“Ortaq türkcə” maskalanmış osmaniçilik imperializmidir

Ağalar QUT

Modern türkologiya elmi, ulu azərbaycanlı Mirzə Kazımbəyin 1839-cu ildə yazdığı “Türk-Tatar dili qrammatikası” əsəriylə başlanır. Bu əsər çap ediləndə, sonrakı görkəmli türkoloqların – H.Vámbéry-nin hələ 7, V.Thomsen-in 3, V.V.Radlov-un isə 2 yaşı vardı. Kazımbəy bu kitabında türk-tatar dilinin dialektlərindən ən yaxşı bildiyi dialektləri sadalayarkən, birinci “Aderbidjan dialekti”nin adını çəkir, kitabda türk-tatar dilinin qaydalarını izah edərkən isə hər dəfə Azərbaycan dialektindən misallar verir. Bu isə o deməkdir ki, modern dünya türkologiya elmi Azərbaycan dili üzərində yola çıxmışdır. 9 il sonra alman dilinə tərcümə edilən bu əsər Avropa alimlərinin əlinə çatmış olur.

Azərbaycanın rus dilini bilən XIX əsr ziyalıları – başda M.F.Axundov, M.C.Topçubaşov, H.Zərdabi və b. olmaqla, ardından C.Məmmədquluzadənin “Molla Nəsrəddin”çiləri də daxil, Kazımbəyin adını çəkdiyim əsərini oxumuşdular, oxuyurdular. Buna görə də indi deyəndə ki, “Cəlil Məmmədquluzadənin Molla Nəsrəddini sayəsində dilimiz belə yaxşı qalıb”, bu, Kazımbəyə böyük haqsızlıqdır. “Molla Nəsrəddin”in “Füyüzat”a (osmani dilinə!) qalib gəlməsində də “Türk-Tatar dili qrammatikası”nın böyük rolu oldu.

KazimbekMirzə Kazımbəy (1802-1870)

Rus dilində oxuya bilmədikləri üçün osmani intellektualları, Kazımbəyin bu əsərini XIX əsrdə oxumaq bir yana dursun, heç indi də tanımırlar. Bizim dilçilik məktəbimiz isə B.Çobanzadədən və Ə.Dəmirçizadədən etibarən 100 ildir bu əsərdən istifadə edərək qurulmuşdur. (Yeri gəlmişkən, türkiyəlilər L.Qumilyov boyda qədim türklük tarixçisini də tanımırlar. Lap bu yaxınlarda Qumilyovun bir kitabını tərcümə ediblər, o tərcüməni ancaq Antiqumilyov adlandırmaq olar.)

Bəs görəsən osmanilər müasir türk dili qrammatikasını nə zaman yaza bildilər? 1940-cı ildə! Mirzə Kazımbəyin həmin əsərindən düz bir əsr sonra! Onu da napnazik bir kitabça həcmində dərslik! Nisbətən geniş qrammatika kitabını isə neçənci ildə yaza bilsəlar yaxşıdır, 1974-cü ildə! O vaxt isə Azərbaycan dilçilik məktəbi M.Şirəliyevin timsalında artıq bütün türk dili dialektləri üçün dialektoloji atlas hazırlayırdı. Ümumiyyətlə, beynəlmiləlçi sovet illərində Azərbaycanda iki humanitar elm sahəsi üzrə ciddi alimlər yetişdi və məktəb yarandı: birinci dilçilik, ikinci tarixçilik.

Yuxarıdakı müqayisəni ona görə verdim ki, bir azərbaycanlı “Türklərin dili (ya da dilçiliyi) bizimkindən çox inkişaf edib” deyib, ağzı əyiləsi olsa, niyəsini soruşmasın. Axundov 1850-1855-ci illərdə Azərbaycan diliylə pyeslər yazanda, baxın görün, osmanilər hansı dillə yazırdılar.

***

Terminləri filosoflar, alimlər, texniklər yaradar, dili isə xalq. Türkiyədə isə dünya tarixində görülməmiş hadisə baş verib: 1930-cu illərdə “türkləşmək inqilabı”na başlayan Atatürk lisanı-osmanini – osmani dilini təcili (təcili!) türkcəyə çevirmək üçün erməni dilçi Agop Martayan-ın (Dilaçar) başçılığı altında dil komissiyası qurdu. Dünənədək lisanı-osmanidə yazan, üstəlik heç biri dilçi olmayan bu adamlar bir erməni dilçisinin rəhbərliyi altında iclaslarda, kabinetlərdə, kağız üzərində sözlər, terminlər yaratmağa başladılar. Atatürkə hesabatlar hazırlanırdı, “bu ay bu qədər söz icad edə bildik” deyə.

Yeri gəlmişkən, türkiyəlilərin təkcə dil(çiliy)ini ermənilər qurmayıb, teatrlarını da ermənilər yaradıb. İstər Osmani teatrını, istərsə də Türkiyə teatrını. Osmani teatrını Aqop Vartovyan (1840-1902), Türkiyə teatrını isə Mardiros Mınakyan (1839-1920). Siz Azərbaycan teatrının qurulmasında erməni adı eşitmisinizmi?

Ancaq 10-15 faizi türkcə olan, buna görə də heç bir elmi qaynaqda türkcə adlandırılmayan, ərəbcə-farsca-türkcədən düzəlmiş üçayaq (sacayaq) bir dil olan osmanicədən türkcə yaradan bu adamlar nə Kazımbəyi oxumuşdular, nə V.V.Radlovu, nə H. Vámbéry-ni. Divani-lüqatit-türk, Qutadqu Bilik kimi bir-iki kitabdan (kitabdan!) süni bir dil – türkiyəcə uydurdular. Təsəvvür eləyin, iş nə həddə çatıbsa, Atatürk özü yeni terminlər düzəldib. Özü də hansı elmin terminləri olsa yaxşıdır? Həndəsənin!..

Yeni terminlər yaradarkən o terminləri orijinal dildən (sumercədən, hellencədən, latıncadan və s.) çevirmək əvəzinə, ərəbcə və farscadan (yəni suyunun suyundan) çevirdikləri üçün, saysız-hesabsız yanlış terminlər yaradıblar. Məsələn, ərəbcədir deyə, cəmiyyətə toplum deyiblər. Halbuki, ərəbcə “cəmiyyət”i yox, latınca orijinal “societas”ı tərcümə etmək gərəkirdi. Socius – dostluq bağları, ya da eyni həyat şərtləriylə bir-biriylə bağlı olan, eyni məkanda (salonda) əyləşən, yanaşı gedən, birgə addımlayan, eyni dəstə-yə bağlı olan, yoldaş, qonşu, dost, rəfiq, ortaq, şərik, iştirakçı, müttəfiq, həmkar, (həm)tay, həmcins insanlar deməkdir. Ərəbcə cəmiyyət sözü hərfən toplum kimi bir sözlə əvəzlənə bilər, ancaq societas əsla cəmiyyət və yaxud toplum adlandırıla bilməz. Çünki societas sociusların birgəyaşayışıdır, sadə cəmlənməsi və yaxud toplanması deyildir.

Türkiyəlilər yeni terminlər yaradarkən azərbaycanca, özbəkcə, türkməncə, qırğızca, qazaxca, xakasca, çuvaşca, uyğurca, başqırdca kimi lokal-milli dialektlərin lüğət fondundan, demək olar, heç bir söz götürməyiblər. Məsələn, elə bizim əyləc sözümüzü bəyənmirlər, ingiliscə fren deyirlər; yırtmac sözümüzü bəyənmirlər, fransızca dekolte deyirlər; külək sözümüzü bəyənmirlər, farsca rüzgar deyirlər; “baxmayaraq”ımızı bəyənmirlər, farsca “rəğmən” deyirlər; əydəm sözümüzü bəyənməyib, əyilim sözü düzəldiblər; bucaq sözümüzü bəyənməyib açı düzəldiblər… Minlərlə belə misal vermək olar.

Yeni terminlər uydurarkən nə XIII yüz illiyədəkki ortaq ümumtürk dilinin keçmiş lüğət fondunu, nə də özbəkcə, türkməncə, qırğızca, qazaxca, xakasca, çuvaşca, uyğurca, başqırdca, azərbaycanca kimi hansısa bir lokal-milli dialekti nəzərə alıblar. Məsələn, “ol” kökündən və nə üçünsə “-ay” şəkilçisindən düzəltdikləri və hadisə mənası montaj etdikləri olay sözünü uydurmağa ehtiyac yox idi, əski dilimizdə “hadisə”nin anadilli qarşılığı vardı; anlam deyə bir sözü uydurmağa ehtiyac yox idi, əski dilimizdə “məna”nın anadilli qarşılığı vardı. Yüzlərlədir belə faktlar.

Və yaxud, qırğızcada bəlgi, tatarcada bilgə sözü, eynilə bizdəki bəlgə sözü kimi, işarə, nişan deməkdir. Türkiyəlilər isə bəlgə sözünə sənəd (dokument) mənası veriblər. İndi biz dilimizin istər leksikasında, istər semantikasında nə üçün dəyişikliklər etməliyik?! Ümumiyyətlə, öz dilində düzəlişi kim etməlidir? Yanlışı düzlə düzəldərlər, ya düzü yanlışla?!

Biz onsuz da özbək, türkmən, qırğız, qazax, xakas, çuvaş, uyğur, başqırd və o biriləriylə az-çox ortaq dildə danışırıq. Özünü bütün türk dili ailəsindən ayıran Türkiyə olmuşdur. “İşdə, fikirdə, dildə birlik!” şüarı dil inqilabı həyata keçirəndə yada düşməliydi. Bu şüar indi yada düşübsə, olsun, onda Türkiyə zəhmət çəksin, birincisi, dil assimilyasiyasını dayandırsın, ikincisi, özünün kabinetlərdə qayrılmış kauçuk sözlərini milli dialektlərdə işlənilən təbii yaranmış sözlərlə əvəzləsin. Ortaq türkcə ancaq belə yarana bilər.

Amma biz nə görürük, bunun tam əksini: Türkiyə öz süni dilini dövlət müstəqilliyi olmayan və bizim kimi yarımmüstəqillərə yeritməklə məşğuldur. Və bu yeritmənin maskası – “ortaq türkcə”dir. Bu, dil assimilyasiyası deyil, bəs nədir?

Türkiyəcə bu saat onsuz da milli və təbii dialektləri assimilyasiya etməklə məşğuldur. Belədə, “ortaq türkcə” layihəsi bu assimilyasiyanı rəsmiləşdirmək cəhdindən başqa bir şey deyildir. “Ortaq türkcə” – dil assimilyasiyasının maskasıdır, yeni osmaniçilik imperializmidir. Planları – öz kauçuk dillərini bu boyda türkdilli xalqların ağzına soxuşdurmaqdır. Türkiyəcə əsasında “ortaq türkcə” o deməkdir ki, rədd olsun sizin milli və ən əsası da təbii dialektləriniz, bizim inkubator dilimizdə danışın!

Dünya intellektualları öz dillərində başqa dillərə tərcüməedilməz sözlər və yaxud hansısa ayrılıqlar (dissensus) axtarıb tapır, olmayanda bunu yaradırlar; hamı öz dilinin, bununla da öz milli dünyagörüşünün fərqliliyini, özünəməxsusluğunu göstərməyə çalışır. Sözgəlişi, çinlilər “dao”nu, hellenlər “loqos”u, M.Heidegger almancada “Sein”ı, “Ereignis”i, J.Derrida “différance”ı və s. Alman filosofları həmişə almandilli fəlsəfə terminologiyasının ingiliscəyə tərcümə edilməzliyi ilə öyünürlər. Bizim quşqovanlar isə ortaqlıq (konsensus) dalısınca düşüb ləhləyirlər, dilimizi hansısa siyasi oyuna qurban verirlər, ən qədim, yaşıbilinməz sözlərimizi uzaqbaşı 80 yaşı olan kauçukdan sözlərlə dəyişdirirlər. Hələ Azərbaycanda bu kauçukdan sözlərlə roman-moman yazanlar da var…

Azərbaycanlılar cib telefonuyla ilk dəfə tanış olanda, Motorola şirkətinin istehsal etdiyi, üstünə “Motorola” yazılmış cib telefonu gördükləri üçün, cib telefonuna “Motorola” deyirdilər; din deyəndə, elə indi də, ancaq “islam dini”ni nəzərdə tuturlar; xarici dil deyəndə “ingilis dili”ni başa düşürlər. Belə misalların sayını artırmaq olar. Son illərin bu sayaq sterotiplərindən biri də budur: azərbaycanlılar türk deyəndə gözlərinin qabağına ancaq türkiyəlilər gəlir, türkcə deyəndə qulaqlarında ancaq türkiyəcə sözlər səslənir. Bu hal bir yandan bizim novruzəliliyimizdən irəli gəlirsə, o biri yandan isə arxada dayanıb xain-xain gülən biclərin şüur monopolizmindən irəli gəlir.

Azərbaycan dilinin türkiyəcə tərəfindən assimilyasiyasına qarşı etiraz səsini qaldırmalı olan dilçilərin və ədəbiyyatçıların (onları hamınız yaxşı tanıyırsınız) hərəsi səlahiyyətli bir vəzifəni çırpışdırıb deyə, Türkiyənin hansısa idarəsiylə bu və yaxud başqa bir formada əlaqədədir deyə, Türkiyə bunları ildə bir-iki dəfə çağırdığı hansısa bir yığıncağa yenə də havayı dəvət etsin deyə və bu kimi belə şəxsi mənafe səbəblərindən etiraz səslərini çıxartmırlar, çıxartmayacaqlar da. Qalanları da kütləyə qarşı tək qalmaq, hətta siyasi iqtidarın acığı tutması ehtimalından da qorxub dillənmirlər.

Türkiyənin dil assimilyasiyasına qarşı Azərbaycanda kütləvi etirazsızlığın başqa bir səbəbi – bizimkilərin Türkiyədə həyata keçirilmiş dil inqilabından xəbərsiz olmaqlarıdır. Bir çox adam genəl-menəl, önəm-mönəm kimi sözləri Anadoluda min il qabaq yaşamış nənə-babalarımızın yaratdığı sözlər sanır, onları parabeyin bir erməni dilçisinin quraşdırdığını bilmirlər. Bir də ənənəvi paradoks öz işini görür: absurdun miqyası böyüdükcə, inandırıcılığı artır: heç kim dəliliyin bu boyda ola biləcəyinə inana bilmir.

Bir bolqar türkü tanışım var, deyir mənim nənəm-babam dilimizin ahəng qanununa uyğun formada alma deyir, ana deyir, bizim nəsil isə ahəng qanununu pozaraq elma deyir, annə deyir, bu olub osmanicənin bizə “yararı”.

Bəyəm bu xalq təkcə nefti özü sata bilsin deyəmi müstəqil oldu?! Bir ölkədə ana dilinin neftdən baha olduğunu bilənlər də olmalıdır. Neçə yüz il sonra dilimizin yiyəsi ona görə özümüz olduq ki, osmanicədən düzəldilmiş qondarma bir dili dilimizin üstünə köçürək?! Heç olmasa, ilıq kənd dili ilə ədəbi mənzərələr yaratmış Ə.Əylisli, M.Süleymanlı, F.Mustafa kimi yazıçılar dillənməlidirlər indi. Bu gedişlə yaxın onilliklərdə onların əsərlərinin dilini başa düşən qalmayacaq.

“Ortaq türkcə” layihəsi başdan-ayağa Türkiyənin mənfəətinə xidmət edən siyasi layihədir. Azərbaycan dövlət səviyyəsində dilimizin türkiyəcə tərəfindən assimilyasiyasına müdaxilə etməsə, dilimiz aradan gedəcək.

7 Mart, 2016-cı il

 

Advertisements

Über Ağalar Qutun bloqu

aghalar_mammadov@yahoo.de
Dieser Beitrag wurde unter FƏLSƏFƏ veröffentlicht. Setze ein Lesezeichen auf den Permalink.

10 Antworten zu “Ortaq türkcə” maskalanmış osmaniçilik imperializmidir

  1. r252 schreibt:

    Maraqlıdır əgər Azerbaycan Çar Russiyasının terkibinde yox Osmanlı Turkiyesinin terkibinde olsaydı Azerbaycanda ne kimi dəyişikliklər olardı?

    Gefällt mir

  2. Məzahir schreibt:

    !!!

    Gefällt 1 Person

  3. Bu materialın müəllifi kimi göstərilmiş Ağalar QUT-u tanımıram, amma məqalə dilçi alimin yazmış olduğu elmi əsər səviyyəsindədir. Olduqca xoşuma gəlsə də türk qardaşlarımıza qarşı belə kəskin olmağımız ədalətsizlik olar. Fikrimi şərhimin sonunda əsaslandırıram.

    Teatrın yaradılmasını deyə bilmərəm, o barədə məlumatım yoxdur, amma 1930-cu illərdə Türk Dil Kurumunun başkanı məhz erməni millətinin nümayəndəsi, Akop Dilaçar olub.

    “Yanlışı düzlə düzəldərlər, ya düzü yanlışla?!”- çox ləzzət elədi bu sual!

    “Türkiyə öz süni dilini dövlət müstəqilliyi olmayan və bizim kimi yarım-müstəqillərə yeritməklə məşğuldur. Və bu yeritmənin maskası – “ortaq türkcədir.” – bu qənaətlə razı deyiləm, bu “yeritmənin” müəllifləri türklər deyil, bizim bəzi yaltaq-yalaq jurnalistlərimizdir!

    “Bizim quşqovanlar isə ortaqlıq (konsensus) dalısınca düşüb ləhləyirlər, dilimizi hansısa siyasi oyuna qurban verirlər, ən qədim, yaşıbilinməz sözlərimizi uzaqbaşı 80 yaşı olan kauçuk sözlərlə dəyişdirirlər. Hələ Azərbaycanda bu kauçuk sözlərlə roman yazanlar da var…”…. “Azərbaycan dilinin türkiyəcə tərəfindən assimilyasiyasına qarşı etiraz səsini qaldırmalı olan dilçilərin və ədəbiyyatçıların hərəsi səlahiyyətli bir vəzifəni çırpışdırıb deyə, Türkiyənin hansısa idarəsiylə bu və yaxud başqa bir formada əlaqədədir deyə, Türkiyə bunları ildə bir-iki dəfə çağırdığı hansısa bir yığıncağa yenə də havayı dəvət etsin deyə və bu kimi belə şəxsi mənafe səbəblərindən etiraz səslərini çıxartmırlar, çıxartmayacaqlar da. Qalanları da kütləyə qarşı tək qalmaq, hətta siyasi iqtidarın acığı tutması ehtimalından da qorxub dillənmirlər.”… “Bəyəm bu xalq təkcə nefti özü sata bilsin deyəmi müstəqil oldu?! Bir ölkədə ana dilinin neftdən baha olduğunu bilənlər də olmalıdır. Neçə yüz il sonra dilimizin yiyəsi ona görə özümüz olduq ki, osmanicədən düzəldilmiş qondarma bir dili dilimizin üstünə köçürək?!”… “Bu gedişlə yaxın onilliklərdə onların əsərlərinin dilini başa düşən qalmayacaq.” – bu abzaslarda çox gözəl yazılıb!!!

    “Ortaq türkcə” layihəsi başdan-ayağa Türkiyənin mənfəətinə xidmət edən siyasi layihədir. Azərbaycan dövlət səviyyəsində dilimizin türkiyəcə tərəfindən assimilyasiyasına müdaxilə etməsə, dilimiz aradan gedəcək.”

    — 1991-ci ildə Ankarada III Uluslararası Türk Dilləri Qurultayı keçirildi. Orada Azərbaycandan yalnız 2 nümayəndə iştirak edirdi – Anar və B.Vahabzadə idi, yoxsa Elçin Əfəndiyev – yaxşı xatırlamıram. Qurultay Qərar qəbul etdi ki, türk dilləri ailəsində məhz Azərbaycan türkcəsi öz xüsusiyyətlərini qoruyub-saxlayaraq, daha çox inkişaf etdiyindən bütün türkdilli ölkələrin türkcəsinin məhz bu dilə uyğunlaşdırılması tövsiyə edilsin və ortaq türk dili formalaşdırılsın. Ola bilər ki Türkiyə daha qüdrətli ölkə olduğundan bəzi türk qardaşlarımız bu qərara bir qədər qısqanclıqla yanaşsın, amma bizim müəyyən yazarlarımız və jurnalistlərimizin canfəşanlığı işləri korlayır.

    Gefällt 1 Person

  4. Pərvanə schreibt:

    Müəllifə təşəkkürlər. Dilimizin bugünkü vəziyyəti məni də çox narahat edir. İstərdim ki, Ağalar müəllimin bu yazısını, ilk növbədə dilçilər oxusun, sonra isə geydirmə jurnalistlər.

    Gefällt 1 Person

  5. Şıxı Əbülfəz Müslüm oğlu schreibt:

    Ağalar bəyə bu yazıya görə təşəkkür edirəm. Çox gözəl şərh vermişdir. Çox istərdim, bizim dilçi alimlərimiz öz rəy və münasibətlərini bildirsinlər.

    Gefällt 1 Person

  6. DULU schreibt:

    Azerbaycan 20 ildir problemini hel edemeyen kicildikce kicilen bir dovletcikdir..Azerililler Azerbaycanciliqla hecneye nail olmamlsiq Ecdadimiz Turkmenlerin torpaqlarini itire itire gelirik,,Indi Kicik erazide boyuk iddialar edirik,.Iddia etmek ucun gerek gucun ola..Bizim Tek yolumuz erdineden Xezere qeder Boyuk Oguz Turkmen dovletini qurmaq ucun birlesmekdir..Uydurma azericilik adi ile ozumuzden amerika kesf edirikse elecede kicilecik..ya birlesib boyuyecik yada ele azeri olaraq astaradan qubaya qeder qalacayiq

    Gefällt mir

  7. DULU (bəysiniz, yoxsa xanımsınız, müəyyən edə bilmədim), bilmirəm, bəlkə də Siz „Azərilillər“siniz, əcdadınız da Türkmənlərdir — ola bilər, mən Sizi tanımıram. Amma mən AZƏRBAYCAN TÜRKÜyəm, yəni oğuz türküyəm, elə əcdadım da məhz Azərbaycan türkləridir! Bildiyimə görə türkmənlər də biz Azərbaycan türkləri kimi böyük türk millətinin bir qoludur, yəni bizim (oğuz türklərinin) qardaşımızdır! Söylədiyiniz „azərlər“ isə xəzər dənizinin cənubunda köçəri bir tayfa olub və onların Azərbaycan avtaxtonu olan oğuz türkləri ilə heç bir əlaqəsi yoxdur! Yaxşı olardı ki belə bir mövzu ilə tarixçilərə müraciət edəsiniz. Mən dilçiyəm!

    Gefällt mir

  8. Əli schreibt:

    Budur bir ildən göxdur ki, hesinən-pesi bilməyən, gəyirməyinən– obirisini bilməyənlər TIRTIR ÇƏYİRTKƏLƏR kimi ilişiblər Azərbaycan TÜRK DİLİNİ canına. Bəziləri qana-qana, bəziləri sürüyə qoşulan köpək kimi, bəziləri heç nədən xəbəri olmadan kimi girişiblər ki, öldü var, döndü yoxdur. Gərək dilimizi məhv edək, ümümi bir dil –TÜRKLƏRİN ERMƏNİ TƏRƏFİNDƏN DÜZƏLDİLƏN HİBRİT, CALAQ, OMONİM ÇOXLUĞU, FEL DİLİNİ ÜMUMİ TÜRKLƏRİN DİLİ kimi qəbul edək. Heç bir „““DİLÇİ ALİMLƏRİMİZDƏN BİRİ BUNA CAVAB VERƏ BİLMİR VƏ VERMƏK İSTƏMİRLƏR“ Çünki onlar da bu birilərindən fərqlənmirlər ****** Bütün–47 müxtəlif adda –BİR TÜRK DİLLİ dünyaya səpələnmiş türklərin min illərlə sınaqdan, mübarizələrdən çıxmış dil dialektləri hər biri türkün mənəvi dil sərvətidir. Bu qədər dil sərvətlərini öldürüb, yerinə erməni müəllifli türklərin dilinə qurban vermək nadanlığın. on qat dərəcəsidir. Qoy bütün dünya türkləri min illik yazılı ədəbiyyatlarını, danışıqlarını öldürüb yerinə türklərin calaq, qondarma dilinə QƏDİR AĞACI tiksinlər. 20-30 ildən sonra görəcəkər.; ay allah bunlar dillərini öldürməklə. bir qondarma „DİL“ qəbul etməklə nə qədər bağışlanmaz iş görüblər. Min illik mədəni, yazılı abidələrini itirəcəklər. Erməni, gürcü, fars ikiminillik yazılarını oxuya bildikləri halda, bədbəxt dil hərisləri heç bir yazılarını başa düşməyəcəklər. Onların yeni millət kimi dünyaya gəlişi təzə zoğlamış. şüvləmiş çubuq millətə dönəcəklər. Min dəfə de, on min dəfə de giclərin bildiyi biləyində olar. Bütün bunları görüb ağlayıram! QANIRAM AĞLAYIRAM, YANIRAM, Yazıq on minillik əcdad dilim, yazıq qondarma, hibrit dilin qurbanl olmuş dilim. Əlvida MİNİLLİK yazılarım. Səni yeni, gələcək millətin səni oxuya bilməyəcək. Necə ki, yüz ildəki nəslimiz minillik ərəb əlifbasıyla yazılmış mənəvi sərvətlərimizi oxuya bilmədik, oxuya bilmirik. Gələn nəsil isə 2-3 minillik yazılmış ədəbiyyatını, tarixini, elmini oxuya bilməyəcəklər. Yazıq. ağlının qurbanına çevrilən millətlər!

    Gefällt mir

  9. Shamil Rahman schreibt:

    Maraqlı yazıdır. Yaxşı olardı ki, müəllif müxtəlif kəlmələrin dilimizdəki qədimi qarşılıqqlarını təklif edərdi. Yoxsa olay, önəm və s. bu kimi sözlərin əskidən dilimizdə qarşılıqlarının olduğunu söyləyir, ama örnəklərini gətirmir.

    Gefällt mir

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s