizin adını heyranqulu qoymayın, sizinki nə türkçülükdür, nə də dili türkcələşdirmək.

3

Başqa bir nəfər isə sosial şəbəkədə klaviatura düyməçələrini belə tıqqıldadıb: Biz balaca ölkə olaraq nə böyük dil yarada bilərik, nə də farsca, rusca, ingiliscə qarşısında özümüzü qoruya bilərik. Türkiyə türkcəsini dinməzcə, quzu balası kimi qəbul etməliyik, bu, bizim xilas yolumuzdur.” (yazıqlaşmaya diqqət! – A.Q.)

Özünü yazıçı sanasan, yaşın 50-ni ötsün, öz dilinin imkanlarını bilmədən, yoxlamadan, heç bir araşdırma aparmadan, utanmazcasına, belə məsuliyyətsiz, belə rüsvayçı sözlər bəyan edəsən. Dilimizi Orta Əsrlərdə farsca və ərəbcə ilə kirləndirənlər də eynilə bu cür düşünür, eyni arqumentə söykənirdilər: “…quzu balası kimi qəbul etməliyik, bu, xilas yolumuzdur.” Həmin babaların sınmış mənəvi nəvələri bu dəfə dili guya ərəbcə və farscadan arındırmaq və qorumaq örtüsü altında eyni düşüncə səpkisini davam etdirirlər. Bir dilin yiyəsi – o dilin şairləri, yazıçıları, dramaturqlarıdır, elm adamları, dilçiləri, filosoflarıdır, ən birinci də o xalqın özüdür, kəndlisidir. Bizdə isə dilə yiyə çıxmalı olan adamların çoxunun buna nə bilikləri çatır, nə də təpərləri.

Azərbaycan dili türkiyəcə qarşısında artıq “kəndçi dili” statusuna düşmək üzrədir, ancaq dillənən yoxdur, biabırçılıqdır.

4

Azərbaycanlıların aldanışlarından biri “türk dizi”lərindən eşitdikləri sözləri “Anadolu türkcəsi” saymaqlarıdır. Başa düşün, Anadolu kəndlisinin danışdığı dil – XI yüz illikdən etibarən oğuzca ilə qıpçaqcanın qovuşmasından formalaşmağa başlayan Anadolu türkcəsi – bizim də ana dilimiz sayılır, başqa sözlərlə desək, Anadolu türkcəsi bizim doğma dilimizdir.

Mən isə sizə 1930-cu illərdə, Türkiyə dil idarəsi kabinetlərində, bir neçə dilettant işçi tərəfindən, tələm-tələsik yaradılmış onminlərlə köksüz, yanlış, laboratorial-eksperimental işarələr toplusundan – türkiyəcədən danışıram. (Məsələn, “uçak” sözü 1935-ci ildə düzəldilərək əslində “aeroport” üçün təklif edilib, amma camaat bu sözü “təyyarə” mənasında başa düşüb, nəticədə dil idarəsi 1944-cü ildə uçak sözünü təyyarə mənası üçün rəsmiləşdirməyə məcbur qalıb, beləcə, uçak olub təyyarə. Bir sözlə, tam təsadüf; öz aramızdır, uçak türk xalqı tərəfindən, təsadüfən, tualet mənasında da başa düşülə bilərdi, onda azərbaycanlılar indi tualetə uçaq deyəcəkdilər). Elə buna görə də Türkiyə dilçiləri Anadolu türkcəsinə “Anadolu ağzı”, sizin türk teleseriallarına baxa-baxa öyrəndiyiniz qurama dilə isə “Yeni türkcə” adı verirlər. Bax, bu “yeni türkcə”yə mən türkiyəcə deyirəm.

Türkiyəcə nəinki Anadolu türkcəsi deyildir, mənə qalsa, heç dil deyildir, sadəcə dövlətin inzibati gücüylə xalqa yeridilmiş səsli işarələr toplusudur.

Gəlin, belə bir xəyal quraq: Sabahdan Azərbaycan dövlət başçısı fərman imzalayır, siyasi rəhbərliyin bütün inzibati resursları işə düşür, dili türkcələşdirmək adı ilə, ayrı-ayrı söz və terminləri dəyişdirməyə başlayırlar, məsələn, siyasətə “samansu”, həqiqətə “düzgedər”, səhiyyəyə “sağlamlama” deməyə qərar verirlər; “qapalılamaq”, “qayğılamaq”, “düzgünc”, “genqol”, “özqıç”, “dışarmaq” kimi sözlər quraşdırılır, habelə, fış, ju, bom, züy deyə çoxlu sonluqlar da uydurulur, isim kökü, feil kökü fərqi qoyulmadan, kök və sonluqların etimoloji mənası nəzərə alınmadan, ixtiyari və təsadüfi formada minbir söz yaradılır, hərəsi üçün də əvəzləməyə ərəbcə, farsca qarşılıqlar tapılır, bu yeni lüğət fondu rəsmi dövlət dili elan edilir, yeni sözlər lüğəti xalqa havayı paylanır, dərsliklər bu sözlərlə yazılır, rəsmi xəbərlər bu sözlərlə oxunur, dövlətin vətəndaşla yazışmaları bu sözlərlə aparılır, əməl etməyənlərə cəzalar nəzərdə tutulur, tərcümələri bu sözlərlə edənlərə dövlət mükafatları verilir və s. Heyran olduğunuz türkiyəcə belə yaranmışdır.

Doğulan yeni nəsillərin bir dili türkcə saymaqlarıyla o dil dönüb türkcə olmaz. Hər bir dilin konvensional-texniki yol-nəqliyyat nişanları kimi işarələr toplusundan prinsipial fərqi vardır. Ayrı-ayrı nəsnələrin adını öz itinə ixtiyari ad seçərcəsinə təsadüfi quraşdırmaq, sonra da xalqı bu qurama dildə danışdırmaq olar; o dil asan və rahat ola bilər, ancaq heç vaxt doğruçu mənada dil ola bilməz.

Türkiyəlilər bizimlə eyni soydan ola, Azərbaycan dövlətinin siyasi mövqeyini orda-burda səsləndirə bilərlər, az-çox siyasi-hərbi müttəfiqlik də edə bilərik, Türkiyədə mənim kimi illərlə təhsil almış, dissertasiya yazmış, bu dili hətta terminoloji səviyyədə öyrənmiş də ola bilərik, türkiyəli çoxlu dostlarımız, ortaqlarımız da ola bilər, bildiyimiz yeganə xarici dil türkiyəcə ola bilər, hətta türkiyəcəni çox sevə də bilərik və s. Ancaq bütün bunlar Azərbaycan türkcəsini türkiyəcənin ayaqları altına atmaq demək olmamalıdır.

5

Oxumağım üçün mənə kitab adları sadalamağından, bilik səviyyəsindən və yazı səpkisindən yeniyetmə yaşlarında olduğunu duyduğum bir nəfər güneyli dostumuz mənə cavab vermək üçün bir məqalə yazmışdır. Gəlin, onun dediklərindən indilik ancaq birinə baxaq:

“Doğa sözü hər şeydən əvvəl, Türk Dili Kurumu adlanan təşkilatın uydurduğu söz deyil” deyir. Bu cümlədən sonra müəllifdən gözlənilən “doğa” sözünün işlənildiyi həmin əski qaynaq(lar)ın adını çəkməsi idi. Ancaq o, bu sözü hansı əski türkdilli qaynaqda gördüyünü yazmır, yaza da bilməz, çünki “doğa” sözü əski türk dilinin heç bir yazılı qaynağında yoxdur! Sadəcə olaraq, o, məlumatsız oxucunu söz dumanı yaratmaq taktikası ilə aldatmağa çalışır. Türkiyəcənin apologetlərindən dilçi professor T.Gülensoy yazıb: “doğa” sözü Türkiyə dil idarəsi tərəfindən 1935-ci ildə “məzac” (xarakter) mənasında, 1942-ci ildə də “təbiət” mənasında təklif edilmişdir (Bax.: Türkiye Türkçesindeki Türkçe Sözcüklerin Köken Bilgisi, səh. 292. Ankara, 2007).

Doğ- (əski qaynaqlarda toğ-, tuğ- kimi formalarda) feil kökü dilimizdə əlbəttə vardır; feil kökündən adlar düzəldən -a, -ə sonluqları dilimizdə əlbəttə vardır, yara, ötə kimi sözlər bu sonluqlarla yaranıblar. Mən bunları bilmirəmmi?!

Mən doğa sözünün semantik baxımdan yanlışlığını iddia etmişəm; doğa sözü nəsnəsinə (təbiətə) adekvat deyildir, təbiətdə hər şey doğmaz demişəm; üstəlik, doğa sözünü yaradanlar təbiət sözü qarşılığında əski türkdilli qaynaqlarda tez-tez qarşımıza çıxan sözə bambaşqa məna verməklə ortalığa batırıblar, demişəm. Ümumiyyətlə, “təbiət” qarşılığında yeni bir sözün yaradılması yanlış olmuşdur, demişəm. Çünki necə ola bilərdi ki, az qala bütünlüklə “təbiətsiz” şəraitdə yaşayan ərəb xalqı təbiət sözünü yarada bildi, ancaq yüz illərlə Avrasiyanın ən dolğun təbiətində yaşamış əski türklər təbiətə ad qoya bilmədilər?!

Yeri gəlmişkən, doğa sözü yanlış olduğu üçün, doğal sözü də yanlışdır.

23.05.2015

§§§

Əli Əkbərin dilçəyi

(IV YAZI)

Dilimizi ərəbcə və farscadan əsla türkiyəcə ilə təmizləmək olmaz! Əks halda bu, eşşək təzəyini qatır təzəyi ilə silməyə bənzəyəcək.

1

BİRİNCİ TEZİSİM: Dil təkcə ünsiyyət vasitəsi deyildir, həm də ünsiyyət vasitəsidir.

Hacettepe Universitetində əski yunan dili müəllimim, professor S.Babür bir dəfə dərsdə dedi ki, əski yunan dilində “γέφῡρα” (qefura, qephura) ilə türk dilində “köprü” (körpü – A.Q.) bir və eyni sözdür və dilçilər bu sözün əski türkcədən yunancaya, yoxsa yunancadan əski türkcəyə keçməsi üstündə razılığa gələ bilmirlər. Belə problemlər təkcə dilçiliyin problemi deyildir, burada söhbət hansı sivilizasiyanın hansına körpü qurmağı öyrətmiş olmasından gedir.

Sonralar özüm öyrəndim ki, elmdə hətta bu sözün ermənicə kamurǰ sözündən yarana biləcəyi də iddia edilmişdir. Əski türklər kəsilmiş heyvan içalatlarını havayla köpürdüb, bir-birinə bağlayaraq, su üstünə yan-yana yığır, beləcə körpü (köprü) düzəldərdilər. Bu fakt körpü sözünün də, körpünün özünün də əski türklərdən yunanlara keçmiş olduğunu isbat edir. Buna bənzər bir mübahisə yazmaq demək olan bit- (bitik, piti) kökü üstündə də gedir; bir sıra dilçilər bu sözün çincədən əski türkcəyə keçdiyini, başqaları isə əski türkcədən çincəyə keçdiyini söyləyirlər. Bu, “yazmağı kim kimə öyrədib” davasıdır.

Bu misalları ona görə verirəm ki, elmi-nəzəri araşdırmalardan, psixoanalizdən, kriminalistikadan yaxşı xəbərdar olan bir yazıçı kimi Əli Əkbər də bilir ki, bəzən bircə söz hansısa faktın yeganə dəlili, kəşfetdiricisi olur (heuristika). Məsələn, ərəbcə sayılan “din” sözü Avesta dilində “daena” kimi səslənmişdir və təkcə elə bu fakt islam dininin formalaşmasında Avesta kulturasının rolunu ifşa etmiş olur.

Ancaq bir yazıçı, özü də artıq Avropada da oxunan bir yazıçı, məncə, belə yaza bilməməlidir: “Ağalar, əzizim, tutaq ki, yazdıqların yüzdə yüz doğrudur. Sonra? Yəni nə dəyişir? […] Türkiyəcədən azərbaycancaya keçən yüz, iki yüz, üç yüz sözün hamısından imtina edincə cəmiyyətimizin elmi, mədəni, siyasi, iqtisadi həyatında nələr dəyişəcək, hansı irəliləyişlər gözlənilir, nə qazanacağıq?”

Onda eyni məntiqlə: Ölkəmizdə hamı teatr tamaşalarına getsə, iqtisadi həyatımızda nəsə dəyişər? Xalqımız fəlsəfə kitabları oxusa demokratiya qura bilərik? Hamı daraşıb dünya ədəbiyyatı oxusa, elə Əli Əkbərin özünün romanlarını oxusaq nəsə qazanarıq? Məsələni belə, birbaşa merkantil, lukrativ gözlə ölçə bilmərik, mənim əziz dostum. İnsanlar düzgün və aydın bir dillə düşünə bilsələr, əlbəttə, irəliləyiş olacaqdır, özü də bütün sahələrdə.

Mən Əlinin mövqeyindən belə sezdim: onun üçün hansı dildə yazmağın ümumiyyətlə fərqi yoxdur. Ancaq o, bilməlidir ki, bu görüş Azərbaycan torpaqlarında yüz illərdir hakim olan, dilimizin bu kökə düşməsinə səbəb olan, dilə pozitivistcəsinə yanaşan (“dil ancaq ünsiyyət vasitəsidir”), təslimçi, ənənəvi və aktuallığını itirmiş bir görüşdür. Görünür, Əli imperialistlərin nə üçün dil assimilyasiyası və linquisid aparmaqlarını da, xalqların nə üçün dilləri uğrunda hətta qanlı mübarizəyə qalxmaqlarını da mənasız sayır.

Dildə bircə söz, ya da o sözün bircə mənası dəyişdirilirsə, bu, neçə-neçə şeirdə neçə-neçə misranın korlanması demək olur. Əli söz ustası olduğu üçün əslində bunu məndən də yaxşı duya bilər.

2

İKİNCİ TEZİSİM: Ədəbi dilimizdən xüsusilə ərəbdilli terminologiya və farsdilli sintaktik qaydalar çıxarılmalıdır.

Nə üçün, deyim.

1) Azərbaycanda fəlsəfə müəllimi kimi işlədiyim on ildə fəlsəfi düşünməyi öyrənmək üçün azərbaycandilli gənclərin qarşısında ən böyük əngəlin ərəbcə sözlər olduğunu görmüşəm. (Azərbaycan dilində elmi-fəlsəfi terminlər farsca yox, ərəbcədirlər). Məsələn, “Mahiyyət təzahür edir” cümləsi “Qüertyuiop poiuytreüq edir”dən heç bir fərqi yoxdur. Normal zəkalı adam “Mahiyyət təzahür edir” (“Qüertyuiop poiuytreüq edir”) cümləsini başa düşməməlidir. Elə bizim tələbələrimiz də başa düşmürdülər.

Fəlsəfəsizliyimizin birinci səbəbi dilsizliyimizdir. Bu haqda qabaqlar da yazmışam. Buna görə də, təhsilimizin də, elmimizin də qarşısında dayanan problemlərdən birincisi ərəbdilli terminologiyadan dilimizi sistemli formada arındırmaqdır. Ancaq mütləq sistemli formada, kimin ağlına harda, nə, necə gəldi xaosuyla yox.

2) Mən özüm üçün bu qənaətə gəlmişəm: biz öz düşüncəmizi və elmi təfəkkürümüzü ərəbdilli terminologiyadan arındırmasaq, belimizə sarılmış bu qorxunc anakondadan – islam dünyagörüşündən qurtula bilməyəcəyik. İslam mentalitetini kulturamızda qoruyub saxlayan – ərəbdilli terminologiyadır! Atatürk də elə buna görə osmanlıcanı dəyişdirmək yoluna getmişdir.

3) Azərbaycanda xalq yüz illərdir mahiyyət, təzahür kimi sözləri başa düşmədiyi üçün cahil qalmışdırsa, indi də toplumsal, önəm, özəl, sürəc kimi sözləri eşidib cahil qalır. Anadolunun kəndlərində hələ də türkiyəcəni başa düşməyən insanlar var.

Maarifçilik Avropada da, bizdə də tarixən xalqın anladığı dildə aparılmışdır. Əli də mənim kimi Azərbaycan maarifçilik məktəbinin yolçusu olsa da, ancaq o, nədənsə, bu məktəbin dil kursunu unudur. Ona xatırlatmaq istərdim ki, M.Cəlilə sən niyə ““çox yaxşı” deyirsən, “pek iyi” demirsən?” deyəndə, ustadın cavabı təxminən belə olmuşdu: “Mən “pek iyi” deyərəm deməyinə, ancaq siz mənə əvvəlcə bir yer göstərin, “çox yaxşı”nı aparım atım ora.”

“Pek iyi” söz birləşməsinin başdan ayağa türk dilində olmasına (“bərk yaxşı” deməkdir) baxmayaraq, ustad onu dilimizə qəbul etməmişdi, indikilər isə hətta kabinetdəqayrılma türkiyəcəni dilimizə təpişdirirlər. Aradakı uçurumlu fərq Əliyə nələr düşündürür, mənə də, bax, bu maraqlıdır.

4) Ərəb və fars sözlərindən, sintaktik qaydalarından və şəkilçilərindən dilimizi arındırmaqla, onların yerinə əski dilimizin sözlərini, qaydalarını və sonluqlarını dilimizə qaytarmaqla dilimizi öz kökü üstünə qoymuş olacaq (“dili öz kökü üstünə qoymaq” – M.Heidegger), düşüncəmizə qolaylıq, açıqlıq gətirəcək, ən birinci də öz doğma məntiqimizə qayıdacağıq. Hər bir dil bir məntiqdir. Əski yunanca λόγος (loqos) anlayışının çoxlu mənalarından biri dil, o biri məntiq idi. Beytül-Hikmə tərcüməçiləri bu qoşalığı yunancadan ərəbcəyə eynilə köçürmüşlər: nitq-məntiq.

Yenə bir misal. Əski Azərbaycan dilində şəhadət barmağı “soxbarmaq” adlanırdı (baş barmağın doğru adı isə “basbarmaq”dır). Evdə şəhadət barmağını hara gəldi soxan üç-dörd yaşlı uşağa o barmağının adının “soxbarmaq” olduğunu desən, o, bu adı dərhal öyrənə biləcəkdir, ancaq öldürsən də o yaşda uşaq “şəhadət” sözünü deməyi öyrənə bilməz. Fərqi görürsünüzmü?

Kəmsavad türkiyəli dilbazlar şəhadət barmağına “göstərmə barmağı” deməyə qərar veriblər. Yenə kök, tarix, əsl ad qalıb qıraqda.

Alman kulturasında fəlsəfi düşünmənin belə qabağa getməsinin səbəblərindən, məncə başlıcası, almanların bütün yunan və latındilli fəlsəfi terminləri (fransızcadan, ingiliscədən, italyancadan və s. fərqli olaraq) öz dillərində səsləndirmiş, bütün fəlsəfi terminologiyanı almancalaşdırmış olmaqlarıdır. Alman millətçiliyi – alman dilçiliyidir.

Yazıçımız Əli Əkbər “azərbaycanlılar danışa bilmir” deyir, çox düz deyir, mən də “azərbaycanlılar düşünə bilmir, çünki düşünməyə dilləri yoxdur” deyirəm.

3

ÜÇÜNCÜ TEZİSİM: Dilimizi ərəbcə və farscadan əsla türkiyəcə ilə təmizləmək olmaz! Bu, eşşək təzəyini qatır təzəyi ilə silməyə bənzəyəcək.

Qərb türkcəsinin dialektial qolları (Azərbaycan, Türkmən, Krım, Kumuk, Anadolu və s. türkcələri) içərisində ən güclü qol Azərbaycan dilidir və bu, göydəndüşmə olmamışdır. Bu, Azərbaycan dialektində yazmış İ.Nəsimi, Ş.İ.Xətai, Q.Bürhanəddin, M.Füzuli kimi şairlərin, Dədə Qorqut, Əhməd Harami kimi dastanların və s. gücüylə olmuşdur. Bəyəm, Anadolu ləhcəsində yazmış bircə Y.Əmrəni, türkmən ləhcəsində yazmış bircə Mahdum Qulunu, çağatay ləhcəsində yazmış bircə Əli Şir Nəvaini təkbaşına Azərbaycan ləhcəsində yazılmış buncan abidələrlə tutuşdurmaq olar?! Kim bizi özüylə tutuşdura bilər?!

Buna görə də türk dilləri ailəsində Azərbaycan dialektinin türkiyəcənin təsiri altına düşməsi tarixi ədalətsizlikdir və bu, türkiyəcənin özünə də ziyan olacaqdır.

Dilimiz bəslənməlidir: birinci, öz keçmişindən, arxaizmlərindən; ikinci, öz dialekt və şivələrimizdən; üçüncü, 200 ildir qapağı da qaldırılmayan xəzinədən – Güney Azərbaycan türkcəsindən; dördüncü, başda bizim dialektə yaxın Türkmən, Krım, Kumuk, Anadolu türkcələri olmaqla, başqa türkdilli xalqların dilindən; altıncı, dilimizin tarixini, etimologiyasını, dilin fəlsəfəsini və s. bilən yaradıcı insanlarımızın neologizmlərindən.

Azərbaycan dilinin qapısı başqa türk dialektlərinə, o cümlədən Anadolu türkcəsinə də taybatay açıq olmalıdır. Ancaq əldəqayırma, yanlış və köksüz türkiyəcəyə isə nəinki qapılarımızı, pəncərələrimizi də bağlamalıyıq!

Nə üçün? İndiyəcən çox səbəblər sadalamışam, birini də Əli üçün deyim. Deməli, bütün əski türkdilli mətnlərdə yanut (yanıt) sözü haqqı və layiq olanı almaq, ya da vermək, başqa sözlə desək, reaksiya, əksül-əməl mənasında cavab deməkdir. Əski dilimizdə yan (yon) haq anlayışını bildirirdi. Məşhur məsəlin orijinalında deyilən kimi, yaxşılığa yaxşılıqla yanut vermək hər kişinin işidir, yamanlığa yaxşılıqla yanut vermək ər kişinin işidir.

İndi görək türkiyəlilər yanut (yanıt) sözünə nə gül vurublar; onlar bu sözü bir suala verilən cavab mənasında dirildiblər. Halbuki, yanut – əsla bir cualın cavabı mənasında cavab demək deyildir! Üstəlik, əksül-əməl və reaksiya anlayışı üçün də yeni bir söz – təpki sözünü düzəldiblər. Özləri bilərlər, olan isə bizə olur: indi sabah biz də qalxıb unudulmuş yanut sözümüzü dilimizə qaytarmaq istəsək (ancaq öz həqiqi mənasında – reaksiya və əksül-əməl qarşılığında), Azərbaycanda türkiyəcə danışan toyuqlar bir ağızdan qaqqıldayacaqlar ki, bəs, reaksiya təpki deməkdir, yanut da bir suala verilən cavab.

Bizə necə ziyan olduğunu, haçaqsa, yaxşı zamanların birində dilimizin öz kökünə qayıdış, ərəbcə və farscadan təmizlənmə və təzələnmə imkanlarını türkiyəcənin necə baltaladığını görürsənmi, Əli? Gəl, əl-ələ verək, dilimizi dilçəyimizlə qoruyaq türkiyəcədən.

Yazılarında türkiyəcədən bircə söz də götürməyən, bu təsirə təslim olmayan, çox doğru olaraq odu kül içində qoruyub saxlayan Seymur Baycanın ənənəvi və bütün bunlara görə də görkəmli dili mənim də diqqətimi həmişə cəlb edir. Ancaq Əli özü də yaxşı bilir ki, hər dəfə ad(lar) çəkib, “filankəs(lər) xaric” demək, mətnə “çoxları”, “bəziləri” kimi sözlər artırıb yazının kəskinliyini azaltmaq olmur.

İndi Azərbaycan dilinə təhlükə nə ingilis dilindən, nə rus dilindən gəlir, tək təhlükə türkiyəcədir. Çünki sözlərin bənzərliyi insanlarımızı aldadır.

70 illik rusdilli dövrdə dilimizə keçən sözlərin çoxusu Avropa mənşəli sözlərdirlər, maşın, dissertasiya, bloknot və s. İndi gəlin görək son 25 ildə dilimizə neçə türkiyəcə söz keçib artıq. Xəbəriniz varmı ki, Azərbaycan dilçiliyinin üz qarası olan akademik Ağamusa Axundovun başçılığı altında təkrar nəşri hazırlanmış Azərbaycan dilinin dördcildlik izahlı lüğətinə türkiyəcədən gündəm, ödül, ödünc, önəm, yasa, ana yasa kimi uydurma, yanlış və köksüz sözləri soxuşdurublar. Bu sözlərin hesabına adını da qoyublar “lüğətin genişləndirilmiş nəşri”.

Hüquqdan bir az başı çıxan adam da bilir ki, “qanun” anlayışı “yasaq” (qadağan) anlayışı ilə eyniləşdirilə bilməz. Çünki, məsələn, nizamlayıcı qanunlar da vardır. Hər qanun yasaqlamaz, qadağan etməz. Deməli, qanuna yasa (qadağan) demək, konstitusiyaya da ana yasa (əsas qadağan) demək olmaz! Monqol Çingizin vaxtında qanun elə yasaq (qadağan) kimi başa düşüldüyü üçün qanuna yasa (casaq) deyilmişdir; türkiyəlilər türkcə bilmirlər, bu dili sonradan öyrəniblər, bəs bizə nə düşüb?!

Qoy, bu zəhləmgetmiş “qanun” sözü indilik qalsın yerində, özümüz onu öz gücümüzlə ana dilimizdə deyəcəyik bir gün.

4

Əzizim Əli, işdir, sən infektioloq-həkim olsaydın, bir gün yaşadığın şəhərdə, lap A.Camus-nün “Taun” romanında Dr. Rieux kimi, ölümcül bir infeksiyanın ilk simptomlarını görsəydin, xəbərsiz insanları çağırıb “gəlin, bunu birlikdə araşdıraq, görək, nədir bu belə” deyərdin, yoxsa müzakirəsiz, qəti bir formada öz bildiyini etməyə başlardın? Mən də bəzən sənin yazılarında çox kəskin, radikal tonlar görmüşəm, hətta öz hökmünü bildirmək üçün bir sözü he-ca-la-ra bölərək yazdığını da oxumuş, psixoloji əminliyin həqiqət yaratmadığını bilsəm də, bunu təbii saymışam.

Mənim də tapdığım infeksiyadır, qardaş, özü də çolaq eliyən infeksiya, qışqırmayım neyləyim?! Sən də mənə inanmasan, ta mənə kim inanar?!

03.06.2015

§§§

Türkiyəcəni dəstəkləmirəm (qulplamıram)

(V YAZI)

Dəstək farsca qulp, dəstəkləmək qulplamaq deməkdir.

Məqalələrimə qarşı çıxmaq üçün onları az qala lupa ilə oxuyanlar, nədənsə yeni böyük qardaşın dilinə – türkiyəcənin bütün yanlışlarına “Dildə belə hallar ola bilər” deyibən, yaman tolerant yanaşırlar. Tarixən bu, həmişə belə olmuşdur: Qul öz ağasına yox, bu ağaya üsyan bayrağı qaldırana nifrət etmişdir.

Məqaləsinin adını düzgün yaza bilməyən, ancaq buna baxmayaraq dilçilik məsələlərinə girişib, özlüyündə mənə etiraz etmək istəyərək, türkiyəcəyə bəh-bəh deyən Ramazan Siracoğlu adlı belə müəlliflərdən birinə ilk sözüm budur ki, məqaləsinin adında “gerçək” kimi yazdığı sözün kökü “ger-” deyildir, gərmək feilinin də kökü olan “gər-”dir; buna görə də bu sözün “gerçək” kimi yazılışı yanlışdır, “gərçək” yazmalı idi.

DOĞA

Sən demə, bu müəllif hansısa bir internet saytında görüb ki, doğa sözü təbiət deməkdir. O, gec də olsa gərək öyrənsin ki, elmi polemikalarda belə formada anonim, müəllifsiz, qeyri-elmi kontentlərə istinad verilə bilməz. Elmiliyin ilkin şərtlərindən və kriterilərindən biri ciddi qaynaqlardan istifadə edilməsidir. Bu bir.

İkincisi, doğa uyqur dialektində əxlaq, qayda, prins; cığatay (özbək) dialektində qanun, gözətçi, sədr deməkdir. Qaynaq belə olur, açın, baxın: Professor H.Vámbéry: “Etymologisches Wörterbuch der Turko-Tatarischen Sprachen.” Leipzig, 1878. səh. 182. Söz varsa, deməli, ona toponimlərdə də, şəxs adlarında da tuş gəlmək olar. Ancaq doğa sözünə türkiyəcədə sonradan verilmiş mənaları “Türkiyə türkcəsində doğa sözünün mənaları” deyə sırımağa çalışmaq bazarda öz alıcılarını aldadanları xatırlatdı mənə.

İnsanın anadangəlmə, yəni doğuluşuyla birlikdə gətirdiyi genetik xüsusiyyətlərinə (xarakterinə, fitrətinə, xilqətinə, məzacına və s.) doğ- kökündən düzələn “doğa” adı qoymaq olar prinsipcə. Ancaq biz insanın xarakterinə qılıq və xoy demişik, doğa yox. Yeni, üçüncü bir sözə ehtiyac yoxdur. Bu bir. İkincisi, insanın təbiətə, təbii mexanizmaya bənzədilməsi XVII yüz illikdən başlanır, konkret desək, R.Descartes-dan (Maşın insan teoriyası). Yəni qədimdə insan mahiyyətinə təbiət kimi baxılmamışdır. “İnsan təbiəti” maarifçi fəlsəfənin anlayışıdır. Əski yunanca təbiət anlayışını bildirən, fuomai feilindən yaranmış fusis sözündə də insanın doğuluşuyla birlikdə gətirdiyi xarakterinə aid hansısa məna yoxdur (Bax.: Hjalmar Frisk. Griechisches Wörterbuch. In 3 Baenden. Heidelberg, 1954-1972., səh. 1052). Latın dilində “natur”a gəldikdə isə, o, fusisin yanlış tərcüməsidir (M.Heidegger).

Buna görə də, insanın anadangəlmə xarakterini təbiətə bənzədib ona, “doğa” sözünün uyqur və özbəkcədəki mənalarını nəzərə almadan bu adı yapışdırmaq, qısaca, insandakı təbiətə doğa adı vermək prinsipcə mümkün olsa da, ancaq buradan geriyə hoppanıb, bu dəfə əsl təbiətə (heyvanlar, mikroorqanizmalar, bitkilər və s.) doğa adı qoymaq fəlsəfi yanlışlıqdır. Özü də “təbiət” sözünün dilimizin tarixində olduqca dəqiq bir qarşılığı ola-ola.

Mən təkcə elə bu doğ- feil kökündən dilimizdə olmayan bir yığın söz düzəldə bilərəm sizin üçün: doğunc, doğuntu, doğucu, doğqu, doğqun, doğmaz (“qanmaz” kimi bir sifət), doğun (“sağın” kimi bir isim), doğağan (“çalağan” kimi bir isim), doğurqa (“qovurğa” kimi bir isim), doğmalı (“yeməli” kimi bir sifət), doğalaq (“yatalaq” kimi bir isim), doğqac (“süzgəc” kimi bir isim), doğquc (“dalğıc” kimi bir isim), doğaq (“yataq” kimi bir isim), doğuq (“donuq” kimi bir sifət, “qatıq” kimi bir isim), doğqa (döngə kimi bir isim), doğulqan (“çəkingən” kimi bir sifət), doğud (“umud” kimi bir isim), doğunca (“düşüncə” kimi bir isim), doğmuş (“keçmiş” kimi bir isim)… Görürsünüzmü, birnəfəsə bir feil kökündən 20 söz yaratdım.

Mənalarını da ürəyiniz nə istəyir verək (sifariş qəbul edilir). Məsələn, “təvəllüd”ə deyək doğun; “mövlud”a deyək doğurqa; “validə”yə deyək doğuq; “abort”a deyək doğuntu, “hamilə”yə deyək doğalaq, “zahı”ya deyək doğqun… Belə yolla mən bir gecəyə iki xalqın dilini düzəldərəm. Yarımca günə isə dilimizi arı-duru hala gətirərəm. Bu, dilimizin gücündəndir. Amma dili arındırma (pürizm) budurmu?! Qanınızı lap da qaraldacaq bir sual da: Sizin dil təsəvvürünüz budurmu?!

Sözköklərini və sonluqları zər atma metoduyla bir-birinə yapışdırıb, sonra kefin istəyən mənaları onlara bir-bir tutuzdurursan, olur türkiyəcə! Budur sizin inkişaf etmiş saydığınız və Azərbaycan dili üzərinə köçürmək istədiyiniz dil?!

DURUM

Mən dilimizdə dur- feil kökünün və -um sonluğunun varlığını bilmirəmmi?! “Durum” sözünün dünyanın az qala bütün dillərində tərcümələrini sadalamaq mənə etiraz etməkdirmi? (“Ağaların yerlə-yeksan edilməsi” adı verəcəyiniz yeni məqalənizdə durum sözünün yoruba, teluqa, zulu dillərində də tərcümələrini google-dan tapıb yazmağı unutmayın). İnciməyin, siz elmi mübahisə apara bilmirsiniz.

Demişəm, yenə də təkrar edirəm: XI əsrdə yazılmış, türk dilinin ən əski sözlüyündə “durum” sözünün mənası boyun hündürlüyü, uzunluğu kimi göstərilmişdir (Bax: Divanı lüqati-t-türk, I cild, səh. 396). Azərbaycan dilində indi də durmaq dedikdə birinci başa düşülən məna – ayağa durmaq, ayaq üstə durmaqdır. Durum sözü bizim tutum, oturum, atım(lıq), yeyim(lik), burum və s. sözlərimiz kimi, ölçü, miqdar, say bildirən sözlərimizin quruluşundadır. Bizim bugünkü dilimizdə isə, eləcə də türkmənlərdə “durum” – qüvvət, tab, səbat, yəni ayaq üstə durmaq gücü, ayaq üstə dayanmaq gücü deməkdir. Görün, bu söz necə zorlanmalıdır ki, o hal, vəziyyət mənasını bildirsin. Deməli, türkiyəlilər bir sözün nə keçmişdəki mənasını, nə də türk dilinin azərbaycanca, türkməncə kimi dialektial qollarında yaşayan müasir mənalarını veclərinə də almadan ona təsadüfi, ixtiyari, kefləri istəyən mənaları (hal, vəziyyət mənalarını) yapışdırıblar. İndi siz bunu hansı üzlə müdafiə edirsiniz?!

Dildə indi işlənilməyən yüzlərlə arxaizmləri onlara bambaşqa mənalar verərək diriltməyin hansı haqlılığı ola bilər? Tutaq, Nəsimi-nin dilində “şey” mənasını bildirən “nəsnə” sözünu biz indi “motosiklet” mənasında diriltsək; “xəstə” mənasını bildirən “sayru” (sayrı) sözünü “metro” mənasında dilimizə qaytarsaq; əski azərbaycandilli dastanlarımızda “xeyli” mənasını bildirən “dəlim” sözünü “rabitə” mənasında işlətməyə qərar versək, buna nə ad verərdiniz?! Elə isə Dədə Qorqut-un dilində bir nəsnənin axırı, yekunu, qutaracağı mənasında işlənilmiş “sonuc” sözünə də nəticə mənası verilə bilməzdi, “dartışmaq” sözünə də mübahisə etmək mənası verilməməliydi və s.

Ancaq türkiyəlilər burda mənə belə deyə bilərlər: “Bu, bizim dilimizdir, özümüz bilərik! Biz süni dil yaratmışıq, bunu edərkən də nə keçmişi, nə sizin sözlərinizi, nə də onların mənalarını nəzərə almışıq, əcəb eləmişik! Bəs, siz – qüzeyli-güneyli azərbaycanlılar, dilinizdə məsələn, durum sözünün daşıdığı minillik mənaları (qüvvət, tab, səbat) niyə atıb, bizim bu sözə verdiyimiz süni və təsadüfi mənaları götürürsünüz?!” Nə cavab verərik onlara?

Yeri gəlmişkən, “mübahisə” sözünün qarşılığı ola biləcək sözlər dilimizdə çoxdur: dilləşmək, deyişmək, sözləşmək, ağızlaşmaq, öcəşmək və s. Bunlardan ən uyğun olanını seçib, ona terminoloji status verilə bilər. Bir-birini dartışdırmağın mübahisə etməyə nə bağlılığı var?!

UYQAR

Uyqar sözündə uy- kökünün mənasını, Yəsrib şəhərinə peyğəmbəriniz Məhəmmədin Mədinə adını verməsinin və s. mənim qaldırdığım problemə nə isti-soyuğu var?

Sizin “kültür” (kultura) termini ilə “sivilizasiya” terminini sinonim kimi yanaşı yazmağınızdan da kulturologiyanı hansı səviyyədə bilməyiniz mənə aydın oldu…

Mədəni mənasında uyqar sözü uyqur sözünə sırf bənzətmə yoluyla yaradılmışdır. Heç bir kökü, heç bir mənası, heç bir xatirəsi yoxdur. “Uyqur” sözünü bir az dəyişdirib “mədəni” mənasında “uyqar” sözünü yaratmaq ona bənzəyir ki, eyni məntiqlə, məsələn, Orta Əsrlərdə “Qafqazın anası” kimi ad çıxarmış Bərdə şəhərinin adını bir az dəyişdirib, eliyirsən “burdur” və bu “burdur” sözüylə farscanın “şəhər” sözünü əvəzləyirsən; etiraz edən olan da deyirsən ki, dilimizdə bur- kökü də var, -dur sonluğu da.

Bir dilin tarixi boyunca ayrı-ayrı sözlərin mənası, təbii yolla əlbəttə, darala, sürüşə, genişlənə bilər, məsələn, min il bundan qabaq “cocuq” donuz balası demək idi; “işıq” isti demək idi; oturmaq (olturmaq) həm də iqamət etmək demək idi və s. Dildə baş verən belə təbii hadisələri inkar etmək mümkündürmü? Mən isə Türkiyədə cahilliklə birləşən inzibati zorakılığın dilin başına açdığı oyundan və azərbaycanlıların da bu oyuna kor kimi qoşulmaqlarından danışıram. Bu saat Azərbaycan dilində gedən türkiyəcələşmə sırf dildaxili faktorların təsiriylə gedən təbii linqvistik proses deyildir.

QATILMAQ

Dilimizdə qoşulmaq sözü dura-dura niyə qatılmaq deməyə başlamısınız? Halbuki, qoş- kökü dilimizin sumercə ilə ortaq köklərindən biridir, azı 8 min il yaşı var. Türkiyəcədə qatılmaq deyirlər deyə, noldu indi qoşulmaq sözü dəyərdən düşdü?! Dilimizdə qatılmaq feili kütlənin kütləyə, maddənin maddəyə, heyvanın heyvanlara qarışması deməkdir. Azərbaycan türkcəsinin türkiyəcələşdirilməsini nəzərdə tutaraq, “Bu işə hamılıqla qatılmalıyıq” yazan adamdan soruşmaq istərdim: Sən malsan qoyunlara qatılırsan, ya sirkəsən yağa qatılırsan?

İSMARIC

XIX-XX yüz illiklərdə azərbaycancanı osmanlıcanın ayaqları altına çəkənlərin, deyəsən, birincisi Ə.Hüseynzadə, sonralar bunu ən ardıcıl edən isə H.Cavid oldu. Cavid ana dilimizin “necə” sözü əvəzinə yarımtürkcə-yarımərəbcə “nasıl”; ana dilimizin “od” sözü əvəzinə osmanlıca-farsca “atəş”; özümüzün “il” sözümüz əvəzinə osmanlıca-farsca “sənə”; “yox” sözünü “yoq”; “elə”ni “öylə” yazmaqla özünün, ən yumşaq ifadəylə desək, qulbeçəliyini və dayazlığını ifşa edirdi. Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi.

O, şeirlərində “ismarlamaq” sözünü işlətməkdən həzz alırdı. İsmarlamaq farsca sifariş sözünün dilimizdə pozulmuş tələffüzüdür. Elə indi də Azərbaycanda bir çoxları “mesaj” sözünün əvəzində “ismarıc” (ismarış) sözünü işlədirlər, bu sözün farsca “sifariş” sözü olduğunu bilmirlər. Başburut (pasport), onbarmaq (univermaq) sözləri nə qədər əsl türkcədirsə, ismarlamaq, ismarıc, ismarış sözləri də bir o qədər türkcədir. Belə hallar cavidkimilərdən tökülən zibillərdir, indi “göyərirlər”. Cavidin osmanlıca danışığının Azərbaycan dili üzərində təsirini azaldan faktorlardan başlıcası Sovet ideologiyasının pantürkizmə düşməncəsinə yanaşması oldu, əks halda, indiyə Azərbaycan türkcəsi osmanlıcanın gününə düşmüşdü.

İLGİNC

Bundan qabaqkı məqalələrimin birində “ilginc” sözünün yanlış qurulduğunu və nə üçün yanlış qurulduğunu geniş anlatmışdım. Bu adam mənə cavab yazıb ki, yox, düz sözdür bu. Türkiyəcəni daim müdafiə etməyə çalışan türkiyəli dilçi, professor T.Gülensoy isə yazıb: “İlginc formalı bir söz yanlışdır!” (Bax.: Türkiye Türkçesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü”, səh. 431). Söz yiyəsi deyir sözüm yanlışdır. Buna da etirazınız varmı, papadan çox xristian olmaq istəyən(lər)?

Gülünc olan – küçədə bir qızın “sapaçki”, “marocnu” və s. deməsi deyildir; son vaxtlar boşbeyin yalaqların “baxmayaraq” sözümüz əvəzinə türkiyəcə-ərəbcə “rəğmən”; “onsuz da” (“bunsuz da”) sözümüz əvəzinə türkiyəcə-ərəbcə “zatən”; “dayaq durmaq (vermək)” sözümüz əvəzinə türkiyəcə-farsca “dəstəkləmək” və s. yazmaqlarıdır.

Gedin, öz çürük ideologiyanıza, yeni siyasi eşqbazlığınıza şəxsi nəyiniz varsa, onu qurban edin. Dil heç kimin tövləsindəki şəxsi inəyi deyil.

İndi nədən ikrah etdiyimi, kimlərə, nə üçün acıqlı olduğumu bir az başa düşə bildinizmi?

16.06.2015

§§§

Kamal Abdullaya cavab: H.Cavid „ilan balası“ kimi

(VI YAZI)

Dilimizin türkiyəcə qarşısında düşməyə başladığı “kəndçi” statusu haqqında son zamanlar az qala qışqıra-qışqıra, silsilə məqalələr yazıram. Bakıdan isə heç bir reaksiya gəlmir. Ədəbiyyat saytlarını işlədənlər, ola bilsin sizin özünüzün bu müzakirələrə qoşulmağa biliyiniz çatmır, bəs nə üçün bircə yol da olsun kimdənsə bu mövzuda bir fikir soruşmadınız, rəy istəmədiniz, polemika açmadınız? Ədəbiyyatın dillə azacıq bağlılığı olmalıdır, deyəsən, yox?

Belə saytlardan birinin “Xəbəriniz var? Ağalar Cavidi təhqir eləyib!” təqdimatı ilə mövzudan bixəbər adamları üstümə fısqırtmasının mahiyyəti nədir? Mən deyim nədir.

Bu, mübarizədir, sıradan çıxarma mübarizəsi, qabağını alma mübarizəsi, səsi eşidilməsin deyə dərc etməmək və süni xor düzəldərək təkləmək, beləliklə gözdən salma əməliyyatı, virtual daş-qalaq, gizli rəqabət döyüşü, çapan atın qabağına nizə uzatmaq fəndi. Səbəblər bunlardır. Sizi nə intellektual polemika, nə dil, nə də Cavid maraqlandırır. Sizi mən maraqlandırıram.

Qaldırdığım problemi K.Abdullaya ağıllı-başlı yolla çatdırmaq, ondan bu məsələyə münasibət bildirməsini istəmək, beləliklə, güclərimizi, əməklərimizi birləşdirməyə vasitəçilik etmək olardı. Ancaq beyindən çolaq doğulmuş və buna görə də ömürlük paxıllığa məhkum edilmiş miskin bir böcək K.Abdullanı üstümə məni döysün deyə gətirib.

***

K.Abdulla da müsahibəsində az qala hər sualın cavabında mənə təhqir və kin qusaraq, məni tanımaza-bilməzə, oxumaza-anlamaza türk dəyərlərinə nifrət edən adam, hansısa siyasi oyunun bir parçası, bolşevik, ləyaqətsiz və s. kimi olmazın yarlıqlarla xarakterizə edib qoyub. Sözün düzü, bu kompleksli yekəxana məmur-yazıçını, ya da o biriləri çox da qınamalı deyil, “Filankəs filankəsi söyüb” formasında aravurucu qarıların üsuluyla ortaya atılmış məsələyə münasibət başqa necə olmalı idi. Ancaq hər halda gələn dönüm bir az ehtiyatlı olsun deyə bir-iki sözüm olacaq K.Abdullaya.

Müsahibələrində ona qarşı yazılmış bütün tənqidləri “hədyan” adlandıran, öz tənqidçilərini açıq-açığına “qanmayıblar” deyə xarakterizə edən, özü haqqında “Mən bilən, Kamal Abdulladan kənarda ədəbi proses yoxdur” deyən bu adam özünün vəhhabi mahiyyətini mənə sırışdırır, mövqeyimi “ədəbi vəhhabilik” adlandırır.

Mən buradaca dayanıb, onun müdafiə etdiyi Cavidin uşaqlar üçün məlum şeirini xatırladıram ona: “…– Bu dünyada sənin ən çoq sevdiyin, Kimdir quzum söylərmisən? – Ən çox sevdiyim ilkin, O allah ki, yeri-göyü, insanları xəlq eylər. – Sonra kimlər? – Sonra onun göndərdiyi elçilər. – Başqa sevdiklərin nasıl, yoqmu? Var… – Kimdir onlar? – Annem, babam, müəlliməm, bir də bütün insanlar…”

(H)İerarxiyaya diqqətlə baxın: Allah, sonra 124 min peyğəmbər sürüsü, ardınca ata-ana, nəhayət ən sonda elm və insanlıq! Vəhhabi şeirini kim yazıb, bu şeiri uşaq kitablarına kim salıb, vəhhabiliyi ölkəmizdə kim becərir, görürsünüzmü?! Ötən məqalələrimin birində yazmışdım: Demokratiya – islamın lənətlədiyi müşriklikdir (plüralizm); totalitarizm – islamın təbliğ etdiyi tövhiddir (monoteizm). İndi vicdanınızla deyin, hansımız vəhhabi düşüncə səpkisinə yaxınıq, mən, ya Cavid və siz?

K.Abdullaya təklifim budur: meydan.tv saytının arxivindən, ya da mənim bloqumdan (https://agalarqut.wordpress.com) dil mövzusunda ard-arda yazdığım beş məqaləmi bir-bir tapıb oxusun, sonra danışaq. Yoxsa, qalmaqal janrında danışmağı o özünə yaraşdırsa da, mən o səpkidə polemika etmək istəmirəm. Elə buna görə də, ona özümə yaraşan münasibət bildirim, onun vəziyyətinə düşməyim deyə, həm də öz mövzumdan sapmayım deyə bu məqaləni yazmamışdan qabaq internetdə onun dil mövzusunda dişədəyən düşüncələrini axtarıb oxudum.

K.Abdulla deyir: “Mən Azərbaycan dilinin potensialında yazıram.” O, elə bilir “ona elə gəlir” kimi bir cümlə qurmursa, ərəbcə “əhvalat” sözündən “əvvəlat” sözü yaradırsa, ərəbcə “insan” sözünə naməlum “-san” şəkilçisini artırıb “insansan” neoloqizmi yaradırsa və s. deməli, artıq potensialda yazır.Mən soruşmaq istərdim ondan: Azərbaycan dilinin potensialında yazdığını iddia edən bir yazıçı öz yazıçı ömrü boyunca dilimizin yuxuya getmiş hansısa bir arxaizmini oyandırıbmı? Elə Dədə Qorqutun dilindən: imrənmək, imrəncə, inaq, udlu, ayıtmaq, çavlanmaq, yom, toxunc… Bircə dənəsini də oyatmayıb!

Bu adam dilimizin filoloqudur, akademikdir, 40 ildir dədəqorqutşünaslıq eləyir, ancaq “Bəyrək” adını hələ də “Beyrək” yazır. Bu adam hələ də başa düşə bilməyib indi oxuyacaqlarınızı: “boylu”, “bayraq”, “bay”, “böyü(k)” kimi sözlərlə doğma olan “bəy” sözünün özül-denotativ mənası hündürlük, yüksəklik, ucalıq; derivativ-konnotativ mənasıysa zənginlik deməkdir. -raq, -rək sonluğuna gəldikdə, M.Kazımbəyin də yazdığı kimi, türk dillərində bu sonluq sifətin üstünlük dərəcəsini bildirir: artıqraq – daha artıq deməkdir, böyükrək – daha böyük deməkdir və s. Beləliklə, bəyrək – daha hündür, daha yüksək, daha uca, daha zəngin, bir sözlə, daha bəy, bəydən üstün deməkdir. Azərbaycan dilinin potensialında yazdığını iddia edən bizim bu dədəqorqutşünas isə bu sözü 40 ildir “Beyrək” kimi yazır. Əzbərçi olduğu üçün, köçürdüyü üçün, düşünmədiyi üçün.

Türk dillərinin, bu sıradan Azərbaycan türkcəsinin prepozisional dil deyil, postpozisional dil olduğu bəllidir. Bu, ədatların, qoşmaların, bağlayıcıların aid olduqları sözlərdən qabaq (pre) yox, sonra (post) dayanması qaydasıdır; məsələn, “sənin üçün” birləşməsində “üçün” qoşması “sənin”dən sonra (post) dayanır. Buna görə də “Nə üçün?” kimi bir suala ana dilimizin sintaksisi ilə “Hava isti olduğu üçün” kimi bir cümləylə cavab verilməlidir, “Çünki hava istidir” cümləsiylə yox. “(Ü)Çünki hava istidir” kimi bir cümlədə “çünki” xəbərdən qabağa (pre) qoyulmuş olduğu üçün, bu cümlə tipik fars sintaksisi ilə qurulmuş olur. “Mən Azərbaycan dilində yox, onun potensialında yazıram” deyən yazıçının romanları cümləbaşı “çünki”lərlə, başqa sözlərlə desək, fars sintaksisiylə qurulmuş cümlələrlə doludur.

Yeri gəlmişkən, maraqlananlar üçün deyim: Cümlədaxili “ki”lərdən qurtulmaq yetmir, cümləbaşı “çünki”lərdən də əl çəkməliyik. Potensiala yaxınlaşmaq belə olur.

K.Abdullanın dilinin saysız problemləri var: “nə üçün?” ilə “niyə?”ni fərqləndirmədən yazır; “hansı” ilə “hankı”nı ayırd etmədən yazır və s. Mənim burada bu bir-iki misalla göstərmək istədiyim budur: K.Abdullanın “Mən Azərbaycan dilinin potensialında yazıram” deməsi üçün “bir qılca(n)” da (M.Füzuli) haqqı yoxdur. Sadəcə olaraq, onun dilimizin potensialı haqqında təsəvvürləri çox dardır. Ancaq yenə də “Mən Azərbaycan dilinin potensialında yazıram” deyəcəksə, bu artıq onun həm də həyasının səviyyəsini göstərəcək.

***

Keçək Hüseyn Cavidə.

Hər gün minbir yerdə dindarlar M.F.Axundovu söyürlər. Cınqırını da çıxaran yoxdur. Ancaq Cavidə dillənmək olmaz. Niyə? Cavid – hakim klanın sevimlisi olduğu üçün. Korrupt nazirlərdən birinin maliyyəsi ilə işləyən saytlardan birinin çobanının tez yüyürüb dövlət məmuru K.Abdulladan müsahibə almasının səbəblərindən biri də budur. Yazıçı-məmur özü bunu ədəbi səpkidə boynuna alıb: “Cavidin daşı ağırdır.”

Yazıçı dil üçündür, dil yazıçı üçün deyildir. Nəsimilərdən, füzulilərdən bu xalqa nə qaldı? Ancaq dil. Ədəbiyyatın birinci işi dildir. Xalq da dili üçündür. Ümumiyyətlə, dil nə üçünsə deyildir, nə varsa dil üçündür. Azərbaycan ədəbiyyatının bu günkü acınacaqlı halı dilə əhəmiyyət verməməsindəndir. “Başqa xalqlarda düşünmənin (fəlsəfənin – A.Q.) geri qalması – o xalqların öz dillərindəki səsi eşidə bilməməklərindəndir” (M.Heidegger). Bizim boşbeyin bambılılar isə Türkiyə dil idarəsinin kabinetlərində yumurtlanmış önəm, özəl, açıqlamaq kimi gic-gicə sözləri yazılarında işlətməklə özlərini modern sanırlar; elə bilirlər belə yazanda türkiyəlilər onları oxuyur.

Cavidin güclü sandığı dil qarşısında buncan sıyılmasını; Azərbaycan türkcəsinə ağız büzüb onu osmanlıcanın ayağına verməsini; Konyada oturub farsca yazan Mövlana kimi, Gəncədə oturub farsca yazan Nizami kimi, Bakıda oturub osmanlıca yazmasını; öz xalqını saya salmayıb onun üçün yazmamasını; öz şairliyini “cırıq-mırıq” azərbaycanlı kəndlisinin dilinin tərəqqisi üçün sərf etməməsini niyə “O, ortaq türkcə yaradırdı” kimi təqdim edirsiniz? Osmanlıca nə zamandan türkcə adlanır? Bəyəm, Azərbaycan dili türkcə deyil? Türkiyədən başqa bu boyda Turanın harasında türklər “ana”ya “annə” deyiblər, deyirlər, deyərlər? A bunu müdafiə etmək olar?!

Açıq-aydın: Cavid osmanlıcanın Azərbaycanda qulbeçəliyini eləyirdi, özü də baş qulbeçəliyini. Azərbaycan türkcəsini ikinci sort dil sayıb, türkiyəcə qarşısında toyuqlanan indiki publisist, yazıçı, şair və başqalarının baş qulbeçəsi Caviddir (bundan qabaqkı məqalələrimdə danışdığım toyuq hekayəsini xatırlayın). Həmin ənənədir. Cavidin qulbeçəliyini müdafiə edənlərə fikir verin: Çoxusu mən deyən həmin o toyuqlardır, türkiyəcəyə toyuqlananlar. Siz məni Cavidi təhqir etdiyimə inandığınıza görə təhqirə layiq görürsünüz, mən də Cavidi dilimizi saya salmadığına görə osmanlıcanın qulbeçəsi adlandırmağa layiq görürəm.

Xalqını “mənim cırıq-mırıq qardaşlarım” deyə çağıran M.Cəlil isinmək üçün əlyazmalarını yanan ocağa atanda Cavid M.Bağırova balkonu dənizə baxan evdə yaşamaq üçün xahişnamə yazırdı. (Görəsən, bu məktubu da osmanlıca yazmışdı?) Cavid o dövrün Anarı, Çingizi, Kamalı idi; iddia və təşəxxüsləri zəka və ləyaqətlərindən çox olan meşşanlar. Şəxsən mən bunların hamısını keçərəm Cavidə, Sibirdə donması da ürəyimi yırtır, ancaq Azərbaycan türkcəsini osmanlıcadan aşağı tutmasını bağışlamaq olmur.

Seçilmək üçün özü ilə başqaları arasında süni dil baryeri yaradan adamlar dilin şeyxnəsrullahlarıdır. Azərbaycanlı bir şairin “yuxu”nu “uyqu”; “qorxuram”ı “qorquyorum”, “ana”nı “annə” və s. yazmaqla diqqət cəlb edəcəyinə inanması üçün nə qədər çiy və kal olması lazımdır. Cavid yeniyetmə şüurunda idi.

Ana dilimiz məsələsində Cavid bizim üçün ən yaxşı halda “döşünün altında sevən bir ürək, dilinin altında zəhər tuluğu” gəzdirən “ilan balası” idi. Bu, acı həqiqətdir.

***

Gələk, mənim “vaxtında repressiya edilməsəydi” yarımcümləmə.

O yarımcümlə belə də qurula bilərdi: vaxtında qonşusu tərəfindən bıçaqlanıb öldürülməsəydi, vaxtında həyat yoldaşı tərəfindən qısqanclıq zəminində qətl edilməsəydi, vaxtında suda boğulmasaydı, vaxtında iflic keçirib yazmağı dayandırmasaydı və s. Bəyəm, indi belə yarımcümlələr qonşusu tərəfindən bıçaqlanmağa haq qazandırır, ya həyat yoldaşını qısqanclıq zəminində öldürməyə, bəlkə həyatın fatalist-dini şərhinə?

Həmin məqalədə belə bir cümləmi də oxumusunuz: “Cavidin osmanlıca danışığının Azərbaycan dili üzərində təsirini azaldan faktorlardan başlıcası Sovet ideologiyasının pantürkizmə düşməncəsinə yanaşması oldu, əks halda, indiyə Azərbaycan türkcəsi osmanlıcanın gününə düşmüşdü.” Onda belə çıxır mən bu cümləylə də sovetin antitürkizmini müdafiə etmişəm, ya alqışlamışam?!

O yarımcümlədə müəyyən bir fəaliyyəti yarıda kəsən hansısa tarixi-təsadüfi səbəb göstərilir; o səbəb qəbul edilib, alqışlanmır, “ay nə yaxşı oldu” deyilmir.

“Vaxtında” – o vaxt, həmin vaxt, vaxtı-zamanında deməkdir. Beləliklə, “Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi”: O vaxtı repressiya nəticəsində ölməmiş olsaydı, yəni vaxtı-zamanında bu proses dayan(dırıl)mamış olsaydı, dilimizi zibilləməyə davam edəcəkdi.

Sizi qınamalı da deyil, mənə qarşı nifrət qatranınız yaman qatıdır, özü də bu qatran nə üçünsə gündən-günə qatılaşır, nə qatılaşır; bu da mənim cümlələrimi, hətta bir yarımcümləciyimi belə sevincək pisə yozmaq üçün sizə preloqik təsir göstərir.

22.06.2015

 

§§§

İpi kəsib bizi quyuda atıb gedən qardaşımız haqqında

(VII YAZI)

Gərək, təkcə heç kimin yaza bilmədiyini yazmayasan, həm də heç kimin yazmaq istəmədiyini yazasan.

 ***

Bir psixoloq (dil psixoloqu) bir insanın seçdiyi sözlərdən onun düşünmə səpkisini anlaya bilər. Bir sosioloq (dil sosioloqu) publik-mediatik dildə baş verən yenilik və dəyişikliklərin işığında cəmiyyətdə gedən hansısa prosesləri başa düşə bilər. Məsələn, son illər Azərbaycan dilində “çaşmaq” sözünün işləklik sahəsinin çox daralması kriminal leksikonun (“Sən çaşdın!”) cəmiyyətə təsirindən; “anam canı” andının, demək olar, yoxa çıxması cəmiyyətdə gedən maçolaşmadan (maskulinləşmədən); “şərəfsiz”, “tərbiyəsiz” kimi söyüş sözlərin (hər iki söz ərəbcədir) tez-tez işlənilməsi türkiyəlilərə bənzəmək istəyindən yaranmışdır. Və yaxud, bir insanın öz uşağına qoyduğu addan o insanın dünyagörüşü, bir cəmiyyətdə yeni doğulan körpələrə qoyulan adların statistik analizindən də ictimai şüurun yönü aydınlaşdırıla bilər.

Tutaq, mən belə bir təklif irəli sürsəm: Güney Azərbaycanda – ana dilimizin o tayında – göndərilən, verilən “xəbər”ə yüz illərdir “salıq” deyirlər, gəlin, biz də in(di)dən belə güneylilər kimi, göndərilən, verilən “xəbər”ə “salıq” deyək, desəm; ardından da min bir arqument gətirsəm (bu sözü biz unutmuşuq, güneylilər saxlayıblar; “salnamə” sözü əslində “salıqnamə”dir; “xəbər salmaq” ifadəsində bu iz qalmışdır və s.), çoxları təklifimi ciddi saymaz, özümü də, sözü də ələ salıb gülərlər bəlkə də. Ancaq həmin azərbaycanlılar bu sözü – salıq sözünü şit və düşük (kitschig) bir Türkiyə teleserialında eşitsələr, bayaqdan satlıq tutuquşuya dönərlər. Görəsən, nə üçün belə olur?

Bu mənzərədə mənə görünən budur: Dilimizdə gedən türkiyəcələşmə prosesi əslində linqvistik problem olmazdan qabaq, psixoloji və sosioloji problemdir. Daha da dəqiq desək, biz psixolinqvistik və sosiolinqvistik obyekt qarşısında yox, əksinə, dil psixologiyası və dil sosiologiyasının birgə obyekti qarşısındayıq. Belə ki, azərbaycanlıların türkiyəcə sözləri heç bir filoloji süzgəcdən keçirmədən, eşidər-eşitməz qəbul etməklərinin ilk səbəbi Türkiyə dövlətini özlərinə arxa, dost, hətta qardaş saymaqlarıdır. Yaxşı, elə isə gəlin görək, Türkiyə müasir azərbaycanlıların bir belə sevgisinə, güvəninə və qardaşlığına layiqdirmi.

***

1949-89-cu illərdə Berlin divarı ilə ikiyə bölünmüş almanlar üçün deyilən “Bir xalq, iki dövlət” (“Ein Volk – zwei Staaten”) şüarını Heydər Əliyev, elə bil müəllif özüdür, Azərbaycan ilə Türkiyə arasında başlanan yeni siyasi münasibətlər üçün səsləndirdi. Dövlət rəhbərləri, o cümlədən siyasi arzu və umacaqları olan adamlar öz maraq və niyyətlərini istədikləri sözlərlə bəzəməkdə sərbəstdirlər. Ancaq mənim kimi tək-tək müəlliflərin də siyasi-diplomatik üslubun tələblərinə boyun əyməmək sərbəstliyi var.

Mənim təsəvvürlərimə görə biz azərbaycanlılar bütün tarix boyu Türkiyədən qardaşlıq yox, tam əksinə, xəyanət, özgəlik, satqınlıq görmüşük. Özü də bir yol təsadüfdən yox, dönə-dönə, sistematik formada. Gəlin, eləcə bir neçə faktı birlikdə xatırlayaq.

1) XVI yüz illikdə Azərbaycan xalqının iradəsini təmsil edən Səfəvilər dövlətini Osmanlı dövləti Avropadan aldıqları topların gücüylə dağıdıb, Təbrizə girdi, insanlarımızı qırıb-çatdı, özümüzü təhqir, torpaqlarımızı da ilhaq etdi. Beləliklə, bizdən torpaq qamarlayan qonşularımız – təkcə ermənilər, gürcülər, ruslar, farslar (hətta ərəblər) deyildir, həm də qardaşlarımız saydığımız türkiyəlilərdir. Eynilə İrəvan, Qarabağ kimi, Borçalı, Zəngəzur kimi, Dərbənd kimi, Güney Azərbaycan kimi, Kərkük eli kimi, Şərqi Anadolu (Ərzurum, Iğdır, Qars və s.) da bizim əzəli torpaqlarımızdır, orada yaşayan insanlar da xalqımızın bir bölüyüdür.

2) Osmanlının xain hücumundan 400 il sonra, ötən yüzilliyin başlarında azacıq dirçəlib, müstəqil dövlət quruculuğuna başladıq. Ancaq həmin bu türkiyəli qardaşlarımız ruslarla gizlincə dilbirlik edib, başaldatdı oyunu ilə Qızıl Ordunu Bakıya soxdular. Tarixçilər yaxşı bilir: ADR özünün qəbul etdiyi məşhur 6 maddəlik qərarının birinci bəndinə görə Qızıl Ordunu Anadolunun köməyinə getdiyi üçün Bakıya buraxırdı. Sən demə, bu, alçaq bir yalan imiş, Atatürk bizi nəinki müdafiə etməmişdi, əksinə, aldatmış, ruslara satmışdı; Leninə gizlincə yazmışdı ki, narahat olmayın, siz Azərbaycanı işğal edəndə, mən özümü ölülüyə vuracağam. Bir neçə il sonra həmin bu Atatürk Moskvadan qaçıb Türkiyəyə sığınmış M.Rəsulzadənin (belə demək mümkünsə, Azərbaycanın müstəqillik simvolunun) ölkədən qovulub çıxarılmasına əmr verdi və çıxartdırdı da. O illərdə bolşeviklərdən qaçıb Türkiyəyə sığınmaq istəyən azərbaycanlıları elə sərhəddəcə güllələyirdilər, yenə Atatürkün buyruğu ilə.

3) Daşnaklar 1918-ci ildə Azərbaycanda törətdikləri qırğınları 1915-ci ildə Osmanlıda baş vermiş erməni qırğınlarının qisası kimi həyata keçirdirdilər. Başqa sözlə, 1918-ci ildə Azərbaycanda öldürülən on minlərlə azərbaycanlı Osmanlı siyasətinin qurbanları idilər. Osmanlının siyasi xələfləri bunu indiyəcən bircə dəfə də olsun dillərinə gətirməyiblər. Əvəzində bizə “Bax, Ermənistanla qapıları açarıq ha, bax, sizə görə açmırıq ha!” deyib, bizi hədələyir və minnət qoyurlar.

4) Xocalı faciəsini uzun illər bircə dəfə də ağızlarına alıb beynəlxalq arenada səsləndirmədilər (özü də bu, o vaxtlar idi ki, Azərbaycan demək olar informasiya blokadasında idi), ancaq son bir neçə ildə 1915-ci il hadisələrinə görə dünya bunların boğazından tutub sıxanda, başladılar bizim Xocalı faktından öz problemlərinin həlli üçün sui-istifadə etməyə. Azərbaycanda isə bunu elə təqdim edirlər, guya bu, Türkiyə dövlətinin bizi qulplamasındandır (yəni dəstəkləməsindəndir). Halbuki, tam əksinə, bu, siyasi qumarda Azərbaycanın əlindən ən güclü “kozır”larından birinin alınması və ləkələndirilməsidir. Bizim bunlara münasibətimizə baxın, bunların bizə elədiklərinə baxın.

5) Güney Azərbaycan məsələsinin beynəlxalq arenada qaldırılmasının hər cür vasitə ilə qarşısını alan birinci dövlət İran yox, Türkiyədir. Görünür, Azərbaycan dövlət rəhbərliyini də inandırmağa çalışırlar ki, Güney Azərbaycan məsələsini biryolluq unudun getsin, əks halda kürdlər üçün presedent yaranar. İran ilə Türkiyə arasındakı dövlətlərarası razılaşmaya əsasən Türkiyədə həbs edilən güneyli fəallar quzu balası kimi İrana təhvil verilir ki, aparın asın (eyni şəkildə, İranda da PKK-çılar Türkiyəyə verilir). Halbuki, kürdlər kimi məzlum xalqlar öz haqlarını almalıdırlar ki, Güney Azərbaycan üçün də yol açılmış olsun. Qarabağ məsələsində Türkiyənin bizə “dəstək verməsinin” (yəni qulpumuzdan tutmasının) səbəbi də kürdlərə presedent yaratmamaq üçündür, bizi qardaşyana sevdiklərindən zaddan deyil.

6) Ə.Elçibəy iqtidarı zamanı Azərbaycan dövləti S.Dəmirəl iqtidarından, döyüş zonasında əsir düşməsinlər deyə, qadınları çıxarmaq üçün iki (iki!) vertolyot istəmişdi; Dəmirəl kömək göndərmədi və yerli mediaya açıq mətnlə beləcə dedi: “Azərbaycana kömək etsək, qarşımızda Qırmızı Ordunu görərik!” Yəni bizdən əlinizi üzün! Sonrakı illərdə baş nazir olan ANAP-lı Mesut Yılmaz isə Türkiyənin Azərbaycanla “qardaşlığının” sırf geopolitik xarakter daşıdığını açıq-aydın bəyan etdi: “Romantik qardaşlıqdan yox, məcburiyyətdən Azərbaycanın tərəfini saxlamalıyıq, çünki əks halda, orada Rusiya, ya da İran güclənə bilər.” (“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, çünki “Coğrafi mövqeyinizi göstərin, siyasətinizi deyim” – Atatürk).

Şəxsən mənə hələ də aydın deyil ki, biz Türkiyədən etnik doğmalıqdan başqa hansı qardaşlıq görmüşük? Mən əminəm, tarixçilər gələcəkdə Türkiyənin bizə qarşı hələ çox üz qarası fəaliyyətlərini tapıb çıxaracaqlar, ancaq elə indilik bildiklərimiz də bu dövləti tanımağımıza bəs edir. Onillərdir kürdlərə və ələvilərə qarşı həm etnik, həm kultural yoxetmə siyasəti aparan, çeçenlərin milli azadlıq mübarizəsinin yatırılmasında, birbaşa C.Dudayevin öldürülməsində ruslara satqınlıq edən, indi İŞİD başkəsənlərinə və manyaklarına əlaltılıq edən, tarixdə daim bizi vuran, satan, yarı yolda qoyan, birləşməyimizi, güclənməyimizi heç vaxt istəməyən, buna görə də İranla siyasi münasibətlərdə Güney məsələsini prioritet şərt kimi qoyan Elçibəyin devrilməsində baş rollardan birini oynayan, ölkəmizə nurçuluq kimi dini cərəyanlar və kriminal zorakılıq təbliğ edən teleseriallar soxuşduran, Avropada dönərçi kimi tanınan, ərəb şeyxləri kimi islam xilafəti üçün hələ də ağzından sular axıdan bir dövlətdir Türkiyə.

Bu yerdə güneylilərə də deyəcəyim bir-iki sözüm var: Bir yandan fars şovinizmini lənətləyirsiniz, ancaq o biri yandan on illərdir kürdlərə, ələvilərə və b. qarşı yoxetmə siyasəti aparan, Güney Azərbaycan məsələsində xain mövqe tutan Türkiyə dövlətinə məhəbbət izhar edirsiniz. Bir yandan farsların dilimizə qarşı linquisid (bir dili yoxetmə) siyasətini ifşa və rədd edirsiniz, mənim məqalələrimdə “Azərbaycan dili” yazmağıma acıqlanırsınız (niyə “Azərbaycan türkcəsi” yazmamışam deyə), ancaq türkiyəlilərin sizi də, bizi də azəri, dilimizi azəricə, hətta “türk dilinin azəri sahəsi” (prof. M.Ergin), yəni bizim dilimizi öz dillərinin bir şivəsi saymaqlarına səsinizi də çıxartmırsınız, əksinə, türkiyəcə danışmağa çalışırsınız. Fars “Sizin diliniz yoxdur!” deyir, bəs siz nə edirsiniz, öz dilinizi tüpürüb, türkiyəcəni – qondarma və əldəqayırma bir dili ağzınıza təpişdirirsiniz. Bununla farsı haqlı çıxartmağınızdan xəbəriniz varmı? Olmaya, farsın qarşısına qondarma və əldəqayırma bir dillə çıxırsınız? Yoxsa, elə bilirsiniz fars türkiyəcənin qondarma və əldəqayırma dil olduğunu bilmir?

Türkiyə bizim böyük qardaşımızdırsa, o, ipi kəsib, bizi quyuda atıb gedən qardaşımızdır. Nağıllarda, əski dünyanın ədalət qaydalarına görə, belə qardaşın boynunu vururlar. Ancaq biz yenə də onları bağışlayırıq, bizə elədiklərini üzlərinə vurmuruq, sevgimizi, heyranlığımızı əsirgəmirik, beynəlxalq iqtisadi layihələrdə etnik qardaşlığımızı nəzərə alırıq, bir sözlə, özümüzü onlar üçün lap “azəri” kimi aparırıq…

***

Tarix boyu bizə qarşı buncan, ən yumşaq sözlə desək, ögeyliklərinə baxmayaraq, son 25 ildə azərbaycanlıların qılığına girə bilmiş ikinci belə qonşusu yoxdur. Ancaq bunun başqa bir səbəbi də var. Səbəb – azərbaycanlıların qərbçiliyidir. Azərbaycan üzünü Qərbə, Avropaya tutduğu üçün Türkiyəyə oxşamağa, türkiyəcə danışmağı yamsılamağa çalışır. Bir türkiyəli azərbaycanlıya “müsəlman avropalı” kimi görünür. Müasir azərbaycanlı həmin bu “müsəlman avropalı” ilə özü arasında bircə fərq görür: dil. Onu da aradan qaldırır, olur avropalı. Deməli, dilimizin türkiyəcələş(diril)məsi türkçülükdən yox, avropaçılıqdan, qərbçilikdən irəli gəlir; məqsəd əski və xalis türkcə sözlərə qayıtmaq deyil, məqsəd türkiyəcə danışmağın özü də deyil, məqsəd sadəcə olaraq bir türkiyəli kimi danışmaq və beləcə, kəsə yolla müsəlman avropalı olmaqdır. Beləliklə, sən demə, müasir azərbaycanlının avropalı olması üçün qarşısında dayanan bircəcik əngəl – Azərbaycan dili imiş! Müasir azərbaycanlının sosio-psixoloji düşünmə səpkisi mənə belə görünür.

Qərbi 200 il rusların və rus dilinin vasitəçiliyi ilə öyrəndikdən sonra, indi də türkiyəlilər və türkiyəcə vasitəsilə öyrənməyə məcbur olmaq heç yaxşı tale deyil, üstəlik, ikincisi daha pisdir. Nə üçün, deyim: 1) Türkiyə bizə ruslardan daha dost deyil; 2) Türkiyə kulturası rus kulturasından daha avropalı deyil; 3) Türkiyəcə rus diliylə yanaşı qoyulacaq səviyyədə dil deyil.

19 Avqust, 2015

 

§§§

“Ortaq türkcə” maskalanmış osmaniçilik imperializmidir

(VIII YAZI)

Modern türkologiya elmi, ulu azərbaycanlı Mirzə Kazımbəyin 1839-cu ildə yazdığı “Türk-Tatar dili qrammatikası” əsəriylə başlanır. Bu əsər çap ediləndə, sonrakı görkəmli türkoloqların – H.Vámbéry-nin hələ 7, V.Thomsen-in 3, V.V.Radlov-un isə 2 yaşı vardı. Kazımbəy bu kitabında türk-tatar dilinin dialektlərindən ən yaxşı bildiyi dialektləri sadalayarkən, birinci “Aderbidjan dialekti”nin adını çəkir, kitabda türk-tatar dilinin qaydalarını izah edərkən isə hər dəfə Azərbaycan dialektindən misallar verir. Bu isə o deməkdir ki, modern dünya türkologiya elmi Azərbaycan dili üzərində yola çıxmışdır. 9 il sonra alman dilinə tərcümə edilən bu əsər Avropa alimlərinin əlinə çatmış olur.

Azərbaycanın rus dilini bilən XIX əsr ziyalıları – başda M.F.Axundov, M.C.Topçubaşov, H.Zərdabi və b. olmaqla, ardından C.Məmmədquluzadənin “Molla Nəsrəddin”çiləri də daxil, Kazımbəyin adını çəkdiyim əsərini oxumuşdular, oxuyurdular. Buna görə də indi deyəndə ki, “Cəlil Məmmədquluzadənin Molla Nəsrəddini sayəsində dilimiz belə yaxşı qalıb”, bu, Kazımbəyə böyük haqsızlıqdır. “Molla Nəsrəddin”in “Füyüzat”a (osmani dilinə!) qalib gəlməsində də “Türk-Tatar dili qrammatikası”nın böyük rolu oldu.

Rus dilində oxuya bilmədikləri üçün osmani intellektualları, Kazımbəyin bu əsərini XIX əsrdə oxumaq bir yana dursun, heç indi də tanımırlar. Bizim dilçilik məktəbimiz isə B.Çobanzadədən və Ə.Dəmirçizadədən etibarən 100 ildir bu əsərdən istifadə edərək qurulmuşdur. (Yeri gəlmişkən, türkiyəlilər L.Qumilyov boyda qədim türklük tarixçisini də tanımırlar. Lap bu yaxınlarda Qumilyovun bir kitabını tərcümə ediblər, o tərcüməni ancaq Antiqumilyov adlandırmaq olar.)

Bəs görəsən osmanilər müasir türk dili qrammatikasını nə zaman yaza bildilər? 1940-cı ildə! Mirzə Kazımbəyin həmin əsərindən düz bir əsr sonra! Onu da napnazik bir kitabça həcmində dərslik! Nisbətən geniş qrammatika kitabını isə neçənci ildə yaza bilsəlar yaxşıdır, 1974-cü ildə! O vaxt isə Azərbaycan dilçilik məktəbi M.Şirəliyevin timsalında artıq bütün türk dili dialektləri üçün dialektoloji atlas hazırlayırdı. Ümumiyyətlə, beynəlmiləlçi sovet illərində Azərbaycanda iki humanitar elm sahəsi üzrə ciddi alimlər yetişdi və məktəb yarandı: birinci dilçilik, ikinci tarixçilik.

Yuxarıdakı müqayisəni ona görə verdim ki, bir azərbaycanlı “Türklərin dili (ya da dilçiliyi) bizimkindən çox inkişaf edib” deyib, ağzı əyiləsi olsa, niyəsini soruşmasın. Axundov 1850-1855-ci illərdə Azərbaycan diliylə pyeslər yazanda, baxın görün, osmanilər hansı dillə yazırdılar.

***

Terminləri filosoflar, alimlər, texniklər yaradar, dili isə xalq. Türkiyədə isə dünya tarixində görülməmiş hadisə baş verib: 1930-cu illərdə “türkləşmək inqilabı”na başlayan Atatürk lisanı-osmanini – osmani dilini təcili (təcili!) türkcəyə çevirmək üçün erməni dilçi Agop Martayan-ın (Dilaçar) başçılığı altında dil komissiyası qurdu. Dünənədək lisanı-osmanidə yazan, üstəlik heç biri dilçi olmayan bu adamlar bir erməni dilçisinin rəhbərliyi altında iclaslarda, kabinetlərdə, kağız üzərində sözlər, terminlər yaratmağa başladılar. Atatürkə hesabatlar hazırlanırdı, “bu ay bu qədər söz icad edə bildik” deyə.

Yeri gəlmişkən, türkiyəlilərin təkcə dil(çiliy)ini ermənilər qurmayıb, teatrlarını da ermənilər yaradıb. İstər Osmani teatrını, istərsə də Türkiyə teatrını. Osmani teatrını Aqop Vartovyan (1840-1902), Türkiyə teatrını isə Mardiros Mınakyan (1839-1920). Siz Azərbaycan teatrının qurulmasında erməni adı eşitmisinizmi?

Ancaq 10-15 faizi türkcə olan, buna görə də heç bir elmi qaynaqda türkcə adlandırılmayan, ərəbcə-farsca-türkcədən düzəlmiş üçayaq (sacayaq) bir dil olan osmanicədən türkcə yaradan bu adamlar nə Kazımbəyi oxumuşdular, nə V.V.Radlovu, nə H. Vámbéry-ni. Divani-lüqatit-türk, Qutadqu Bilik kimi bir-iki kitabdan (kitabdan!) süni bir dil – türkiyəcə uydurdular. Təsəvvür eləyin, iş nə həddə çatıbsa, Atatürk özü yeni terminlər düzəldib. Özü də hansı elmin terminləri olsa yaxşıdır? Həndəsənin!..

Yeni terminlər yaradarkən o terminləri orijinal dildən (sumercədən, hellencədən, latıncadan və s.) çevirmək əvəzinə, ərəbcə və farscadan (yəni suyunun suyundan) çevirdikləri üçün, saysız-hesabsız yanlış terminlər yaradıblar. Məsələn, ərəbcədir deyə, cəmiyyətə toplum deyiblər. Halbuki, ərəbcə “cəmiyyət”i yox, latınca orijinal “societas”ı tərcümə etmək gərəkirdi. Socius – dostluq bağları, ya da eyni həyat şərtləriylə bir-biriylə bağlı olan, eyni məkanda (salonda) əyləşən, yanaşı gedən, birgə addımlayan, eyni dəstə-yə bağlı olan, yoldaş, qonşu, dost, rəfiq, ortaq, şərik, iştirakçı, müttəfiq, həmkar, (həm)tay, həmcins insanlar deməkdir. Ərəbcə cəmiyyət sözü hərfən toplum kimi bir sözlə əvəzlənə bilər, ancaq societas əsla cəmiyyət və yaxud toplum adlandırıla bilməz. Çünki societas sociusların birgəyaşayışıdır, sadə cəmlənməsi və yaxud toplanması deyildir.

Türkiyəlilər yeni terminlər yaradarkən azərbaycanca, özbəkcə, türkməncə, qırğızca, qazaxca, xakasca, çuvaşca, uyğurca, başqırdca kimi lokal-milli dialektlərin lüğət fondundan, demək olar, heç bir söz götürməyiblər. Məsələn, elə bizim əyləc sözümüzü bəyənmirlər, ingiliscə fren deyirlər; yırtmac sözümüzü bəyənmirlər, fransızca dekolte deyirlər; külək sözümüzü bəyənmirlər, farsca rüzgar deyirlər; “baxmayaraq”ımızı bəyənmirlər, farsca “rəğmən” deyirlər; əydəm sözümüzü bəyənməyib, əyilim sözü düzəldiblər; bucaq sözümüzü bəyənməyib açı düzəldiblər… Minlərlə belə misal vermək olar.

Yeni terminlər uydurarkən nə XIII yüz illiyədəkki ortaq ümumtürk dilinin keçmiş lüğət fondunu, nə də özbəkcə, türkməncə, qırğızca, qazaxca, xakasca, çuvaşca, uyğurca, başqırdca, azərbaycanca kimi hansısa bir lokal-milli dialekti nəzərə alıblar. Məsələn, “ol” kökündən və nə üçünsə “-ay” şəkilçisindən düzəltdikləri və hadisə mənası montaj etdikləri olay sözünü uydurmağa ehtiyac yox idi, əski dilimizdə “hadisə”nin anadilli qarşılığı vardı; anlam deyə bir sözü uydurmağa ehtiyac yox idi, əski dilimizdə “məna”nın anadilli qarşılığı vardı. Yüzlərlədir belə faktlar.

Və yaxud, qırğızcada bəlgi, tatarcada bilgə sözü, eynilə bizdəki bəlgə sözü kimi, işarə, nişan deməkdir. Türkiyəlilər isə bəlgə sözünə sənəd (dokument) mənası veriblər. İndi biz dilimizin istər leksikasında, istər semantikasında nə üçün dəyişikliklər etməliyik?! Ümumiyyətlə, öz dilində düzəlişi kim etməlidir? Yanlışı düzlə düzəldərlər, ya düzü yanlışla?!

Biz onsuz da özbək, türkmən, qırğız, qazax, xakas, çuvaş, uyğur, başqırd və o biriləriylə az-çox ortaq dildə danışırıq. Özünü bütün türk dili ailəsindən ayıran Türkiyə olmuşdur. “İşdə, fikirdə, dildə birlik!” şüarı dil inqilabı həyata keçirəndə yada düşməliydi. Bu şüar indi yada düşübsə, olsun, onda Türkiyə zəhmət çəksin, birincisi, dil assimilyasiyasını dayandırsın, ikincisi, özünün kabinetlərdə qayrılmış kauçuk sözlərini milli dialektlərdə işlənilən təbii yaranmış sözlərlə əvəzləsin. Ortaq türkcə ancaq belə yarana bilər.

Amma biz nə görürük, bunun tam əksini: Türkiyə öz süni dilini dövlət müstəqilliyi olmayan və bizim kimi yarımmüstəqillərə yeritməklə məşğuldur. Və bu yeritmənin maskası – “ortaq türkcə”dir. Bu, dil assimilyasiyası deyil, bəs nədir?

Türkiyəcə bu saat onsuz da milli və təbii dialektləri assimilyasiya etməklə məşğuldur. Belədə, “ortaq türkcə” layihəsi bu assimilyasiyanı rəsmiləşdirmək cəhdindən başqa bir şey deyildir. “Ortaq türkcə” – dil assimilyasiyasının maskasıdır, yeni osmaniçilik imperializmidir. Planları – öz kauçuk dillərini bu boyda türkdilli xalqların ağzına soxuşdurmaqdır. Türkiyəcə əsasında “ortaq türkcə” o deməkdir ki, rədd olsun sizin milli və ən əsası da təbii dialektləriniz, bizim inkubator dilimizdə danışın!

Dünya intellektualları öz dillərində başqa dillərə tərcüməedilməz sözlər və yaxud hansısa ayrılıqlar (dissensus) axtarıb tapır, olmayanda bunu yaradırlar; hamı öz dilinin, bununla da öz milli dünyagörüşünün fərqliliyini, özünəməxsusluğunu göstərməyə çalışır. Sözgəlişi, çinlilər “dao”nu, hellenlər “loqos”u, M.Heidegger almancada “Sein”ı, “Ereignis”i, J.Derrida “différance”ı və s. Alman filosofları həmişə almandilli fəlsəfə terminologiyasının ingiliscəyə tərcümə edilməzliyi ilə öyünürlər. Bizim quşqovanlar isə ortaqlıq (konsensus) dalısınca düşüb ləhləyirlər, dilimizi hansısa siyasi oyuna qurban verirlər, ən qədim, yaşıbilinməz sözlərimizi uzaqbaşı 80 yaşı olan kauçukdan sözlərlə dəyişdirirlər. Hələ Azərbaycanda bu kauçukdan sözlərlə roman-moman yazanlar da var…

Azərbaycanlılar cib telefonuyla ilk dəfə tanış olanda, Motorola şirkətinin istehsal etdiyi, üstünə “Motorola” yazılmış cib telefonu gördükləri üçün, cib telefonuna “Motorola” deyirdilər; din deyəndə, elə indi də, ancaq “islam dini”ni nəzərdə tuturlar; xarici dil deyəndə “ingilis dili”ni başa düşürlər. Belə misalların sayını artırmaq olar. Son illərin bu sayaq sterotiplərindən biri də budur: azərbaycanlılar türk deyəndə gözlərinin qabağına ancaq türkiyəlilər gəlir, türkcə deyəndə qulaqlarında ancaq türkiyəcə sözlər səslənir. Bu hal bir yandan bizim novruzəliliyimizdən irəli gəlirsə, o biri yandan isə arxada dayanıb xain-xain gülən biclərin şüur monopolizmindən irəli gəlir.

Azərbaycan dilinin türkiyəcə tərəfindən assimilyasiyasına qarşı etiraz səsini qaldırmalı olan dilçilərin və ədəbiyyatçıların (onları hamınız yaxşı tanıyırsınız) hərəsi səlahiyyətli bir vəzifəni çırpışdırıb deyə, Türkiyənin hansısa idarəsiylə bu və yaxud başqa bir formada əlaqədədir deyə, Türkiyə bunları ildə bir-iki dəfə çağırdığı hansısa bir yığıncağa yenə də havayı dəvət etsin deyə və bu kimi belə şəxsi mənafe səbəblərindən etiraz səslərini çıxartmırlar, çıxartmayacaqlar da. Qalanları da kütləyə qarşı tək qalmaq, hətta siyasi iqtidarın acığı tutması ehtimalından da qorxub dillənmirlər.

Türkiyənin dil assimilyasiyasına qarşı Azərbaycanda kütləvi etirazsızlığın başqa bir səbəbi – bizimkilərin Türkiyədə həyata keçirilmiş dil inqilabından xəbərsiz olmaqlarıdır. Bir çox adam genəl-menəl, önəm-mönəm kimi sözləri Anadoluda min il qabaq yaşamış nənə-babalarımızın yaratdığı sözlər sanır, onları parabeyin bir erməni dilçisinin quraşdırdığını bilmirlər. Bir də ənənəvi paradoks öz işini görür: absurdun miqyası böyüdükcə, inandırıcılığı artır: heç kim dəliliyin bu boyda ola biləcəyinə inana bilmir.

Bir bolqar türkü tanışım var, deyir mənim nənəm-babam dilimizin ahəng qanununa uyğun formada alma deyir, ana deyir, bizim nəsil isə ahəng qanununu pozaraq elma deyir, annə deyir, bu olub osmanicənin bizə “yararı”.

Bəyəm bu xalq təkcə nefti özü sata bilsin deyəmi müstəqil oldu?! Bir ölkədə ana dilinin neftdən baha olduğunu bilənlər də olmalıdır. Neçə yüz il sonra dilimizin yiyəsi ona görə özümüz olduq ki, osmanicədən düzəldilmiş qondarma bir dili dilimizin üstünə köçürək?! Heç olmasa, ilıq kənd dili ilə ədəbi mənzərələr yaratmış Ə.Əylisli, M.Süleymanlı, F.Mustafa kimi yazıçılar dillənməlidirlər indi. Bu gedişlə yaxın onilliklərdə onların əsərlərinin dilini başa düşən qalmayacaq.

“Ortaq türkcə” layihəsi başdan-ayağa Türkiyənin mənfəətinə xidmət edən siyasi layihədir. Azərbaycan dövlət səviyyəsində dilimizin türkiyəcə tərəfindən assimilyasiyasına müdaxilə etməsə, dilimiz aradan gedəcək.

7 Mart, 2016-cı il

 

§§§

Güntay da çağrılan ağayi-Məniçöhrə dil dərsi

Ağayi-Məniçöhr!

Bir həftə qabaq mənim haqqımda verdiyin müsahibən yanlışlarla doludur. Mən sənə cavab yazmazdım, heç indi də ürəyimcə deyil sənə yazmaq, di gəl yazmasaydım, bu, bir sıra oxucuları yanılda bilərdi. Ancaq mən sənin məni sırf incitməyə və alçaltmağa hesablanmış sözlərinə yox, dil haqqında dediklərinə qısa cavablar verəcəyəm.

1. Demisən: Ağalar kişi Türkiyədəki dil inqilabını tənqid edərkən Geoffrey Lewis-dən “etkilənib.” O kimdir? Google-dan da soruşdum, 2-3 cümləlik məlumat verdi. Sən belə müəllifləri hardan tapırsan?!

2. Demisən: “Kaşqarlıdan sonra dilimizə ikinci ən böyük xidmət edən şəxs Dilaçar (Aqop Martayan – A.Q.) olmuşdur.” Ağayi-Məniçöhr! M.Kazımbəy, H.Vámbéry, V.V.Radlov, S.E.Malov, N.N.Poppe, N.İ.Aşmarin, G.J.Ramstedt, W.Bang, M.Räsänen, A.v.Gabain, E.Clauson, S.Q.Klyaştornıy, G.Nemeth, G.Hazai, Ə.Dəmirçizadə, M.Seyidov, M.Şirəliyev, E.Əlibəyzadə, T.Hacıyev, Q.Kazımov duran yerdə Aqop Martayan Dilaçar nəçidir?! İşdir, haradansa adını eşidib E.V.Sevortyan desəydin, hə, onu ciddi qəbul edərdim, Sevortyan doğrudan da böyük türkoloq olub, dilimizin etimoloji dərinliklərinə ən çox gedə bilən dilçilərdən biri olub, Bakıda da işləyib. Ancaq Aqopun adı it dəftərində də yoxdur, mən hələ onun adını hansısa elmi istinadda görməmişəm.

Aqopun adını heç türkiyələr özləri açıb-ağartmırlar, dillərini bir erməninin yaratması faktından utanırlar, adını bir küçəyə veriblər, onu da lövhəyə “A.Dilaçar” formasında yazıblar ki, erməniliyi bilinməsin. Sən isə onu Mahmud Kaşğari ilə yanaşı qoyursan.

Dilimizdə 200-ədək sonluq (şəkilçi) var. Köklər da bəllidir. Bir sonluğu bir kökə yapışdıraraq söz düzəldib, ona ixtiyari məna vermək çoxmu çətin işdir? Ağayi-Məniçöhr, bunu hətta sən də bacararsan. Məsələn, -cıl sonluğunu götür yapışdır dal sözünə, düzəlsin dalcıl sözü. Öncül var, dalcıl niyə olmasın, olsun. Dalcılın mənası da olsun, dalda qalan, dala gedən, tənbəl, bir sözlə, zəif. İndən belə “zəif”ə “dalcıl” deyək! Bax, sənin də dilini açan Aqop Dilaçarın xidməti bu sayaq olub.

3. Demisən: Genəl sözü genəlmək sözündən düzəldilmişdir. Bah! Nə yaxşı dedin, bilmirdik! Ağayi-Məniçöhr, Avropa dillərində çoxluq bildirən üç termin var: partikulyar (cüzi), qenerel (ümumi) və universel (külli). Partikulyar (latınca part – qisim deməkdir) bir neçə fərdə; qenerel (latınca qenus – cins deməkdir) bir neçə növə; universel (latınca universum – küll deməkdir) isə bildiyimiz hər şeyə aid deməkdir. Tutaq, bizim dövlət başçısının “Tələbələrin təqaüdü 100 manat artırılsın” sərəncamı partikulyar (qismi, cüzi) hökmdür, o, bir neçə min fərdə şamil edildiyi üçün. “Məməlilər – balalarını əmizdirən canlılardır” kimi bir hökm isə qenerel (ümumi) hökmdür, bu hökm itlər, insanlar, delfinlər kimi neçə-neçə növə aid olduğu üçün.

İndi sən özün de, genəlməyin, genişliyin, genliyin qenerel anlayışına nə isti-soyuğu var?! Çoxluq anlayışlarına sırf genəlmək kimi baxacağıqsa, bəyəm, partikulyar özü də (qismən də olsa) genəlmək deyil? “Qenerel” genəlmiş təsəvvür edilib “genəl” adlandırılırsa, onda “universel” də maksimum həddə genəldilib “cırıl” adlandırılmalıdır.

4. Demisən: “Dildə sinonum sözlər nə qədər çox olsa, bir sənət adamı, özəlliklə bir şair üçün yaradıcılıq imkanları artar.”

Ağayi-Məniçöhr, Türkiyədə Aqop Martayanın başçılığı altında aparılmış türkcələşdirmə inqilabı dili zənginləşdirmək bir yana dursun, əksinə, semantik baxımdan xeyli yoxsullaşdırmışdır. Məsələn, yeni yaradılan dildə (türkiyəcədə) “ömür”ə də yaşam deyirlər, “həyat”a da; “müəllif”ə də yazar deyirlər, “yazıçı”ya da; “vəziyyət”ə (ingiliscə situation, almanca Situation) də durum deyirlər, “hal”a (ingiliscə state, almanca Zustand) da.

İndi bir azərbaycanlı tutuquşu “ilginc” deyəndə bilmək olmur, əcaib, qəribə demək istəyir, yoxsa maraqlı; “yaşam” deyəndə bilmirsən ömür demək istəyir, ya həyat; “yazar” deyəndə anlamaq olmur, yazıçı demək istəyir, yoxsa müəllif; “durum” deyəndə bilmirsən vəziyyət demək istəyir, yoxsa hal. Hanı, bəs deyirsən dilimiz zənginləşir.

Burada mənə deyə bilərlər ki, ömür də, həyat da, müəllif də, vəziyyət də, hal da – hamısı özgə dildədir, ərəbcədir. Düzdür! Ancaq ərəbcə və farscadan dilimizi təmizləməyin yolu türkiyəcəni – “aqopca”nı dilimizə köçürmək yox, ərəbcə və farsca sözlərin anadilli qarşılığını dilimizin tarixində, şivələrimizdə, ayrı-ayrı ədəbiyyatçılarımızın əsərlərində, folklorumuzda, qohum dialektlərimizdə və s. axtarıb tapmaqdır, ən sonda (ancaq ən sonda!) yaratmaqdır.

Dilimiz öz göbək bağıyla bəslənməlidir. Türkiyəcə son 20-30 ildə bu bağa ilan kimi dolanıb sıxır və əvəzində ağzımıza öz süni və zəhərli yemini doluşdurur. Mənim bütün məqsədim dilimizin göbək bağının yolunu açmaqdır.

Folklorumuzdan misal: “Dərd məni almadımı? Döşəyə salmadımı? Çox gözləməm var idi, Gözümdə qalmadımı?” (Bayatı). Gör, necə ustalıqla ərəbcə “intizar”ı “gözləmə” ilə əvəzlədi! Bircə bayatıyla!

Ədəbiyyatımızdan misal: “Bəlkə əbədiyyət əbədiliyə, Təkərsiz, çəkərsiz gedənlərindir?” (Məmməd Araz, “Sahibsiz qəbirlər şeiri”). M.Araz burada lokomotov sözünü çəkər sözüylə əvəzləyə bilmişdir. İkicə misrayla!

Şivələrimizdən misal: Qazaxda ərəbcə “məsələn” qarşılığında “sözbelə” deyilir: “Sözbelə, mən sənin pis işiŋi görüf örtmüşəm üstünü”. Görünür, qabaqca bu söz “söz belə açılmışkən”, “söz belə açıldısa” kimi bir variantda deyilirmiş, sonralar qısalaraq “söz belə”, ardından da “sözbelə” formasına düşmüşdür.

Əsli ermənicə “örinaq” olub-olmaması da mübahisəli olaraq qalan “örnək” sözünə -in sonluğunun artırılmasıyla, ərəbcə “məsələn”i əvəzləmək üçün icad edilmiş “örnəyin” sözü hara, mənim qazaxlı bir kəndlimin yaratdığı “sözbelə” sözü hara? Üstəlik, -(i, ı, u, ü) n sonluğu səpin, qoşun, axın kimi isimlərdən də gördüyümüz kimi ancaq feil köklərinə artırılır. Örnək sözü isə isimdir. Belədə, örnək sözünə -in sonluğunu yapışdırıb, “örnəyin” kimi bir söz uydurmaq dilin qaydalarına ziddir.

Türkiyəlilər dillərini təkcə yoxsullaşdırmayıblar, həm də dilin musiqisini monotonlaşdırıblar. Alıblar əllərinə beş-altı sonluğu düşüblər dildəki köklərin üstünə. Adama deyən gərək, -(ı, i, u, ö, a, ə) m sonluğuyla bir belə də söz yaratmaq olar?! – Yapım, yayım, çəkim, seçim, tarım, tanım, verim, bilim, dirim, birim, quram, anlam, qavram, önəm, toplum, konum, doyum, durum, sürüm, eyləm, yaşam, söyləm, yatırım, kalıtım, devinim, açınım… -mm, -hım, -ham! Bu cür mırıltılı dillə hansı poeziya doğula bilər?! Bir cümlədə bu sözlərdən 3-4-ünü söyləmək bəs edir ki, bu dil qripə yoluxmuş adamın dili kimi səslənsin. Hələ 177 il bundan qabaq M.Kazımbəy dilimizin necə incə musiqili dil olduğunu yazmışdı. Türkiyəcə dilimizi qripə yoluxdurub, bizi mırıldadır, sənsə deyirsən: “Ağalar şeir ruhundan məhrumdur, biz şeir yazanda seçim-keçim-biçim sözləriylə yaxşı qafiyələr tutacağıq.”

Dilin anası – kəndlidir. Mən “ana dili” deməzdim, “kəndli dili” deyərdim. Ancaq, əlbəttə, kəndli dili yetməz, terminlər yaradılmalıdır. Bəs, kim yaradacaq bu terminləri və hansı metodlarla yaradacaq?! Alman xalqının fəlsəfə terminlərini kimlər yaradıb, bilirsənmi? M.Luther, M.Eckhart, Ch.Wollf, I.Kant, F.Hegel, M.Heidegger kimi adamlar, ta Aqop kimi “qenerel”i genəlmək kimi başa düşən bir adam yox. Özü də necə yaradıblar? Terminləri orijinaldan – əski yunancadan və latıncadan tərcümə edərək. Aqop isə ərəbcə və farscadan (suyunun suyundan) tərcümə edib.

5. Demisən: “Ayrıca, türk dilinin kökənini axtarmaq üçün şumerlərə baş vurmaq moda olmuş. Şumerlərlə türklərin əlaqəsi elmi əsaslara dayanmır… Ağalar özünü haqlı göstəmək üçün sumerlərə sığınmışdır.”

Ağayi-Məniçöhr, azərbaycanlı məşhur elam bilicisi, mərhum professor Yusif Yusifov (1929-1998) sumer dilinə keçən prototürk leksikasından danışan ilk alimlərdən biri olub. ABŞ-da məşhur dilçi N.Poppenin elmi rəhbərliyi altında doktorluq işi yazmış, altaistika və linqvistika professoru O.N.Tuna (1923-2001) isə özünün 34 illik sumer-prototürk tədqiqatını 1990-cı ildə 57 səhifə (!) həcmində çap etdirmiş, nizamlı səs uyğunluğu (regular sound correspondence) metoduyla 168 sumercə sözün türk dillərində yaşadığını göstərmiş, Harvard da daxil olmaqla ABŞ universitetlərində sumer-prototürk ortaq leksikasını isbatlamışdır. Tunanın gəldiyi yekun nəticə budur: “Sumerlər prototürklərlə eramızdan qabaq 3500-ci illərdə indiki Türkiyənin şərqində kontaktda olublar.”

Soruşuram səndən: indiki Türkiyənin şərqi hayandır? – Əlbəttə, Azərbaycandır! Bu bir.

İkincisi, Tunanın tapdığı 168 söz təkcə Türkiyədə danışılan dilin sözləri yox, ümumtürk dilləri sferasında olan sözlərdir. Və ən başlıcası: bu 168 sözün heç də hamısı Türkiyədə başa düşülmür, biz isə demək olar hamısını başa düşürük! Mən məqaləmdə çibin, qabaq kimi sözləri, bax, bu fakt üçün misal vermişdim.

İstəyirsənsə, misalları bir az da çoxaldım, sözbelə: çapmaq (yarmaq mənasında), iy (qoxu mənasında), ötmək (keçmək mənasında), çin (yuxusu çin çıxmaq mənasında), qadaq (Cəlilabad, Salyan, Şirvan, Sabirabad və Kürdəmirdə mıx, mismar deməkdir), san (sanamaq mənasında), yumaq (su ilə yumaq mənasında), isti, çağa, qalaq və s. sumercədə də işlənilmiş, azı 5500 yaşlı sözlərimizdirlər. Və türkiyəlilər bu sözləri başa düşmürlər, düşənlər də Osmaniyyə dövlətinin keçmişdə bizdən qopartdığı ərazilərdə (Ərzurum, Qars, Iğdır və b.) əsir düşüb qalan qızılbaş (alevi) azərbaycanlılardır. Aqopca danışan türkiyəlilər isə qızılbaş (alevi) danışığına kəndçi dili deyib gülürlər.

Bir sözlə: Dilimizin anadilli sözlük fondu Türkiyədəkindən həmişə çox olmuşdur, indi də çoxdur. Sənsə deyirsən: “Anadoludakı xalq dili ilə bizim dilimizdəki söz dağarcığı eynidir.”

6. Deyirsən: “Şumerlərlə türklərin əlaqəsi elmi əsaslara dayanmır. Məsələn Vill Durant yazır ki, şumerlərdəki tək hecalı sözlərin çoxu moğolcadır.” Ağayi-Məniçöhr, sumer vaxtı monqolca nə gəzirdi?! Bu günkü xalxa-monqolcanın ən qədim abidəsi eramızın 1225-ci ilinə aid Yesunke daşıdır. Ondan o yana monqolca adlandırılan sözlərin hamısı ümumtürkcədir. Bunu mən yox, monqolistlər deyir. Durant ciddi adamdı, o, belə yazıbsa, deməli o da prototürk-sumer ortaqlığını nəzərdə tutub. Sən mənə qarşı çıxmaq istərkən, mənim xeyrimə arqument gətirmisən, xəbərin olmayıb.

7. Demisən: “İmgə sözünün ingiliscənin image sözü ilə əlaqəsi yoxdur, bu söz bizdə him kimi işlənilən im sözündən düzəldilib. Süpürmək məsdərinin əmr formasına “gə” şəkilçisi artırılaraq süpürgə düzəldildiyi kimi, “im” əmr şəklinə də eyni şəkildə “gə” artırılaraq “imgə” düzəldilmişdir.”

Ağayi-Məniçöhr, birincisi, “(h)im” əmr şəkli bir qırağa dursun, heç feil deyil, ismin adlıq halıdır. Sənə “(h)im”dən feilin əmr şəklini düzəltmək lazımdısa, onda (h)imlə- olmalıdır. İkincisi, misal kimi verdiyin süpürgə (eləcə də, düşərgə, dalğa və s. sözlərdə) gördüyün -gə sonluğu isimlərə yox, ya feil köklərinə, ya da feil əsaslarına birləşə bilən sonluqdur, (h)im isə isimdir. Üçüncüsü, M.Kaşğaridə (h)im, (h)imləmək bəlgə sözündən fərqli olaraq ümumi mənada işarə yox, him-cim kimi mimik işarədir, göz-qaş işarəsidir.

Beləliklə, mən sözümdə qalıram, Aqop imgə sözünü ingiliscə image sözünə oxşadaraq düzəldib. Necə ki, onur sözünü fransızca honneur sözünə oxşasın deyə, sınır sözünü yunanca sunora sözünə oxşasın deyə və s. düzəltdiyi kimi. Karikaturadır bu, adını dil qoyublar.

8. Demisən: “Ağalar Cavidə qarşı sayqısızlıq etmiş”. Ağayi-Məniçöhr, “Anamın kitabı”ında C.Məmmədquluzadənin güldüyü, osmanicə əş’ar yazan Hüseyn Şahid obrazı kimi idi? – Hüseyn Cavid!

Deyirəm, nə yaxşıdır, Cavidin Bakıda oturub, Mirzə Cəlilin dilində yox, osmanicə yazması da düzgün imiş, sonra bu osmanicədən türkiyəcə düzəldən Aqop da düz eliyibmiş. Eh, bircə biz düz deyilmişik. Sonra da deyirsən: “Ağalar öz keçmişinin intiqamını almağa çalışır.” Bilirsən Freud bu fenomenə nə ad verib? – Proyeksiya mexanizması – özündə görüb, iyrəndiyi, rədd etdiyi duyğunu başqasının üstünə köçürmək (proyeksiya etmək). Adımı sənə qoyum məsəli.

Bir də sənə bunu məsləhət görərdim: Cavidin mətnlərini “aqopca”ya çox da güvənib elə hey incələmə, arada bir qalınla da, yoğunla da…

9. Demisən: Ağalar farsca bilmir, “Bu əksikliyi üzündən məsələn yazır ki, “külək” türkcə olmuşdur. Oysa külək əski farscada olan bir sözdür. Farsca səslənişi “kulak”dır.”

Ağayi-Məniçöhr, birincisi, H.Vámbéry hələ 1878-ci ildə yazıb: külək sözü cağatayca küləmək (uğultu ilə əsmək) sözündən yaranmış sözdür.

İkincisi, sən farsca bilirsənsə, oxuyarsan, H.Ə’mid də yazır ki, külək türk dillərindən farscaya keçmişdir.

Üçüncüsü, külək sözü, məncə, küy (gur-) kökü üzərində dayanır. Nənə-babalarımız səs-küylü, uğultulu, qar gətirən yelə külək deyiblər. Məncə, sözün başlanğıc forması küyləmək feilindən “küylək” olmalıdır. Küylək – daşlaq, qışlaq quruluşunda bir sözdür. Beləliklə, mən sözümdə qalıram: külək sözü öz dilimizdədir. Bizdən farscaya keçib, fars dilində ü və ö olmadığı üçün kulak olmuşdur.

Dördüncüsü, dilimizi yaxşı tədqiq etmək üçün farsca əsas dil deyil. Özün də gördüyün kimi, bilməyinlə öyündüyün farsca sənə külək sözünü tanımaqda kömək etmədi, halbuki ən düz bunu bilməli idin. Unutma, türkologiya sahəsində iki əsas məktəb var: rusdilli məktəb və almandilli məktəb. Sənsə bu dillərin heç birində oxuya bilmirsən.

10. Ağayi-Məniçöhr, gördüm özünə Gəncalp təxəllüsü götürmüsən. Ancaq “Gəncalp” adında vokal harmoniyası (səs ahəngi) yoxdur. Gəlsənə, onu ahəng prinsipinə uyğunlaşdırıb “Qancalp” edəsən (necə ki, sən Mahmud Kaşğarinin adını dəyişdirib Kaşğarlı yazırsan). Demək istəyirəm, sən heç özünə düzgün bir ad düzəldə bilməmisən, bu xalqın dili haqqında nə danışa bilərsən?!

27.03.2016

 

§§§

 

Prezident Administrasiyası şöbə müdiri Əli Həsənova açıq məktub

Hörmətli Əli müəllim!

 

XI əsrdə yaşamış ulu Mahmud Kaşğarinin öz əsərinə “Kitabi divanu lüqati-t türk” (Türk sözləri divanı kitabı) adı qoyması sayəsində dünya dilçilik elmində və türkologiyada azərbaycanca, özbəkcə, türkməncə, uyğurca, qazaxca, qırğızca və başqa bu kimi dillərin hamısı “türk dilləri” ümumi sərlövhəsi altında toplanılmışdır. Azərbaycanlı, özbək, türkmən, uyğur, qazax, tatar, başqırd və başqa bu kimi xalqlar üçün etnoqrafik (məsələn, “türklər” deyə) ümumi sərlövhə yoxsa da, Kaşğarinin əsəri sayəsində linqvistik (“türk dili” deyə) ümumi sərlövhə vardır. Hind-ari dillərinin bir-birinə bir ailənin üzvləri kimi qohumluğundan çıxış edilərək, hind-aricə danışan fars, rus, ingilis və b. xalqlar ümumi bir irq adı (“ari” irqi) altında toplanıldığı kimi, bəlkə gələcəkdə azərbaycanlı, özbək, türkmən, uyğur, qazax, tatar, başqırd və b. bu kimi xalqlar üçün də onların dil qohumluğundan çıxış edilərək ümumi etnoqrafik millət adı yaradıla bilər. Ancaq bu, uzaq gələcəyin ehtimallarından biridir, üstəlik, burada mövzumuz da bu deyil.

Yuxarıda adı çəkilən və çəkilməyən məlum xalqlardan hansınınsa təkbaşına özünə “türk”, özünün lokal dilinə isə “türkcə” adı götürməsi ona bənzəyir ki, Alma, Armud, Heyva, Nar, Gavalı və b. meyvələrdən biri – olsun Armud – öz adını dəyişdirmək istəyir və özünə, sözgəlişi, oğuzca, hunca, subarca kimi bir ad qoymaq əvəzinə, “Meyvə” adını götürür. Halbuki “meyvə” ümumi sərlövhədir, kimsənin təkbaşına adı ola bilməz. Hansısa Armud özünə Meyvə adı götürürsə, bəs, onda o birilər nədir? Bəyəm Alma meyvə deyil, ya Heyva meyvə deyil?! Bu yaxınlarda Arif Rəhimzadənin “Biz türk deyilik” sözü ətrafında yaranan səs-küyün də səbəbi bu idi. Bütün bu qarışıqlığa səbəb – tarixən böyük bir çoxluğa aid olan malın, ortaq sərvətin, ümumi sərlövhənin birisi tərəfindən təkbaşına mənimsənilmiş olmasıdır.

“Türkiyə türkcəsi” ifadəsi də yanlışdır. Çünki onlar öz dillərini əsla belə adlandırmırlar, nə rəsmi, nə də gündəlik danışıqda. Çünki dövlət orada dili rəsmən “türkcə” adlandırmışdır, “Türkiyənin türkcəsi” yox. Yaranan qarışıqlığı aradan qaldırmaq üçün ya gərək Türkiyə öz tarixi yanlışını düzəltsin – dövlət sənədlərində dəyişiklik edərək, öz dilini Türkiyənin türkcəsi adlandırsın (bu, olmayacaq!), ya da gərək biz öz dilimizə ayrı ad tapaq, çünki bilindiyi kimi “azərbaycanca” və yaxud “Azərbaycan dili” kimi coğrafi adlar uğurlu deyildir. Mənim öz dilimizə ad kimi təklif edəcəyim bir variantım var, ancaq onu indi buraya yazmayacağam.

Bu baxımdan mərhum prezident H.Əliyevin dilimizə indən belə “türkcə” adı verilməsinə razı olmaması çox-çox doğru qərar idi! Əks halda, dövlət dilimizin Türkiyə tərəfdən assimilyasiyasını özümüz öz əlimizlə legitimləşdirmiş olacaqdıq.

Dilimizi “Azərbaycan türkcəsi” adlandırmaq “türkcə” adlandırmaqdan da pis variantdır. Çünki onda belə çıxır ki, bizim dilimiz Türkiyənin dili ilə eyni səviyyədə dayanan dil yox, onun hansısa bir budağı – ləhcəsi (dialekti) statusundadır.

Əli müəllim!

Hamının neftin qiymətini, bank kreditlərinin faizini, korrupsiya yoluyla mənimsənilmiş pulların həcmini, növbəti devalvasiyanın vaxtını və b. hesabladığı bir vaxtda, camaatımızın türkiyəlilərin dilini güclü və enerjili, ingilislərin dilini qazancgətirici, rusların dilini mədənilik, ana dilimizi isə “kəndçilik” saydığı bir dövrdə Siz bir tədbir təşkil edirsiniz və kimsədən çəkinmədən açıq mətnlə orada belə deyirsiniz: “Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə almaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik?!”

Əli müəllim, Sizin “Dilimizə təhlükə Türkiyə türkcəsindən gəlir” fikriniz, üzr istəyirəm, bizi yaxşı mənada təəccübləndirdi. Mən Sizi bu tarixi mövqeyinizə görə bərk-bərk, özü də ayaq üstə alqışlayıram!

Xəbəriniz olsun ki, əksər xəbər saytları və internet tv-lər həmin tədbir haqqında gen-bol məlumat versələr də, ancaq həmin cümlələrinizi oxuculardan və tamaşaçılardan gizlətdilər. Bu, şəxsən bizə tanış mənzərədir, çünki biz də bu mövzuda yazdığımız məqalələri hər dəfə, çap etməsələr də, qəsdən 50-60 sayta göndərməyimizə baxmayaraq, onlardan olsa-olsa ancaq 4-5-i yazımızı oxuculara çatdırır.

Əli müəllim!

Azərbaycan sadə kəndlisi bir yana dursun, hətta oxumuşlarımızın da əksəriyyəti xəbərsizdir ki, onların indi eşidib bildikləri və türkcə saydıqları önəm, özəl, durum, ilginc, toplum, açıqlamaq, açıqcası, kavram, kural, yazar, eyləm və b. kimi minlərlə sözlər – 1932-ci ildə Türkiyə dövlətinin xüsusi fərmanla quraşdırtdığı qondarma sözlərdirlər. Yeni dil yaratmaq kimi vacib tarixi vəzifəni, məsələn, böyük türkoloq Ə.Hüseynzadəyə və yaxud o vaxt artıq Türkiyədən qovulub çıxarılmış M.Rəsulzadəyə yox, Beyrutda ermənidilli məktəbin direktoru işləyən və ermənicə məqalələr yazan, sonralarsa İstanbulda ingilis dili müəllimliyi edən Aqop Martayan adlı şəxsə tapşırdılar…

“Azəri türkcəsi” adlı kitabın da müəllifi olan həmin bu Aqop Martayan bir neçə ilin ərzində özündən minlərlə söz quraşdırsa da, yeni dil yaratma prosesində Azərbaycan dilinin söz fondundan bircə söz də götürmədi. O dövr Azərbaycan dili M.F.Axundovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, Ü.Hacıbəyovun və b. dili olsa da, görünür, yaramırmış…

Əli müəllim!

Biləcəyiniz kimi, dilçilikdə iki dil növü ayırd edilir: təbii dil və süni dil. Təbii dil dedikdə, bir xalqın kulturası içərisində yüz illər ərzində öz-özünə doğulub-böyüyən dil başa düşülür. Süni dil dedikdə isə, buraya yol-hərəkət qaydaları kimi sırf ünsiyyəti təmin edən konvensional işarələr toplusu kimi “dil”lər nəzərdə tutulur. Hansısa elmin terminoloji dili də müəyyyən dərəcədə süni dildir. Süni dil – əslində dil yox, kommunikasiya işarələri toplusudur.

Son 20-30 ildə dilimizə soxulan və yeridilən bütün bu kommunikativ işarələr də bir xalqın yaratdığı təbii sözlər olmayıb, konkret bir şəxs – Aqop Martayan tərəfindən qondarılmış kommunikativ süni işarələrdirlər. Aqop Martayan zər atma üsuluyla, sözgəlişi, “ön”ü “əm”ə yapışdırıb, “önəm” deyə bir söz qondarıb; “öz”ü “əl”ə yapışdırıb “özəl” deyə bir söz quraşdırıb və s.

Biz bütün bunlarla demək istəmirik ki, Aqop Martayan erməni olduğu üçün onun quraşdırdığı dil də qəbuledilməzdir. Türkologiyanın görkəmli professoru Ervand Sevortyan da erməni idi və ümumtürk dillərinin etimologiyasının öyrənilməsində bəlkə də ondan çox əmək qoyan doğruçu alim olmamışdır; əgər gələcəkdə hansısa ortaq türk dili birliyi yaranacaqsa, bu alimin adı orada hörmətlə yad ediləcəkdir. Ancaq Aqop Martayan türk dillərinin keçmişində arxaizm kimi uyuyub qalan yüzlərlə söz dura-dura, onları diriltmək əvəzinə özündən yeni sözlər quraşdırmaqla, türkiyəliləri ümumtürk dilinin keçmişindən qoparmışdır; Aqop Martayan özbəyin, qazaxın, türkmənin, bizim və b. dilindən sözlər almamaqla türkiyəliləri bütün türkdilli xalqlardan ayrı salmışdır; Aqop Martayan yeni sözlər düzəldərkən sözlərin etimolojik-tarixi mənasını nəzərə almadığı üçün yanlış, bəzən gülməli sözlər düzəltmişdir. Sözün düzü, adam şübhələnir də ki, bir nəfər bir belə səhvi doğrudanmı bilməyərəkdən etmişdir. Ancaq istənilən halda burada bizim məqsədimiz Aqop Martayan yaradıcılığını və yaxud türkiyəlilərin dilini analiz etmək deyildir, biz öz dilimizi bu qorxulu virusdan nə üçün qorumalı olduğumuzu izah etmək istəyirik.

Əli müəllim!

Gəlin, qabaqca bir dəqiqləşdirmə aparaq. Anadolu kəndlisinin dili bizə necə təhlükə ola bilər?! Onlar ərəbcə “sabah” əvəzinə “yarın”, farsca “asan” əvəzinə “qolay”, ərəbcə “hamilə” əvəzinə “gəbə” deməklə bizdən daha arı-duru ana dilimizcə danışmış olurlar. Bizim unutduğumuz, onlarınsa yaşatdığı, az da olsa belə bir neçə sözü, sözsüz, alıb dilimizə qaytarmalıyıq. Deməli, biz birinci növbədə ümumiyyətlə “türk dili” və yaxud “türkcə” anlayışını ötən əsrin 30-cu illərində Türkiyədə yaradılmış qondarma yeni dildən ayırd etməliyik; bunun üçün biz bu qondarma yeni dilə şərti olaraq “aqopca-türkiyəcə” adını veririk. Dilimizə təhlükə – məhz aqopca-türkiyəcədir.

Aqopca-türkiyəcə sözlər dilçilik elmi baxımından yol-nəqliyyat nişanları kimi kommunikativ işarələrdirlər. Dünyada heç bir türkoloq və yaxud dilçi Türkiyədə 30-cu illərdə konkret bir şəxs tərəfindən quraşdırılmış o qondarma sözləri nə semantik, nə tarixi, nə morfoloji baxımdan öz tədqiqatına, etimoloji analizlərinə daxil edir.

Əli müəllim!

Ana dili – xalqın mənəvi genidir (R.Dawkins-in “mem”i kimi). Dilimiz bu saat aqopca-türkiyəcənin radiasiyası altındadır. Bu radiasiyanın genetik təsiri kimi ölkəmizdə yaranan ilk mutantlar və yaxud ilk satqınlar – özlərinə “yazar” adı verən tayfadır. Ancaq onlar özlərinə yazar dedikdə, anlamaq mümkün olmur ki, bununla özlərinə müəllif demək istəyirlər, ya yazıçı, yoxsa publisist; çünki aqopca-türkiyəcə yazar sözü bunların hamısını birdən ifadə edir. Yeri gəlmişkən, dilimizin necə “zənginləşdiyini” görürsünüzmü?!.

Ancaq bunu da deməliyik ki, ana dilimizin anasını ağladan bu “yazar” sürüsü məhz Sizin hakimiyyətin – cəmiyyəti qolay idarə etmək məqsədiylə – kütləvi savadsızlaşdırma və kitabsızlaşdırma siyasəti nəticəsində belə çoxalıb, mediaya daraşdılar. İdmançılara yox, klassik ana dilimizdə, məsələn, Mövlud Süleymanlının dilində ədəbi nümunələr yaradanlara dil mükafatları təyin edilmiş olsaydı, belə olmazdı; 1992-ci ildə BMT tribunasında dövlət rəhbəri kimi Ə.Elçibəyin ana dilimizdə çıxış etməsi ənənəsi davam etmiş olsaydı, belə olmazdı; türkiyəli dövlət nümayəndələriylə görüşdə “Nasılsınız?” yox, “Necəsiniz?” deyilsəydi, belə olmazdı; dövlət vəsaiti ilə çəkilən serialların, filmlərin, edilən dublyajların, bütövlükdə televiziya və medianın, yazılan dərsliklərin və s. dilinə aqopca-türkiyəcənin bulaşdırılmasının qarşısı alınsaydı, belə olmazdı; ana dili nazirliyi qurulmuş olsaydı, belə olmazdı…

İndi həmin “yazar”lar yerbəyerdən deyir ki, aqopca-türkiyəcə sayəsində leksik xəzinəmiz (söz fondumuz) artır, deməli, dilimiz zənginləşir. Onlardan soruşmaq gərəkdir: Çoxluq haçan zənginlikdir, haçan zibillik? Bəyəm şişmək kökəlməkdir?! Nəsimilərin, füzulilərin “nəhnü-qəsəmna”, “xari-muğilan”, “ərşi-münəqqəş” kimi ərəbcə və farsca tərkibləri leksik xəzinəmizi zənginləşdirdimi, zibillədimi? Nəsimilərin, füzulilərin dəyəri – onların öz üçdilli şeirlərində anadilli sözlərimizi işlətməklə dilimizi qoruyub saxlamaqlarıyla ölçülürsə də, Dədə Qor Qutun, “Qutadqu Bilik”in bir çox sözlərini unutdurub, qəzəl janrının tələbləri xətrinə, yerinə ərəbcə və farscalarını qoyanlar da elə onlar – nəsimilər, füzulilər oldular. Sözgəlişi, Füzuli “məngi” (məngü) sözümüz əvəzinə ərəbin “əbədi” sözünü işlədəndə, dilimizin leksik xəzinəsi guya zənginləşirdi, nəticə isə bu oldu ki, “əbədi” “məngi”ni (“məngü”nü) udub unutdurdu. Və yaxud Nəsimi “örən” (orun) sözümüz əvəzinə ərəbin “məkan” sözüylə şeir qoşanda da, eyni məntiqlə dilimiz guya zənginləşirdi, halbuki bu zənginlikdə “məkan” “örən”i (“orun”u) dildən didərgin salıb keçib oturdu onun yerində. Yaxşı ki, Azərbaycan kəndlisi öz “dodağ”ını Nəsiminin “ləb”indən, öz “saç”ını Füzulinin “zülf”ündən qoruyub saxlaya bildi.

Dilimiz aqopca-türkiyəcə sayəsində son illərdə ərəbcələşməkdə, farscalaşmaqdadır. Məsələn, “baxmayaraq” əvəzinə ərəbcə “rəğmən”; “onsuz da” əvəzinə ərəbcə “zatən”; “necə” əvəzinə yarımərəbcə “nasıl (nə asıl); “dayaq” əvəzinə farsca “dəstək”; “dayaq durmaq” əvəzinə “dəstəkləmək” və s.

Bu, oğuzcanın gəlib qıpcaqcaya birləşməsi deyil ki, deyəsən: Dilimiz daha da böyüyür. Bu, dəmirdən, kauçukdan, plastikdən hazırlanmış cansız və qorxunc bir robotun təbii, canlı və zərif bir orqanizmanı boğub udmasına bənzəyir. Ancaq deyəsən bu robot bu işi özbaşına görmür, elə bil onu kimlərsə uzaqdan pultla idarə edir.

Məsələn, xəbəriniz varmı ki, mərhum akademik Ağamusa Axundovun ziyankar rəhbərliyi altında hazırlanan dördcildlik izahlı lüğətimiz nə gündədir? İstər folklor nümunələrimizdə, istərsə də Orta əsrlər ədəbiyyatımızda gen-bol işlənilən sayrı, qılaf, sanılı, nəsnə, bölməcə, görklü, çavlı və s. kimi dilimizin ən qədim onlarla sözünü, Dədə Qor Qutun yom, dölək, yarçımaq, yerindirmək, udlu, umur, dirim, toxunc və s. kimi onlarla sözünü, habelə Qızılbaşlar (Səfəvilər) dövləti aparatının saxlov (qazamat), ayaqçı (qasid), eşikağası (dövlət məmuru), atminən (yavər), gəzər (patrul) kimi inzibati terminlərini Lüğətə salmazkən, Lüğətin 2006-cı il nəşrinə gündəm, anlam, ortam, qarşılıq, ödül, ana yasa, özgün kimi neçə-neçə aqopca-türkiyəcə qondarma sözü ağu kimi usdufca yeridiblər. Yeni doğulan nəsillər bu sözləri ana dilimizin sözləri sayacaqlar. Həm də ona görə ki, Lüğətin köhnə nəşrlərini yox, məhz aqopca-türkiyəcəyə bulaşdırılmış 2006-cı il nəşrini internetə yerləşdiriblər ki, onları tutuşdurmaq mümkün olmasın.

Təkcə təbii sözlərimiz süni sözlərlə əvəzlənilmir, dilimizdə semantik dəyişmə də aparılır. Məsələn, bu yaxınlarda “yazar”lardan biri öz xəbərinə belə bir ad qoymuşdu: “Ərdoğan yenidən AKP-nin başına döndü.” Biz bu cümləni belə anladıq: “Ərdoğan yenidən AKP-nin başına dolandı, yəni o, AKP-yə yalvardı, AKP-ni əzizlədi.” Xəbərlə tanış olduqda isə aydın olurdu ki, sən demə bu, “başına dönməy”i “geri qayıtmaq” mənasında işlədibmiş, deməyəsən, Ərdoğan öz partiyasına sadəcə olaraq qayıdıbmış! Nəvaziş, yalvarış, əzizləmə bildirən, öz-özlüyündə isə çox əski bir kultumuzun dilimizdə qalan izi kimi “başına dönmək” (“başına dönərəm”) feilimizə qayıtmaq mənası verməklə, göründüyü kimi, ifadənin özünü qabıq kimi saxlayıb, içini dəyişdirirlər.

Başqa bir misal. Klassik Azərbaycan dilində “düzən” sözümüz rusca “step” sözünün anadilli əvəzidir. Məsələn, klassik azərbaycanca “Avrasiya düzəni” – “Avrasiya step(lər)i” deməkdir. İndi hansısa bir Aqop zəratma yoluyla “düzən” deyə bir söz düzəldib və heç kimi də vecinə almadan bu sözə nizam mənası verib və həmin aqopca-türkiyəcənin radiasiyasına məruz qalan yeni mutant dilimizdə “Avrasiya düzəni” artıq “Avrasiya nizamı” mənasını bildirməyə başlamışdır. Artıq step sözü əvəzinə düzən sözünü işlətmək mümkün deyil, çünki hamı onu nizam kimi anlayacaq!

Əli müəllim!

İki il bundan qabaq İran hökuməti qədim farscanın (qədim farscanın başlanğıcı e.ə. 5-ci əsrdən – I Daradan o yana keçmir) unudulmuş arxaizmləri hesabına müasir farscanın zənginləşdirilməsi üçün külli miqdarda vəsait ayırdı.

Sovet hakimiyyətinin beynəlmiləlçi olmasına, tarixi inkişafın subyekti kimi xalqları yox, sinifləri götürən marksizm ideologiyasına söykənməsinə, millilikləri silməyi qarşısına məqsəd qoymasına baxmayaraq, 1920-ci illərdən etibarən, sonralar isə daha intensiv olaraq Azərbaycanın ən müxtəlif rayon və kəndlərinə, hətta azərbaycanlıların yaşadığı Ermənistana, Gürcüstana, Dağıstana, Cənubi Azərbaycana dilçi ekspediyalar göndərilirdi. Bilirsinizmi nə üçün? Xalqın arasında işlənilən, ancaq kitablara, lüğətlərə düşməyən dialekt və şivə materiallarını yığmaq üçün və sonra onlardan anadilli terminologiya yaratmaq üçün. Bəs biz müstəqil olduğumuz son 25 ildə dilimiz üçün nə etmişik, onu aqopca-türkiyəcənin ayaqları altına atmaqdan başqa?!

Görün, hansı hala çatmışıq ki, orta yaşlı yazıçılarımızın artıq bir neçəsi öz müsahibələrində deyirlər ki, “Başqa dil bilsəydik, o dildə yazardıq, potensial oxucu sayı beş milyon olan bir xalqın heç kimə gərək olmayan dilində yazmazdıq.”

Cənubi Azərbaycanda yaşayan 30 milyondan çox xalqımızın müstəqil dövlət qurmaq istəyən təbəqəsi, bunu heç də maddi baxımdan daha yaxşı yaşamaq üçün istəmir; onlar orada maddi baxımdan pis də yaşamırlar. Onlar ana dillərincə təhsil ala, məktub yaza, elmi yaradıcılıq edə bilmək üçün müstəqil olmaq istəyirlər. Eyni sözlər Rusiyada yaşayan tatarlar, başqırdlar və b. barəsində də deyilə bilər. Elə bizim özümüzdə də, milli müstəqillik uğrunda mübarizənin 1950-ci illərin sonlarından etibarən közərən ilk işartıları – rus dilinin ana dilimizi sıxışdırmasına müqavimət kimi başlanmışdı. Deməli, xalqlar üçün təkbaşına ana dili – hətta müstəqil dövlət qurmaq istəmək üçün kafi səbəbdir.

Dünyada təqribən altı mindən çox dil var, ancaq bu say get-gedə azalır: dillər ölür. Proqnozlara görə bu əsrin sonunda qloballaşan dünyada yüzlərlə dil yox olmuş olacaq. Ləhcələr isə daha sürətlə məhv olmaqdadırlar. Birbəbir, sözbəsöz, mənabəməna dəyiş(diril)ərək onilliklər ərzində əriyərək yoxa çıxması real görünən dillərdən biri də bizimkidir. Bu proses başlayıb, artıq üçüncü onillikdir ki, davam edir: aqopca-türkiyəcə dilimizi udur. Hörmətli Əli müəllim, son bəyanatınızdan məlum oldu ki, Siz bu fəlakəti artıq görmüsünüz, qalır tədbir görmək.

14 Oktyabr, 2017-ci il

Eine Antwort zu DİL YAZILARI

  1. Mikayil İsmayilov schreibt:

    Salam Ağalar bəy. Siz Azərbaycan dili adının uğurlu olmadığını və başqa təklifinizin olduğunu qeyd etmisiniz. O təklifinizi deyərdinizdə.

    Like

Hinterlasse einen Kommentar