İSLAM YAZILARI

Ağalar QUT

DQİDK sədri Mübariz Qurbanlıya açıq məktub

Hörmətli Mübariz müəllim!

Mən Sizi bu iqtidarın ən intellektual və ən prinsipial kadrlarından biri sayıram. Siz bu vəzifəyə gətiriləndə, mən başa düşdüm ki, hakimiyyət islam təhlükəsini gec də olsa gördü. Bu vəzifədə Sizin olmağınız şəxsən mənim ürəyimcədir. Ancaq son günlər eşitmişəm, falçılığın qadağan edilməsini Nazirlər Kabinetinə təklif etməyə hazırlaşırsınız. Belədə, mənim Sizə elcarı deyəcəklərim var.

Bildiyiniz kimi, biz oğuzların Dədəsi Qor-Qut Ata boy boylayar, soy soylayardı. Oğuzlar bir işə başlamazdan qabaq o işin necə olacağını ondan soruşardılar. Dədənin dediyi olardı. “Boy boylamaq” və “soy soylamaq” ifadələri dədəqorqutşünaslıqda indiyədək ya yanlış şərh edilmiş, ya da ümumiyyətlə başa düşülməmişdir. Əski türkcədə boy-(lamaq), bağ-(lamaq), bay-(ılmaq), boğ-(ulmaq), boğ-(ça), bax-(ıcı), böy-(ü) kökləri semantik salxım meydana gətirirlər (H.Vamberi). Boy boylamaq əfsun etmək, sehrlə(n)məkdir. Dədə Qor-Qut qam-şamandı, qopuz çalar, boy boylar, boğulub bayılardı. Bay (qeyb) yüksəklik, bayılmaq ruhu göyə getmək deməkdir. Dədə Qor-Qut boy boylayıb bayılardı ki, oğuza qeybdən xəbər gətirsin.

“Qeybdən xəbər gətirmək” sonradan ərəbcə sözlərlə ifadə edilmiş əski türk anlayışı, qam-şaman ənənəsidir. Əski türkcədə qeybdən xəbər verməyə sovçuluq, sov sovlamaq deyərdilər. Soy soylamaq əslində sov sovlamaqdır. Sov (fonetik variantı: sav) xəbər, sovçu xəbər gətirən deməkdir. Farslar bizim sumercədən alınma “qut” sözümüzdən özlərinə “xuda” düzəltdikləri kimi, “peyğəmbər” sözünü də bizim “sovçu” sözünü kalka kimi tərcümə edərək düzəldiblər. Farsca “peyğəmbər” ərəbcə “rəsul”un yox, bizim “sovçu”nun və yaxud “sov sovlayan”ın, ərəbcə “kahin”in tərcüməsidir. XII-XIII yüz illiklərdə yaşamış Qul Əlinin “Qisseyi Yusif” əsərində oxuduğumuz “Yusif sovçu” Yusif peyğəmbər, “İshaq sovçu” İshaq peyğəmbər deməkdir. Dədə Qor-Qut da bir sovçu idi, oğuza sov(qat) gətirirdi.

(Osmanlı mədrəsələrində yüz illərlə ərəb dili təhsili aldıqları üçün türk dilini bilməyən, bu dili sonradan, kitablardan öyrənən türkiyəli dilbaz məmurlar osmanlıca sözləri guya türkcələşdirərkən həmin bu “sovçu” (fonetik variantı: “savcı”) sözüylə “prokuror” (osmanlıca: müddəi-ümumi) sözünü əvəzləyiblər. Siz dilin başına gətirilən oyuna baxın! Prokurorluğa savcılık deyən müasir türkiyəli oxucu keçmiş ədəbiyyatda “Yusif sovçu”nu “Yusif prokuror” kimi başa düşür indi.)

Dədə Qor-Qut bir baxıcı (baxşı, bəxşi) idi; ancaq baxıcı, ya da baxşı, bəxşi yazılış formaları da əslində yanlışdırlar, sözün orfoqrafiyası bunlardan biri olmalıdır: bağıcı, boyçu, böyüçü. Dədə Qor-Qut bir boy(u)çu, Anadolu türkcəsiylə desək, büyüçü, ərəbcə desək sehrbaz, əfsunçu, kahin, falçı idi.

Mübariz müəllim, ərəb peyğəmbər sehrbazlıq etməyi, qeybdən xəbər verməyi küfr elan edir, Dədə Qor-Qut isə boy boylar (sehrbazlıq edər), sov sovlardı (qeybdən xəbər verərdi). Deməli, islamın gözündə bizim Dədəmiz kafirdir. Sizin dediyiniz kimi falçılıq dələduzluqdursa, onda Dədə Qor-Qut həm də baş dələduzdur.

Əski türklərdə yağış yağdıran yada daşı olardı. Yeri gəlmişkən, cadu sözü yada sözünün fonetik variantı kimi görünür (cadu<yada). Yada daşıyla yağış yağdıranlara yadaçı, yatçı (caduçu) deyilirdi. Caduçuluq türk şamançılığının (qamlığın) bir formasıdır (M.Seyidov). Əski türklər çubuqlarla və oxlarla, aşıq sümükləri və zərlərlə, kəsilən heyvanın kürək sümükləri və içalatıyla, yuxu yozmaqla və s. fala baxardılar (J.-P.Roux).

Astrologiya da bizə özgə falçılıq növü deyil. Dilimiz ərəbcələşməmişdən öncə münəccimə (astroloqa) ulduzçu, nücum elminə (astrologiyaya) isə ulduzçuluq deyirdik. Ulduzçuluğun, ulduz falının kökləri isə bizə doğma sumerə gedib çıxır: sumerlilər “ulduz”a “ul” deyirdilər (F.Delitzsch).

Çinlilərin İ Tszin (“Dəyişmələr” fal kitabı) kimi, əski türklərin də runik əlifba ilə IX yüz illikdə yazıya köçürülən fal kitabı Irq Bitik (Yırq Bitik) vardır. Bizdə indi də cadu yazılmış mətnə “cadu pitik” deyilir. Atilladan tutmuş Əmir Teymuradək türk xaqanları irqləyirdilər (yırqlayırdılar), ərəbcə desək, fala baxdırırdılar; hamısının boy boylayıb bayılan sovçuları, qam-şamanları vardı və o xaqanlar idiot deyildilər. Əsl idiotizm sonra gəldi, səhralardan…

İslam bütün Asiyanın ən əski kulturalarını, o sıradan bizim tanrıçılığımızı qam-şaman ənənələrimizi yerlə-yeksan etmiş, günah sayaraq unutdurmuş, tarixi bir cinayətin adıdır. “İŞİD-çilərin ələ keçirdikləri ərazilərdə UNESCO tərəfindən qorunan, neçə minillik əski Assur, Babil və s. məbədlərini buldozerlər və gürzlərlə dağıtması Məhəmmədin Kəbədəki bütləri qırmasının davamıdır” (A.A.)

Paqan sözü latın dilində kənd deməkdir. Romada xristianlıq mərkəzdən çox uzaqda yerləşən kəndlərədək yayıla bilmədiyi üçün həmin kəndlərdə əski yunan bütpərəstliyi yaşamağa davam etdi. Xristian Romanın uzaq kəndlərində yaşayan əski yunan bütpərəstliyi paqanizm (kəndçilik) adı aldı (F.Baykan). Xilafətin mərkəzindən uzaqda yerləşən Azərbaycanda ta bu günədək yaşayan və indi Sizin qadağan etməyi təklif etdiyiniz falçılıq da belə bir paqan (kəndçi) kulturadır, Azərbaycanın milli paqanizminə daxildir.

Bizim xalq belə deyir: “Heyvan-ı (mal-qaranı və s. – A.Q.) küt bıçaqla kəsmək günahdır.” (Ağbaba, Qərbi Azərbaycan). Bu, xalqımızın hətta bir heyvanın ağrısı iləqurduğu empatiyadır (ağrıdaşlıqdır). “Heyvanı küt bıçaqla kəsmək olmaz” tələbinin qaynağı, insanı daşqalaqla, daş-daş (yavaş-yavaş) öldürən islam şəriəti deyildir. Ancaq buna baxmayaraq azərbaycanlı öz milliliyini özgənin adıyla, öz törəsini (əxlaqını, adət-ənənəsini) özgənin “günah” anlayışına bağlayaraq yaşatmışdır. Neyləyəydi yazıq?!

Anam mənə deyərdi: “Bala, qaranquşa daş atma, küsəyənin yuvasını dağıtma…” Hansımıza belə deməyiblər? Niyəsini soruşmuşuq, yenə “günahdır!” deyiblər. Bu, əslində təbiətə ekoloji yanaşmadır. Ərəbin dinində quşu, mal-qaranı incitmək haçandan günah sayılıb? Nəinki günah, səhih hədislərə görə kərtənkələ öldürmək islamda hətta savab sayılır.

Azərbaycanlıların az qala yarısı seyidlərdir, hər yerində ocaqlar, Əshabi-Kəhf kimi qutlu daşlar, qayalar var. Biz müsəlmanlaşmazdan çox-çox qabaqdan ta indiyədək ölülərimizi ağı deyib oxşayırıq, baş daşı (büt!) qoyuruq, qırx gün yas tuturuq; dədəmizin goruna and içirik, bar verməyən ağacı balta ilə qorxuzuruq, halva bişirib Al Anası üçün gecə səhərəcən üstü açıq saxlayırıq və bütün bunların hamısına dini don geyindirmişik, guya islamın günah və yaxud savabına görə belə edirik. Görürsünüzmü, özgələşməyə məcbur qalmış xalq özünü düşmənin özüylə qoruyub saxlayıb. Aşıqlarımızın Stalin sayaq geyinməkləri kimi.

Bir oğlu, ya da qızı olsun və beləcə Bayındır xanın buyruğuyla bir də qara çadıra qondurulmasın, altına qara keçə döşənməsin deyə, acları doyu(zdu)ran, yalıncaqları don(l)adan Dirsə xanı yadınıza salmaq istəyirəm. Bir dilək diləyib acları doyu(zdu)rmaq, yalıncaqları don(l)atmaq ənənəsi də eyni yolla, əhd eləyib nəzir vermək kimi adlar altında, yenə islamiləşdirilərək yaşadılmışdır.

Bizim milli paqanistlər (seyidlər, baxıcılar, cadubitikçilər, falçılar və b.) də gördükləri işi, yaşatdıqları ənənəni islama calayır, öz fəaliyyətlərini bu yolla legitimləşdirməyə çalışırlar. Azərbaycanda özünü islamdan bu yolla qorumağın, düşmənin özündən istifadə edərək özgələşməmək taktikasının elə islamca yaşı var.

Mübariz müəllim, bizim milli paqanizmimiz başdan-ayağa xurafatdırsa, guya islam nədir?! Nano texnologiyasıdır?! Sizə elə gəlmirmi ki, tam əksinə, Azərbaycan milli paqanizmini xurafatlaşdıran elə islam olmuşdur, məsələn, təsəvvürümüzə cin elementini, Əzrayıl obrazını soxmaqla, o dünya nağıllarıyla və s. Yeri gəlmişkən, müsahibənizdə “Qurani-Kərim özü bir elmdir” deməyiniz çox ayıb idi.

Bu yerdə Sizə Azərbaycan nağıllarını da xatırlatmaq istəyirəm. Nağıllarımızın motivləri monoteistik dinlərdən çox-çox keçmişlərə gedib çıxdığı üçün bu nağıllarda allahın gücü yoxdur, quruca adı vardır. Allahın adını isə nağıllara müasir müsəlman nağılçılar salıblar.

Nağıllarımızda qəhrəman gedərgəlməz yolu seçir. Dara düşür, ancaq darda qalmır, qurtulur və muradına yetib, gedərgəlməzdən geri gələ bilir. Qəhrəman daşa dönür, ancaq sonra məlum olur ki, yeddi dağın dalında bu daşdan silkinməyin yolunu bilən bir ipəyi qarı yaşayır. Düzdür, ora gedən yolun üstündə yeddi qardaş div yaşayır, ancaq o divlərdən qurtulmağın da yolları tapılır, qəhrəmana allah yox, göyərçin kömək edir, zümrüd quşu kömək edir və s. Bir sözlə, nağıllarda sonda insan qalib gəlir. Nağıllarımızdakı insan allahın qulu deyil, əksinə, o, özü möcüzələr göstərir. Bu, “Allah istəsə verir, istəməsə vermir” deyən islam fatalizminə qarşı nağıllarımızda yaşayan magik-fəlsəfi humanizmdir.

İnsanlarımız hələ də ocaqlara, seyidlərə, falçılara, baxıcılara gedirlərsə, deməli, onların öz talelərini dəyişdirməyə inamları indiyədək sönməyib. Bu ki gözəldir! Deməli, bu xalq islama çox da aldanmayıb. Deməli, islamdan öncəki keçmişimiz hələ durur! Bundan sevindirici xəbər ola bilərmi?!

Falçılıq xoruz döyüşdürmək kimi, yuxu yozmaq kimi, qulaq falına çıxmaq kimi zərərsiz məşğuliyyətdir. Dünyada proqnostika, futurologiya kimi elmi sahələr dura-dura falçının verdiyi biliyin hansısa epistemoloji-elmi dəyəri yoxdur sözsüz. Hər halda dərvişin Parisi partlada biləcəyinə inana bilmərik. İslam isə falçılığa elm olmadığı üçün yox, öz rəqibi olduğu üçün qarşı çıxmışdır və çıxır. Təhlükəli olan – elmin surroqatına çevrilmək iddiasında olan islamın özüdür. Falçılıq indi sadəcə psixoloji rahatlaşma oyunudur. Lap pullu da olsa “Sən itiyini tapacaqsan”, “Sənin uşağın olacaq”, “Sən bu azardan qalxacaqsan” kimi könüllü aldanış oyunlarının və psixoloji ovundurmaların nəyi pisdir?! Falçılıq fəaliyyəti qolaylıqla lisenziyalaşdırıla, vergi sisteminə bağlana bilər. Bir-iki bic dələduza görə yadelli islamın mövqeyindən çıxış edib, xalqın neçə minillik doğma ənənələrinə hücum çəkmək böyük yanlışlıq olacaqdır.

Dələduzluq forması kimi istənilən fəaliyyət yolverilməzdir və istənilən fəaliyyəti qazanc qaynağına çevirmək olar. Öz gözəlliyini satan qadınlar da var; məşhurluğunu kapitalizmin reklam çarxları üçün satanlar da var; tutduğu vəzifəsinin verdiyi səlahiyyətlərdən sui-istifadə edənlər də var. Onda gözəlliyi, məşhurluğu, səlahiyyətləri qadağan etməliyik?! Bic dələduzları, əlbəttə, hər zaman cəzalandırmaq gərəkdir. Dələduzlar istənilən sahədə var. Tarixdə dələduz peyğəmbərlər də olmuşdur…

Azərbaycanda qadağan edilməli bircə nəsnə varsa, o da islam ideologiyasıdır. Döyməyə, əl kəsməyə, qisas almağa, öldürməyə çağırışlar – Quranda; xalqlararası düşmənçiliyə çağırış – Quranda; qadının ikinci sort cins sayılmasının qaynağı – Quranda; mövhumat və xurafatın qaynağı – Quranda (məsələn, qadınların cinlərlə seksi – Rəhman surəsi, 56, 74). Bir ideologiyanı qadağan etmək üçün daha nə olmalıdır?!

Azərbaycan dilində hələ də farsca “bəli” demək, ərəbcə “xeyir” demək mədənilik, öz dilimizcə “hə”, “yox” demək kəndçilik sayılır. Öz dilimizdə bircə misrasını da oxumadığımız N.Gəncəvi Azərbaycanda hələ də füzulilərlə, nəsimilərlə yanaşı qoyulur, hətta bəzən lap onlardan üstün sayılır. Hələ də muğam saz sənətindən, xanəndə aşıqdan yuxarı başda otuzdurulur. İndi isə dövlətin din işləri üzrə baş məmuru islamın ağzıyla milli paqanizmimiz haqqında “Onlar səmavi dinlərdə onsuz da qəbul edilmirlər”, deyir. Mübariz müəllim, mən başa düşürəm, yüz illərdir sürüb gələn inersiya var, alışqanlıq var, azadlığa da gərək öyrəşəsən. Ancaq Siz də gərək bunu başa düşəsiniz: İslam səmavi yox, səhravi ideologiyadır.

Bu xalq öz milli paqanizmini – insanın öz taleyini dəyişdirmək gücünə inamını yüz illərdir ocaqlarda, pirlərdə, cadu bitiklərlə qoruyub saxlamaqdadır. Şərti olaraq falçılıq, ya da başqa bir termin altında ümumiləşdirilən inam və fəaliyyət toplusu islama qarşı bizim indilik dağınıq və xaotik də olsa milli teoloji alternativimizdir. Unutmayaq, XIV yüzillikdə başlanan Avropanın yüksəlişi – Renessans – avropalıların xristianlığa alternativ kimi paqanizmi kəşf etməkləriylə başladı. Falçılıqda Sizin və bizim hamımızın xeyrinə közərən bir işıq var, bilmədən islamçıların tərəfinə keçib o işığı söndürməyə çalışmaq yox, əksinə, onu gurlaşdırmaq gərəkdir.

Mübariz müəllim, mən romantik millətçilik təbliğ etmirəm; Azərbaycanda islama yoluxanların və qurşananların sayının gündən-günə artdığı bir dövrdə Sizə, daha doğrusu, Sizin simanızda Azərbaycan Respublikası rəhbərliyinə bütünlüklə praqmatik strateji konsepsiya təklif edirəm. Madam, ideoloji iş aparmaq niyyətiniz var, Azərbaycan paqanizmini etno-kulturoloji fenomen kimi öyrənən mərkəz qurdura bilərsiniz. Falçılarımız (seyidlər və b.) özləri bilmirlər nəyi yaşadırlar. Aşıqlarımız nəyi yaşatdıqlarını bilmədikləri kimi. Onlara başa salınmalıdır ki, onların öz fəaliyyətlərinə haqq qazandırmaq üçün yaşatdıqları ənənəni islama bulaşdırmaqlarına artıq ehtiyac yoxdur. Əski türkqaynaqlı inamları qadağan edərək, islamçılaşmanın yolunu bir az da genişləndirib islamçıları sevindirmək əvəzinə, milli paqanizmi islamçılığa qarşı dirçəltmək gərəkdir. “Bunlar mümkün deyil”, deməyə tələsməyin. Dünənədək meyxana da öləzimişdi, islam da öləzimişdi. Dəyərlər şkalasında ayrı-ayrı dəyərlərin yerləri dəyişdikcə onların adı da, çəkisi də dəyişir: dünənki mütrübə indi sənətçi deyirlər; dünənki mollaya indi ilahiyyatçı deyirlər. Falçı sözündəki mənfi çalar islamın apardığı gözdənsalma təbliğatının nəticəsidir.

Dədə Qor-Qutu kafir elan edən islamın milli paqanizmimizə qarşı mübarizəsi hələ də davam edir.

09.11.2015

 

§§§

 

Misir prezidenti Sisi:

İslam müqəddəs deyil, onu biz, öz aramızda müqəddəsləşdirmişik.

Misirin yeni prezidenti Sisi bir neçə ay bundan qabaqkı çıxışlarının birində deyib: “Problem Allaha inanmaqda yox, bizim öz aramızda (öz aramızda, yəni lokal! – A.Q.) müqəddəsləşdirdiyimiz ideologiyadadır.”

Bəs, öz aramızda, yəni ümumbəşəri xarakter daşımadan, müqəddəsləşdirdiyimiz bu ideologiyanın adı nədir? – İslam dini! Ancaq Sisi bunu belə açıq demir, daha doğrusu, Əl-Əzhər universitetində, din alimləri və şeyxlər qarşısında çıxış edərkən açıq  deyə bilmir.

Ancaq o, “Mən dindən yox, ideologiyadan danışıram” dedikdən iki-üç cümlə sonra “Biz öz dinimizdə inqilab etməliyik” deyəndə, bayaqdan “ideologiya” sözüylə nəyi nəzərdə tutduğu bəlli olur. Məncə, o, din və ideologiya terminləri arasında oynayaraq, bilərəkdən qarışıqlıq yaradır.

Sisinin fikrincə, bu ideologiya bütün dünyaya düşmən kəsilib, o, bütün insanlığı məhv etməyə, bütün dünyanı dağıtmağa hazırdır. Sisi bunu “ağlasığmaz” adlandırır,  o, “bu, dəlilikdir” demək istəyir.

Sisi demək istəyir ki, din bir zamanlar (məsələn, K.Marx-ın dilində) yuxuladıcı, məzlumlaşdırıcı tiryək (opium) idisə, indi o, yuxuqaçırdan, dəli edən təhlükəli maddədir.

Sisi deyib: İslam ümməti ancaq öz dininin tələbləriylə əlləşir, dünyanı görmür, eşitmir, ən əsası da özünə qıraqdan baxa bilmir. Sisi belə demək istəyir: Dünya üçün qorxunc qulyabanıya çevrilmişik, ancaq bundan xəbərimiz yoxdur.

Bu yerdə Sisidən soruşmaq olar: Bəs, ideologiya ilə dini necə ayırd edəcəyik? Sisi sualı qabaqlayıb deyir: “İdeologiya dini ideya və mətnlərin cisminə bağlanmaqdır.”

Onda Sisiyə etiraz etmək olar: İslamı islam edən elə məhz ayə və hədisləri cismən başa düşməkdir. Müqəddəsləşdirmə də elə bu nöqtədə başlayır. Üstəlik, islamın ruhu çoxmu gözəl və təhlükəsizdir?! Məncə, Sisi bunları bilir, ancaq yenə də üstüörtülü danışır.

Misir kimi bir dövlətin başında Sisi dünyagörüşündə bir şəxsin dayanması bütün islamdan zərərçəkənlər və çəkəcəklər üçün böyük xoşbəxtlikdir.

İslamın din yox, ideologiya olması haqqında mən də dönə-dönə yazmışam, Sisi-nin dediklərini görünür buna görə çox bəyəndim. Avropada da islamın ideologiya olduğunu bilənlər var, bunlar yazılır, oxunur; ancaq belə etiraflar bir dövlət prezidentinin ağzından səslənəndə təsiri qat-qat güclü olur.

Atatürk Türkiyəsi islama basıldıqdan sonra, Misir xalqı Sisinin başçılığı altında islamda inqilab edə biləcəkmi? O, islamın prinsipcə müqəddəs olmadığını öz xalqına başa sala biləcəkmi?

Hər halda Sisi-yə uğurlar diləyək! Əks halda, onun iqtidarını dini qiyam və şəxsən özünü də ağır cəza gözləyir. Ürəyimiz Abd al-Fattah as-Sisi ilədir.

18.10.2015

§§§

„Sonuncu vaqona kişilər minməsin“ dini təklifinə qarşı,

mənim „Aralı dur, ara burax!“ sivil təklifim

Ayıb sayılan mənəvi qüsurlar tarixən hər yerdə eyni olmamışdır, indi də eyni deyildir; sözgəlişi, qədim yunan kulturasında şəhvət yox, qarınqululuq əsas mənəvi nöqsan sayılırdı; əski türklərdə, o cümlədən də bizim islamdanqabaqkı keçmişimizdə ən əsas mənəvi nöqsan qorxaqlıq idi. Şəhvət, seksuallıq, qadın məsələləri ərəblərin islamına yoluxmağımızdan qabaq heç vaxt bizim kulturamızın əsas problemi olmayıb, heç indi də o qədər deyil.

İslam ərəb matriarxat kultuna qarşı yarandığı üçün, o, yarandığı gündən qadınlara, qadınlığa, qadın mövqeyinə qarşı düşmən münasibətdə olmuşdur. Yeni yaranmış islam ideologiyası ərəb matriarxatını məhv etməyə çalışmış, qadın cinsinin özünə də az qala düşmən kəsilmişdir.

İslam öz tarixi ənənəsinə sadiq qalaraq indi də qadın problemini o dərəcədə qabardır ki, sanasan, bu təlim qadın oxu üzərində fırlanır. İslamda qadın məsələsi o dərəcədə mərkəzdə dayanır ki, islamçılar öz qadın təsəvvürlərinə bir sıra düzəlişlər edə bilsəydilər, bütün dünyada islam problemi azalmış olardı.

Azərbaycanda öz qadın problemlərini həll etməmiş gənclərin bir hissəsi indi seksual manyak, bir hissəsi araq içib intihar etmək istəyən „şair“ və „yazar“ (melanxolik-bohemiyen həyat tərzi), bir hissəsi də saqqallı islamçı olur.

Bir saqqallı islamçı özünün dişi ehtiyaclarını həll edə bilməmiş kişidir. Çadraya bürünmüş dişinin ağlında isə kişidən başqa heç nə yoxdur.

İslamçılar körpə qızları çadraya bükürlər ki, onlara qarşı şəhvət oyana bilər. Əsas kitabları Quranda qadın ikinci sort insan cinsi yerinə qoyulur, döyülməkləri tapşırılır, bir kişi bir neçə qadın alır və s. Özlərinə nümunə götürdükləri peyğəmbərlərinin isə şəxsi qadın reputasiyası dillərdə dastandır… Bütün bunları nəzərə aldıqda, islamçıların modern kişi-qadın problemlərinə düzgün həll yolları təklif edə biləcəklərinə inam azdır.

Bunları ona görə yazdım ki, „Sonuncu vaqona kişilər minməsin“ təklifinin arxa planını azacıq da olsa görə bilək.

Bakıda ictimai minik vasitələrində yaranan sürtünmə (petting) probleminin səbəblərindən biri insanlararası „iraqlıq“ (məsafə, distansiya) anlayışının bilinməməsidir; bəzən tanımadığın, yaxınında durmaq istəmədiyin, hətta çəkindiyin bir şəxs sənin hətta ağzının içinə girə bilər, səni qucaqlaya, öpə də bilər. Fərqi yoxdur əks cins olsun, ya olmasın, bu, istər-istəməz diskomfort yaradır.

Avropa cəmiyyətlərində ictimai yerlərin çoxunda növbədə dayanmış insanların öz hədəflərinə (satıcıya, kassaya, məmura və b.) yaxınlaşdıqdan sonra növbəti şəxsin arxada bir az aralıda dayanmasını tələb edən xüsusi xətt və ya yazı olur. Azərbaycanda isə sən bəzən öz hədəfinə (satıcıya, kassaya və s.) çatırsan ki, sözünü deyəsən, sənin arxanda dayanıb hələ gözləməli olan tanımadığın şəxs artıq gəlib dayanır düz sənin böyründə, başlayır sənə baxmağa, qulaq asmağa və s.

Azərbaycanlı nazirlər və məmurlar camaatı toplu şəkildə qəbul edirlər. Təsəvvür eləyin, 50 adamın içində utana-sıxıla ayağa qalxıb problemini danışmalısan. Orda heç kim danışa bilməz. Nazirlər və başqa məmurlar ya gönüqalınlıqlarından bunu qanmırlar, ya da lap yaxşı qanırlar, ancaq bilərəkdən insanlara belə şərait yaradırlar. İnsanların privat zonasının qapalılığı və toxunulmazlığı qorunmalıdır. Bunun üçün sivil cəmiyyətlərdə iraqlıq (məsafə, distansiya) anlayışı var.

Avropa cəmiyyətləri üçün bir neçə iraqlıq ölçüsü ayırd edilir: intim iraqlıq – ailə üzvlərinin və çox səmimi dostların buraxıldığı radius, nəfəsin duyulduğu qədər ara (0-50 sm.); danışıq iraqlığı – məsələn, mağazada kassirlə aramızdakı iraqlıq, qol uzunluğu qədər ara (50 sm. – 1 m.); sosial iraqlıq – məsələn, küçədə nəsə soruşduğumuz tanımadığımız bir yoldan ötənlə aramızdakı iraqlıq (1 m. – 4 m.); publik iraqlıq – məsələn, çimərlikdə qumun üstündə çılpaq uzanmış şəxslə öz aramıza qoyduğumuz iraqlıq (4 m.-dən başlanır).

Bu iraqlıqların ölçüsü kulturadan kulturaya dəyişir. Sözgəlişi, Asiya və Latın Amerika ölkələrinin kulturası, bu sıradan bizim kulturamız da istiqanlı kulturalar olduqları üçün bu iraqlıqlar olduqca qısadır. Biz istiqanlı asiyalılar bir-birimizə əlimizlə toxunmağı, qucaqlamağı və s. canıyananlığımızdan edirik, ya da elə başa düşürük. Bir də kənd və rayon yerlərində bu iraqlıqlar daha da qısa olduqları üçün və son illər Bakıda kənd və rayonlardan gələn insanların çoxalması da bu iraqlıqları az qala yox etmişdir. 

Avropa insanının soyuqqanlılığıyla yanaşı Avropada sıxlığın (hər kvadrat metrə düşən insan sayının) az olması da insanlararası iraqlıqların çox geniş olmasına imkan yaradır. Bakıda isə təkcə ictimai minik vasitələrində – avtobusda, metroda yox, bütövlükdə şəhərdə sıxlıqdır. Bu isə Bakının urbanistik baxımdan neçə illərdir düzgün genişləndirilməməsindən yaranmışdır.

Haqqında danışdığım bu iraqlıqlar fərdin toxunulmazlıq çevrələrinin (zonalarının) radiuslarıdır. Özü də təkcə əks cinsə qarşı deyildir, hamıya aiddir; təkcə seksual niyyətə qarşı deyildir, ümumiyyətlə, insanın privat zonasına girilməzliyi ifadə edir. Bunlar insanlararası ictimai sərhədlərdir.

Üstəlik, icazə verilməyən privat zonaya təkcə fiziki yaxınlaşmayla deyil, baxmaqla da girmək olmaz; sözgəlişi, başqasının balkonuna boylanmaq, maşınının  içində qucaqlaşanlara əyilib baxmaq, kimisə dincələrkən güdmək və s. bunlar təkcə ayıb deyil, eyni zamanda hüquqi pozuntu sayılmalıdırlar.

Sonda mənim bir təklifim var:

„Kişilər sonuncu vaqona minməsin!“ aksiyasına qarşı mən „Aralı dur, ara burax!“ aksiyası təklif edirəm.

Bizim istiqanlı asiyalılığımız, kəndli canıyananlığımız, Bakıdakı darlıq və s. aralı durmağı, ara buraxmağı indilik çətinləşdirsə də, mən bu problemin uzunmüddətli, başqa bir çox problemin həlli üçün də yararlı və nəhayət sivil həllini belə görürəm. Həm də düşünürəm ki, bir-birindən aralı durmaq qaydası və ənənəsi bizim bir xalq kimi sıxılmağımızı dayandırar və bəlkə də genişlənmək (ekspansiya) arzularına təkan verə bilər.

08.11.2015

 

§§§

 

Ya müşrik olmağı seçin, ya terrorçu olmağı

Əlcəzairdə doğulub, Fransada yetimxanada böyüyən Kouachi qardaşları Parisdə Charli Hebdo jurnalının redaksiya binasını gülləbaran edəndən sonra bəyirirdilər: “Allahu Əkbər! Peyğəmbərimizin qisasını aldıq! Charlie Hebdo-nu öldürdük!” Bu gün artıq Fransa teraktlarının hamısını Əl-Qaidə öz üzərinə götürüb.

Azərbaycan adlı “qamışlıq”da (M. F. Axundov) isə ölülərin xoru cüyüldüyür: “Bu teraktın islama aidiyyəti yoxdur; bu, bizim dinimizi ləkələmək üçün güclü dövlətlərin işidir; ümumiyyətlə, terrorun islamla əlaqəsi yoxdur; bu, qurama oyundur, terror deyildir” və s. və i. Ay ölülər, dünyanın dörd bir yanında islam adı, məzmunu, bayrağı, etiqadı, Quranın və hədislərin təfsiri altında tək-tək fərdlər də deyil, bütöv-bütöv terror təşkilatları var, fəaliyyət göstərirlər, minlərlə üzvləri günü bu gün Məhəmmədin dini yolunda şəhid olmaq həsrətindədirlər, siz nə sayıqlayırsınız orda?!

Elə təkcə sizin o “müqəddəs” kitabınızda müdafiə xarakterli də yox, açıq hücuma çağıran “öldürün!” əmrli ayələrinizi hara soxuşduracaqsınız? Məsələn, Tövbə surəsi 5-ci ayədə oxuyuruq: “Müşrikləri harada tutsanız, öldürün…” Bəqərə, 191-də oxuyuruq: “Onları görsəniz, öldürün”. “Belə ayələr o dövrə və o məkana aid idi” desəniz, onda birincisi, siz hansı haqla Allahın əbədi əmrlərinin bəzilərinin qüvvədən düşdüyünü (nəsh) iddia edirsiniz; ikincisi, Quranda qüvvədən düşmüş neçə belə ayə var, bunların siyahısını tərtib edib, Quranı bir az ixtisar etmək, adam içinə çıxarıla bilən hala gətirmək olmazmı?

Baş verən və verəcək terror aktlarını eləcə qınamaq yalan və azdırıcıdır.

Yalandır, çünki hamınız ürəyinizin dərinliyində “Yaxşı oldu, qoy, müsəlmanların gücünü görsünlər, qoy, bizdən qorxsunlar, bunları belə eləməsən, bir də gördün, Məhəmməd haqqında lap gülməli film də çəkdilər!” deyib sevinişirsiniz, necə ki, Rafiq Tağı öldürüləndə üzünüzə saxta məyus görkəm verib, arxada xısın-xısın hırıldayırdınız.

Azdırıcıdır, çünki terror anlayışını yox, terroru bəsləyən dünyagörüşünü, terroru yemləyən yanaşmanı, terrora səsləyən ayələri, kitabı, uşaqbaz qıllı manyakın sözlərini, bir sözlə, terrorun nəzəri əsasını rədd etmək gərəkdir! Yoxsa, abstrakt terroru qınayıb, hələ üstəlik bu terrorun islama aidiyyəti olmadığını da söyləməkdən qolay nə ola bilər.

Sizin səmimi və dürüst olduğunuza ancaq bir halda inanmaq olar ki, belə deyəsiniz: “Düzdür, Quranın və hədislərin terrorçu yozumu da vardır, mümkündür, islam qətlin və qisasın mənbələrindən biri ola bilər; di gəl, belə yozum yanlışdır, pisdir, yolverilməzdir”. Yəni heç olmasa bunu boynunuza alın ki, islam azacıq başqa cür şərh edilməklə, hamıya düşmən, paxıl, qanlı bir ideologiyaya çevrilə bilər. Bax, onda inandırıcı olarsınız.

Kimdir cahil? Siz, ya islamçı terrorçular? Modern islam terror nəzəriyyəsini yaradan Abdalla Yusif Azzam islam hüququ üzrə doktorluq işini Əl-Əzhər universitetində müdafiə edib. Sizsə o universitetin bircə məqaləsini də oxumamısınız. İŞİD-in xəlifəsi Abu Bakr al-Bağdadi islam hüququ üzrə elmlər doktorudur. Əl-Qaidə, Müsəlman qardaşları kimi çoxlu silahlı təşkilatların nəzəri əsasını isə islam ideoloqu Seyyid Qütb hazırlamışdı. Axtarsaq, o biri terrorçubaşları da islam alimi çıxacaqlar. Siz isə elə bilirsiniz terrorçuluq bədəninə bir-iki kilo bomba bağlamaqla qurtarır, ay-hay. Terrorizm artıq bir islam elmidir. Sizin isə heç Quranı başdan sonacan oxumağa hövsələniz çatmamışdır. Olmaya, siz 15-20 il yaşlı islam illüziyanızı terrorçu məktəblərin dini biliyindən üstün sayırsınız?

Kimdir mömin? Siz, ya islamçı terrorçular? Sizin “nəzirinizi” kəssələr, dönüb dininizdən qaçarsınız, terrorçularsa özlərini partladırlar, ev-eşiklərini atıb gedirlər, ailələrini bu yolda qurban edirlər, ağrımırlar. Bəlkə siz özünüzü terrorçulardan mömin sayırsınız?

Solçu yönümlü Charlie Hebdo satirik jurnalı təkcə Məhəmmədin deyil, bütün böyük dinləri ələ salan karikaturalar dərc etmişdir, siyasi və ictimai tanınmış şəxsləri satiralarıyla daim gülüş hədəfinə çevirmişdir və bunlara görə dəfələrlə məhkəmələrə düşmüşdür. Siz modern ateizmin, maarifçi fəlsəfənin, Böyük Fransız İnqilabının vətənində Məhəmməd tabusu yaratmaq xəyalındasınız? Adi vaxtlarda 60 min tirajla dərc edilən Charlie Hebdo jurnalı gələn həftə Məhəmmədin həmin karikaturalarıyla 1 milyon tirajla çap ediləcəkdir! Necədir, sizin üçün?! Hə, karikaturalaşdırma davam etməlidir! Siyasi mütləqiyyəti bəsləyən dini mütləqiyyət tarixən blasfemiya ilə yıxılmışdır, islamda da belə olacaqdır!

Bir neçə aydır Azərbaycan mediasına heç baxmırdım. Fransada baş vermiş terror aktı səbəbiylə dünən açıb baxdım bir sıra xəbərlərə və münasibətlərə. Azərbaycan “qamışlığ”ının publisistləri və yazarları bir yandan demokratik idarəetmə, aydınlanma (maarifçilik) və Fransız inqilabı mənşəli Avropa dəyərləri, liberal azadlıqlar perspektivindən yekə-yekə dəmlər vururlar, islam adı gələndə isə bir anda dönüb olurlar islam müdafiəçiləri; Azərbaycan mediası çevrilir olur Taliban bəyannamələri. Biri 700 il qabaq baş vermiş səlib yürüşlərini yada salır, o biri Fransa tərəfindən Əlcəzair azadlıq hərəkatında öldürülmüş insanları xatırladır. İslam vəkilliyi azmış kimi, bir yandan da rus mənbələrinə söykənərək, Qərbdən gələn xəbərlərə güvənsizlik bəyan edirlər. Şəxsən mən bu teraktla əlaqədar azərbaycan dilində islamın günah payı nədir, nə qədərdir mövzusunda bir münasibətə rast gəlmədim. Azərbaycanda heç bir media orqanı düşüncə azadlığına görə az qala bütün redaksiya heyəti öz iş yerində silahlı basqınla öldürülmüş bir jurnalla heç bir solidarizm nümayiş etdirmədi. Hamı Mollanı suçlayır, Oğrudan danışansa yoxdur. Azərbaycanda artıq heç kim Qərb-İslam qarşıdurmasında Qərbin yanında deyil? Sizi ərəb kültürünə nə bağlayır, ölülər?!

Şübhə özlüyündə pis alışqanlıq deyildir, ancaq bu şübhə Azərbaycanda nədənsə daim islammüdafiəçiliyi yönündə və Qərb dəyərlərinin alçaldılması hesabına baş verir.

Azərbaycanda demokrat da deyir Məhəmmədin karikaturasını çəkmək olmaz, islamçı da; təhlükəsizlikdə yaşayan yazar da deyir Məhəmmədə toxunmaq olmaz, diplomatik səpkidə danışmağa məcbur qalan millət vəkili də.

Azərbaycanda islamın radikallaşması ancaq bu siyasi hakimiyyətin suçudursa, Əl-Qaidə kimin suçudur, Boko Haram kimin suçudur, Əl-Şəbab kimin suçudur, bəs Taliban, bəs Hizbullah, bəs İŞİD? Yoxsa, onların oxuduğu Quran deyil, ya onlara saxta hədislər çatıb? Başa düşün, problem özəkdə, nüvədə, mahiyyətdədir. Tez-tez “Milyard yarım müsəlmanıq” deyirsiniz, bəs nə üçün o milyard yarımın təqribən 50 milyonunun din yolunda şəhid olmağa, yəni terror etməyə hazır vəziyyətdə olduğunu dilinizə gətirmirsiniz?

Azərbaycanda biclər və biliksizlər Məhəmmədin guya düşmənlərinə qarşı yumşaq davrandığı haqda şayiələr yayırlar. Yalandır, Məhəmmədin öz düşmənlərinin öldürülməsinə, qisas əmri verdiyinə dair tarixi faktlar var. (Yaxın günlərdə oxuyacaqsınız). Quran özü dəfələrlə əmr edir: “Qisas alın!” Nə dünyəvi məhkəmə!

Azərbaycanda son zamanlar artan qısqanclıq qətllərinin səbəbi də artan islamçılıqdır. Çünki islamda belə qətllər “şərəf qətli”, “fəxrli qətl” (almanca: Ehrenmord) adlandırılır və savab sayılır. Arvadını, bacısını, qızını baltalamış qatillərin fəxarəti islami mənşəlidir.

Parisdə baş verənlər guya islamı ləkələmək üçün imiş, İŞİD-i İsrail yaradıbmış, Əl-Qaidəni ABŞ; axundovlar, mirzəcəlillər, sabirlər islam diniylə yox, möhvumatla mübarizə aparıblar, Babək islama qarşı olmayıb, Darvinizm yanlış nəzəriyyədir və s. Niyə? Çünki sizin bir postulatınız var: “İslam pis ola bilməz, bizim peyğəmbərimiz ülvi insanlıq etalonudur, bizim dinimiz ən kamil dindir”.

Bu postulatla siz özünüz bir fanatikdən, bir terrorçudan keyfiyyətcə heç nə ilə fərqlənmirsiniz. Açın dəftərlərinizi yazın, tövhid (vahidçilik, monizm) yanaşması fanatizmin, terrorizmin, totalitarizmin nəzəri əsasıdır. Terrorçu da eynilə sizin kimi düşünür: bir Allah, bir din, bir təfsir, bir peyğəmbər, bir şeyx, bir imam, bir yol, bir, bir, bir..! Bu “bir”lərə şərik qoşmaq, “Bu da var” demək, əksini, ikincini, alternativi irəli sürmək, tənqid söyləmək artıq müşriklikdir; müşrikləri isə harda tutsanız, o söz.

Müşrikliyi lənətləyirsiniz, ancaq nəyi lənətlədiyinizi bilmirsiniz. Müşrik – plüralist və tolerant deməkdir. Müşrikliyi lənətləmək, tövhidə qapılmaq, ikincini, əksi, alternativi tanımaq istəməmək islamçılıqdır, fanatizmdir, terrorçuluqdur! Gözlərinizi iri-iri açıb oxuyun, islamçı olmaq “light” terrorçu olmaq deməkdir, terrorçu sizin əlisilahlı, belibombalı halınızdır, islam bir terror ideologiyasıdır, hər bir islamçı potensial terrorçudur, onu terrorçuluqdan keyfiyyət yox, kəmiyyət ayırır! Həmişə hər bir prinsipin tarazlaşdırıcısını, şərikini, əksini, alternativini, tənqidini qoymağa çalışan Qərb düşüncə tərzi isə mahiyyətcə müşrik düşüncə tərzidir. İndi seçim sizindir: ya müşrik olacaqsınız, ya terrorçu.

10.01.2015

§§§

Rafiq Tağıdan 2 il sonra

Bu gün Rafiq Tağının qətlindən 2 il ötür və bu terrorun aydınlaşmaması bir çox sualı hələ də açıq saxlayır.

Bu yazımda mən düşüncələrimi bölüşərkən, üzümü mövcud hakimiyyətə tutub danışacağam.

***

Rafiq Tağı cinayətinin müəmmalı qalması bir çoxlarının yadına Ziya Bünyadov və Elmar Hüseynov cinayətlərini salır və sizə qarşı şübhələr haqlı olaraq artır. Mənim üçün məsələ çoxdan aydın olsa da, lakin siyasi motivli olduğu açıq-aşkar olan əvvəlki qətllərdən fərqli olaraq, Rafiq Tağının qətlində bir çoxları üçün iki şübhəli var: İran şəriətçiləri və siz.

Ancaq vaxt uzandıqca, hətta neytrallar da indiyəcən açılmamış bu cinayətlər arasında paralellik qururlar və beləcə şəriətçilər təmizə çıxmış kimi görünür, sizin susqunluğunuz fonunda onların dilləri uzanır, dünyəvilər isə qorxmağa başlayır və susurlar.

Çünki indiki şəraitdə dünyəvilər Azərbaycanda iki şeydən qorxurlar:

1) Həm birbaşa şəriətçilərdən gələ biləcək cəzalandırıcı zərbədən;

2) Həm də sizin özünüzdən; çünki şəriətçilərə qarşı özünüzə lazım olan hansısa hücumu bəhanələndirmək üçün, hər hansı bir islam tənqidçisinə ölümcül zərbə elə sizin özünüzdən də gələ bilər.

Zərbənin sizdən gəlmədiyini və gəlməyəcəyini sübut etmək və dünyəviləri cəsarətləndirmək və himayə etmək üçün Rafiq Tağı cinayətini mütləq açmalısınız.

Çox da ki, siz radikal şəriətçiləri təqib və həbs edirsiniz, amma məscidlər tikməklə yanaşı, dini ədəbiyyatın və dini medianın geniş miqyasda yayılmasına da əla şərait yaradırsınız.

Nəticədə, dünyəvilər çaşbaş vəziyyətdə qalıblar, çünki sizin dini mövqeyinizi və islamçılıq hərəkatına münasibətinizi anlamaq olmur. Rafiq Tağı qətlini açın ki, xalqda aydınlıq və qətilik yaransın.

İranla döş-döşə gəlməkdən çəkinirsinizsə, heç olmasa, cinayətin izini İran sərhəddinədək gedib çıxdığını inandırıcı dəlillərlə sübut edib, göstərin.

Beləliklə, indiki halda cinayətin açılmaması cəmiyyətdə re-islamizasiyaya qarşı qərarsızlıq və müqavimətsizlik yaradır.

Sizin hakimiyyətiniz dövründə, Qarabağdan sonra, xalqdan səmimi dəstək ala biləcəyiniz yeganə bir mövzu yaranıb: dünyəvilik.

Azərbaycanda Axundov-Zərdabi xəttini davam etdirmək istəyən və islama meyl etmək istəməyən, orta və yeni, böyük bir nəsil var. Dünyəvilik məsələsində onlar sizə dəstək verməyə hazırdır. Amma əgər onlar ölümə, ölkəni bir-bir tərk etməyə, qorxub susmağa və yaxud psixoloji əks-nəticə kimi dönüb dindarlaşmağa məhkum edilsələr, siz meydanda tamamilə dayaqsız qalacaqsınız.

Bu cinayəti açın ki, cəmiyyətdə sekulyarist, humanist və ateist yazarlar cəsarətlənə bilsinlər. Siz onları tək qoysanız, onlar da sizi tək qoyacaqlar.

Dinçilik hərəkatını təhlükə olaraq görürsünüzsə, dünyəvi ictimai qüvvələrə dəstək və himayə olun.

Yox, əgər bütün bunları ona görə edirsinizsə ki, Qərbə Azərbaycanda yeganə dünyəvi güc olduğunuzu göstərəsiniz, onda unutmayın, ağacın iki başı var, sonda siyasi xilaskarınız kimi planlaşdırdığınız islamçılar özləri sizin cəlladınız ola bilər.

Xəbəriniz varmı ki, artıq islam əleyhinə yazıları demək olar ki, heç bir sayt dərc etmir, ya da qorxusundan bu mövzuda yazan artıq yoxdur.

Axı, nə üçün və niyə Azərbaycanda ateist, humanist, sekulyarist yazılar dərc edən saytlar, qəzetlər, teleproqramlar olmasın? Bunlara imkan vermirsinizsə, olanları da qapatdınızsa, bəs islamçılara nə üçün geniş özünütəbliğ imkanları yaradırsınız?

Siz iqtidar yox, hakimiyyətsiniz. Çünki Azərbaycanda hakimiyyətin formalaşmasından etibarən idarəetmənin heç bir məqamında cəmiyyət özü əslində iştirak etmir. Son seçkilər də bunu açıq-aydın göstərdi.

Fəqət cəmiyyəti uzaqda saxlamaq vərdişiniz o həddə çatıb ki, özünüzə lazım olduqda belə, cəmiyyətin iştirakına demək olar ki, heç nədə imkan yaratmırsınız. Hər şeyi zorakılıq yolu ilə, qaba metodlarla həll etmək yolunu tutubsunuz.

Düşüncə tərziniz budur: “Cəmiyyətin xeyrindənsə, zorakılığın şəri yaxşıdır”. Amma unutmayın, islam burada istisnadır. Bəlli bir nöqtədən sonra islama zor tətbiq etməyin də xeyri olmayacaq.

Siz sovet ateistlərisiniz. Buna görə də islamı yaxşı bilmirsiniz. İslamın psixologiyasından, xüsusilə, son 30-40 ildə bu ideologiyanın necə qlobal xərçəngə çevrilməsindən də bixəbərsiniz. İslam dünyasında baş verən proseslər mövzusunda sizə məlumat verə biləcək kadrlarınız və araşdırmaçılarınız da yoxdur.

Hər kültürdə bir-birinə əks iki, bəzən üç vektor olur. Azərbaycan kültüründə iki kontrast vektor var: maarifçi-avropaçı vektora qarşı ənənəçi-dinçi vektor. İslamçılıq indi özünü Azərbaycanda milli modernləşmə modeli kimi təqdim edir.

Siz artıq bu iki əks vektor arasında yaranan burulğana düşmüsünüz. Və şəxsən mən inanmıram ki, siz Azərbaycanı bu burulğanda düzgün idarə edə biləcəksiniz, amma heç olmasa buna çalışın ki, hakimiyyətdən düşərkən, Azərbaycanı şəriətçilərin əlinə buraxmayasınız, şəriətçilərə qalacaq bir Azərbaycan qoyub getməyəsiniz. Çünki Azərbaycan dini quyuya düşsə, oradan bir daha çıxa bilməyəcəkdir.

Yaxın illərdə meydanda şəriətçilərlə baş-başa və üz-üzə qalmamaq, dünyəvi qüvvələri səfərbər etmək və yeni dünyəvi müxalifətin formalaşması üçün Rafiq Tağı cinayətini mütləq açmalısınız.

Unutmayın, yaxın illərdə ənənəvi müxalifətin də köməkliyi ilə sosial etirazlar dini məcraya sarı axa bilər. Sonda qarşınızda “Allahu Əkbər!” bağıran dünənki dünyəvi müxalifətçiləri görə bilərsiniz. Necə ki, artıq indidən onlar o cürdür.

Şərləyib həbs etdiyiniz şəriətçilərin hər biri bir neçə il sonra həbsxanadan cahil islamçı kütlənin gözündə bir qəhrəman kimi çıxacaqlar. Siz onlara çox səhv olaraq qəhrəman imici bəxş edirsiniz.

Halbuki, hakimiyyətdə qalmaq üçün şəriətçiləri gücləndirmək yox, dünyəvi müxalifətin formalaşmasına kömək etmək lazımdır. Siz isə onları həbs edirsiniz. Rafiq Tağı cinayətini açın ki, dünyəvilər güclənsin və cəsarətlənsinlər.

Praqmatik olun, şəriətçilər güclənsələr, onlarla bacarmayacaqsınız. Çünki şəriətçilərdəki qəzəb və eşq sizin pula, təntənəli yaşayışa və seksə olan hərisliyinizdən və özünü reproduksiya edə bilməyən ənənəvi müxalifətin idealistliyindən daha şiddətlidir. Bu, mənada şəriətçilər sizdən də, sizin polislərinizdən də mənəvi baxımdan güclüdürlər.

Bəlkə də Rafiq Tağının öldürülməsini sifariş edənlər, hətta cinayəti yerinə yetirənlər də artıq müəyyənləşdirilib, amma bu, İrana, ya da Azərbaycandakı irançı qüvvələrə qarşı nə vaxtsa kontrafaktik zərbə vurmaq üçün ehtiyatda saxlanılır, kim bilir.

Rafiq Tağı o qədər gur işıqlı insan idi ki, o, təkcə yazar və həkim ömrü ilə deyil, qətli ilə də cəmiyyətdə gizli gedən bir çox prosesin üstünə işıq sala bildi. Onun qətlinin açılması da ictimai şüur və gələcəyimiz üçün böyük aydınlıq olacaqdır.

23 Noyabr, 2013-cü il

2 Antworten zu İSLAM YAZILARI

  1. Farid schreibt:

    Salam Ağalar Məmmədov.Sizin blogunuzu bir neçə aydı ki davamlı izləyirəm.Bildiyimə görə filozofsuz.Sizə sualım olacaq.Cavablasaz sevinərəm ya bu haqda bir yazı yazsaz.Dünyanın bir çox elm adamları fəlsəfənin uzun illərdi ortaya qoyulmuş suallara cavab tapmadığından „öldüyünü“ deyillər.Yəni fəlsəfəylə akedemik səviyyədə məşğul olmaq mənasızdı kimi fikiləri var.Sizin buna cavabınız və ya
    münasibətiniz necədir?
    Təşəkkürlər.

    Like

  2. Farid schreibt:

    Salam Ağalar Məmmədov.Sizin blogunuzu bir neçə aydı ki davamlı izləyirəm.Bildiyimə görə filozofsuz.Sizə sualım olacaq.Cavablasaz sevinərəm ya bu haqda bir yazı yazsaz.Dünyanın bir çox elm adamları fəlsəfənin uzun illərdi ortaya qoyulmuş suallara cavab tapmadığından „öldüyünü“ deyillər.Yəni fəlsəfəylə akedemik səviyyədə məşğul olmaq mənasızdı kimi fikiləri var.Sizin buna cavabınız və ya
    münasibətiniz necədir?
    Təşəkkürlər.

    Like

Hinterlasse einen Kommentar