Sayalı Sadıqovanın Nənə Qorqutluğu

Ağalar QUT

Mənim hansı dindən, hansı kulturadan çıxdığımı öyrənmək istəyən almanların bunu məndən birbaşa rassist formada “Siz hansı dindənsiniz, ana diliniz hansı dil ailəsinə daxildir?” formasında yox, “Sizin ad-familiyanız hansı dildədir, mənası nədir?” formasında dolaylı soruşduqları olub. Belə olanda mən “aga” adının sumercə rəhbər, kral, başçı, ağa demək olduğunu onlara izah edir və bununla öyünürəm də. Çünki sumercə dünyanın bilinən ən əski ölü dili sayılır.

İndi siz təsəvvür edin, işdir, mənim adım Cihad, ya da Cahid kimi bir ad olsaydı, mən neylərdim, çünki cihad Avropada terror, cahid terrorçu kimi başa düşülür. Sözsüz, Avropalılara xoş olsun deyə uşağına Con, Hans, Cületta kimi adlar da qoymaq gərəkmir.

Azərbaycanlı valideynlər uşaqlarına İslam, Salam, Məhəmməd, Rəsul, Xədicə, Həsən, Hüseyn, Əli, Ömər, Osman, (Əbu)Bəkir, Vahab, Fatimə, Zəhra, Rza, Mehdi, Məhərrəm, Ramazan, İman, İmam, Məşədi, Hacı, Mədinə və s. bu kimi adları ona görə qoymamalıdırlar ki, belə adlar həm də yanlış ilk təəssürat formalaşdıraraq gələcəkdə uşaqlarınıza psixoloji əngəl yarada bilər. Eləcə doğma adlar qoymaq gərəkir.

Qərb hunlarının xaqanı Atilla-nın (bu ad tarixi qaynaqlarda Attila kimi də göstərilir) hansı millətdən olması bəzən elmdə mübahisə mövzusu edilir. O dövrdən hunların özünə aid yazı qalmayıb deyə, Atillanın özünün hansı dildə danışdığını da bilmirik, belədə onun şəxsi adı köməyimizə gəlir. İndi Volqa adlanan çayı hunlar, iti axdığı üçün İtil, ya da qabağa atıldığı üçün Atıl adlandırırdılar (itil, atıl – ışıl formasında adlardır); deməli, yunan-roma qaynaqlarında bizə gəlib çatan “Atilla” yazılışı yanlışdır, hunların öz dilində bu ad “İtilli”, ya da „Atıllı“ (İtil, ya da Atıl çayının qırağında doğulan) kimi səslənmiş olmalıdır.

Babək Xürrəmdinin adı bizə, tutaq, Babayan kimi bir formada gəlib çatmış olsaydı, Xürrəmi dövlətinin milliliyinə dair əlimizdə nə qədər güclü tarixi faktlar olsa da, Babayanın özü milli qəhrəman kimi ürəyimizə sinməyəcəkdi. Adların necə vacib olduğunu görürsünüzmü?

Azərbaycan tarixşünaslığında anadilli qaynaqlar az olduğundan dil faktları, bu sıradan adlar (toponimlər, etnonimlər, antroponimlər və s.) köməyə çatır. Məsələn, Azərbaycanda “Xələc” kənd adı azərbaycanlıların etnogenezisində Xələc türklərinin varlığının danılmaz tutalğasıdır. Başqa sözlə, Azərbaycan tarixçiliyində anadilli qaynaqların boşluğunu anadilli adlarımız doldurur. Buna görə də Azərbaycan tarixşünaslığında filologiya elminin, Azərbaycan filoloqlarının və dil faktlarının üstün yeri var. Azərbaycan tarixşünaslığında Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Seyidov, E.Əlibəyzadə kimi nəhəng filoloqlarımızın rolu tarixçilərimizdən, məncə, daha çox olub. Üstəlik, tarixçilərimiz özləri də hər addımbaşı filoloji metoddan (adların ana dilimizin materialları vasitəsilə izahı metodundan) istifadə ediblər, etməlidirlər.

Azərbaycan etimologiya məktəbinin indiyədək yaranmamış olması təkcə filologiyamızın deyil, tarixçiliyimizin də böyük problemidir.

***

Elmlər doktoru (?), professor (?), Terminologiya Komissiyasının sədri Sayalı Sadıqova bu yaxınlarda Məhəmməd adının Mamed, Məmiş kimi variantlarını qadağan etməyi təklif etdi. Onda eyni məntiqlə, orijinala uyğun olaraq, Əflatunlar da Platon, Ərəstunlar Aristotel, Süleymanlar Solomon, Musalar Moisey, İsalar Yesus (ya da Yeşua) edilməlidir. Halbuki, bir azərbaycanlının adı heç Məhəmməd olmamalıdır.

Bəyəm, ərəblər ya da farslar uşaqlarına Qorqut adı qoyurlarmı, qoyarlarmı?! Oğuz elində ərəb-fars adlarının nə itiyi azıb?!

Dədə Qorqut kimi ad qoyan olmaq istəyən S.Sadıqova Nazirlər Kabinetinə 217 şəxs adının qadağan edilməsi üçün siyahı təqdim etmiş, NK da həmin adları qadağan etmişdir. Bu 217 addan, məncə, ən az (ən az!) 53-ü ana dilimizdədir. Onlar bunlardır:

Bəzək, Boran, Carçı, Cığa, Çələng, Dalğın, Dilənçi, Düymə, Ərçə, Gerçək, İstək, İşıqlı, Kiçik, Kosa, Qocaman, Quşdan, Nənə, Nənəş, Oxçu, Oktaş, Oktürk, Okuş, Ordu, Ovçu, Pambıq, Parlaq, Pullu, Saylı, Səngər, Sınaq, Sırğa, Solğun, Soraq, Şənlik, Talış, Tanıq, Tanrıqulu, Taray, Təpər, Toylu, Tufan, Tumar, Tükən, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Yaraşıq, Yolçu, Yonca, Yüzbaşı.

Daha sonra verilən yarımrəsmi-yarımşayiə məlumatlara görə, bu siyahı deyəsən yanlış imiş, adlar qadağan edilməyiblərmiş. Təki belə olsun. Şəffaf ictimai müzakirə açılmadığına, hansı adların qadağan edildiyi, ediləcəyi, edilməyə hazırlaşıldığı haqda dəqiq məlumat verilmədiyinə görə, mən oxucuların diqqətini bu siyahıda anadilli adlarımıza cəlb etmək və onları qadağandan qurtarmaq istəyirəm.

Bu siyahıda ən böyük problem adlara yanaşmadadır: Az qoyulan anadilli adlar hədəfə götürülür, ancaq həmin mənanı bildirən soxulma-yeridilmə özgə adlar oturuşmuş adlar kimi cana çəkilir. Halbuki, tam əksinə olmalıdır: özgə adlar dilimizdən yavaş-yavaş doğma adlarla əvəzlənilməlidir.

Dilənçi, Pullu, Tükən, Quşdan, Tanrıqulu, Uçqun kimi adlar indiki işlək mənalarına (!) görə bəlkə doğrudan da ad olmağa layiq deyillər. Yerdə qalan adlara, gəlin, bir-bir baxaq.

***

Bəzək. Bəzəkçi, bəzəmək kimi sözlər ən az min üç yüz il yaşı olan Orxon abidələrində Bilgə Xaqanın dilində işlənilmişdir. Bəzək ərəbcə zinət deməkdir. Bəzək adı yox, Zinət qadağan edilməlidir.

Boran. Bu adın kökü bur feil kökü olmalıdır. Boran burağan, burulğan kimi sözlərlə qohum sözdür. Ərəb dilindən keçən Asif adının mənası elə təxminən boran deməkdir. Belədə, özümüzün milli Boran adımız yox, ərəbcə Asif adı qadağan edilməli deyilmi?

Çarçı. Carçı sözünün kökü çağırmaqdır. Qabaqlar şahların, xanların, sultanların və b. buyruqları meydanlarda car edilərdi, bu işi dəf döyə-döyə, çağıra-çığıra görənlərə carçılar deyərdilər. Bəyəm, carçılıq etmək, ya da çağrılmaq ayıbdır?!

Cığa. Cığa sözü cıqqa sözünün daralmış formasıdır. Örpəyin altından çıxan telin çıqqılı ucuna cıqqa, cığa deyilir. Niyə ərəbcə Zülfiyyə adı qadağan edilmədiyi halda, həmin mənanı bildirən anadilli bir ad qadağan edilsin?

Çələng. Çələng sözü başa tac kimi qoyulacaq formada çiçəklərdən dolama hörülmüş bəzəyin adıdır. Doğma bir söz xalq tərəfindən adlaşdırılıbsa, buna ancaq sevinmək gərəkir, onu qadağan etmək yox.

Dalğın. Əski yunan dilində teoreyn tamaşa etmək, müşahidə etmək demək idi. Sonralar bu söz terminləşərək, praktikaya qarışmadan, uzaqdan tamaşa edən nəzəri fəaliyyət (bios teoretikos) və bu nəzəri fəaliyyətlə əldə edilən nəzəriyyə (teoria) demək oldu. Teoreyn üzə (səthə) yox, dibə (əsasa), dərinə baxmaqdır. Ancaq dayaz və səthi adamlar Dalğın adını bəyənməyə bilərlər. Ərəblər bu sözü nəzər(iyyə) kimi tərcümə ediblər. Dalğın sözünü əski yunan dilinə tərcümə etsək, teoretik (nəzəriyyəçi) sözü alınar. Dalğın adı yox, həmin mənanı bildirən Nəzər, Nazir adları qadağan edilməlidir.

Yeri gəlmişkən, türkiyəli məmurlar (dilçilər yox, məhz məmurlar!) nəzəriyyə sözünü guya türkcələşdirmək üçün kuram (qurmaq sözündən quram) sözünü uydurublar, halbuki “teoreyn” feilində “qurmaq” mənasının heç çaları da yoxdur. Bizim savadsız türkiyəcə tutuquşuları isə belə deyirlər: “Türkiyəlilərin dili yaman inkişaf edib.”

Düymə. Biz belə deyirik: “Gününü göy əsgiyə düymək”. Bağ – bağlar, ilgək – ilişdirər, düymə – düyər. Düyən nəsnənin adıdır düymə. Düymə sözünün ad olması üçün nəyi çatmır?

Ərçə. Bu söz irçə sözünün fonetik variantı olmalıdır. “İrçə” isə z > r keçidinə görə əslində “izçə”dir və qəlib, model, misal, örnək, nümunə, şəkil deməkdir. Ərçə adı yox, həmin mənanı bildirən Nümunə, Şəkilə kimi ərəb adları qadağan edilməlidir.

Gerçək. Bir dəfə yazmışam, yenə yazıram, birincisi, “gerçək” yazılışı yanlışdır, sözün kökü gərmək (açmaq, yaymaq) olduğuna görə bu söz gərçək yazılmalıdır. Yeri gəlmişkən, “erkək” yazılışı da yanlışdır, bu söz də bizdə “ərkək” yazılmalıdır və s. Gərçək sözü dilimizin ən əski sözlərindən biri olub, ən əski yazılı abidələrimizdə qarşımıza çıxır, “çın kərtü” formasında. Belə bir sözü xalq adlaşdırıbsa, onu qadağan edib, xalqın əlindən almaq yolverilməzdir.

İstək. İstək adında ayıb, nöqsan, pis olan nədir? Öz balasına, eyni mənanı bildirən farsca Arzu, ərəbcə Talıb adı qoymaq əvəzinə İstək adı qoyan valideynin dil bacarığı qarşısında mən baş əyərdim.

İşıqlı. “İşıq” mənasını bildirmək üçün biz keçmişdə “yarıq” (yaruq) sözünü işlətmişik. İşıqlı sözünün kökü “isti”dir, işıqlı etimoloji baxımdan əslində isti deməkdir. Sözün indiki – işlək mənası isə aydın deməkdir. İşıqlı gözəlliyində adı qadağan etmək yox, əksinə, belə adlar qoyulsun deyə xalqı həvəsləndirmək gərəkir.

Kiçik. Kiçik adı pisdirsə, ərəbcədən keçmə Əsgər adı nə üçün yaxşıdır? Əsgər ərəbcə elə kiçik deməkdir. Kiminsə əkiz oğulları olur, birinci doğulana Böyük (Əkbər), ikinci doğulana da Kiçik (yəni Əsgər) adı qoyurlar. Nə gözəl tapıntıdır! Uşaqlarına belə adlar düzəldib qoyan valideynlərin adları tarixə düşməliydi. Bir çox yarıtmaz yazıçılarımızın öz əsərlərində yaratdıqları qəhrəmanların adlarına baxın, az qala hamısı ərəbcə-farscadır. Azərbaycanda Kiçik adı əvəzinə ərəbcənin Əsgər adı qadağan edilməli deyilmi?!

Kosa. Novruz bayramının neçə minillik mifik mənası açılmadan Kosa adını anlamaq çətindir. İlk baxışda “qoca” sözünün fonetik variantı kimi görünsə də, tələsmək olmaz. Kosa adını qadağan etməkdənsə, imam adları qadağan edilməlidir.

Qocaman. Qoca sözü eramızın 700-ci illərində yazılan Orxon-Yenisey abidələrində işlənilmişdir. Qocaman sözü dilimizin çox əski -man sonluğunu yaşadan tək-tük sözlərimizdən biridir; bu söz adlaşıbsa, buna ancaq sevinməliyik.

Nənə, Nənəş. Dilimizdə “n” səsiylə söz başlamadığını bilirik. Nənə sözü bizə, böyük ehtimalla, sumercədən keçib; çünki sumercə “nin” ağbirçək, xanım, ulu qadın deməkdir. Dünya filoloqları öz dillərində sumercə ilə ortaq bircə söz tapanda bunu hər yerdə dönə-dönə xatırladırlar. Biz belə adlarımızı göz bəbəyi kimi qorumalıyıq.

Sevimliləşdirmə forması kimi babadan Babaş, atadan Ataş, dədədən Dadaş yarandığı kimi, Nənəş adı da Nənədən yaranmadır.

Oxçu. Ox sözkökü dilimizin ən əski köklərindən biridir. Ox L.Qumilyovun da inandığına görə, oğuz sözünün köküdür, əsas qaynaqdan ayrılan qolu bildirir. Türk runik əlifbasında ox damğasının olduqca fəlsəfi-dini mənaları var. Türkologiyada bu sözün məna yükü indiyədək tam olaraq aydınlaşdırılmamışdır. Dilimizdə belə bir söz ad kimi yaşayırsa, bu özü tarixçilərimiz üçün də çox maraqlı dil faktıdır. Ərəbcə haçadilli qılınc mənası bildirən Zülfüqar kimi bir ad qadağan edilməlidir, Oxçu yox.

Oktaş. Oktaş adı filoloji və tarixi araşdırmalar üçün xəzinədir. Mənim ilkin versiyama görə, bu sözün “ok” kökü əski türkcənin oğuş (ailə, qəbilə) və oğul sözündəki “oğ” köküdür. Oktaş oğuştaş (oğuşdaş) sözünün daralmış formasıdır və eyni qəbilədən, eyni klandan olmaq deməkdir. Dildə belə dərin kökləri olan adları qadağan etmək olar?!

Oktürk. Oktürk adında da bayaqkı “ok” (oğ) kökünü görürük. Oktürk adı, məncə, Orxon abidələrində oxuduğumuz “oğuş türk” söz birləşməsinin daralmış formasıdır. “Oğuş türk” – doğma türklər deməkdir. Oktürk antroponiminə (şəxs adına) söykənib, biz deyə bilərik ki, dilimizdə Orxon abidələrində işlənilən söz birləşməsinin kontominativ variantı ad kimi yaşayır.

Okuş. Okuş sözü yuxarıda dediyim, qədim yazılı abidələrimizdə işlənilmiş, oğuş sözünün fonetik variantıdır, ailə, qəbilə, qandaş insanlar toplusu deməkdir. Görünür, ad olduğu üçün babalardan nəvələrə keçərkən dəyişikliyə uğramamışdır. Dilimizi ən əski abidələrimizə bağlayan belə dil faktlarını ad kimi qadağan etmək hansısa tarixi abidəmizi gürzlə uçurtmağa bənzəyir.

Ordu. L.Qumilyov deyir ki, “orda” sözü həm mənaca, həm səslənmə baxımından Avropa dillərinin orden, order, ordnen sözlərinin eynisidir. O, demək istəyir ki, avropalılar əski türk ordu sistemində gördükləri nizamı adı qarışıq alıb qəbul ediblər. Beləliklə, ordu sözünün mənası nizam deməkdir. Azərbaycanda Ordu adı yox, eyni mənalı Nizam, Nazim kimi ərəb adları qadağan edilməli deyilmi?!

Ovçu. Ovçu sözü doğma sözümüzdür, minlərlə ərəb-fars adı dura-dura, belə bir doğma adı qadağan etməyi heç düşünmək belə olmaz.

Pambıq. Pambıq sözü min il bundan qabaq yazılmış Divanı lüqati-türk sözlüyümüzə düşmüş ən əski sözlərimizdən biridir. Bir ad bizim qulağımıza indi xoş gəlmirsə, bunu dərhal o adı qoyanın axmaqlığı kimi yozmaq özü axmaqlıqdır. Dədə Qorqut dastanında indiki qulaqlarımızda cırmaqlayıcı səslənən Qaragünə adı var. Və yaxud Atillanın atasının adı Muncuq (Boncuq) idi. İndi belə kişi adları qadağan edilməlidir?! Ola bilsin, kiminsə pambıq təsəvvürü haçansa şəkildə gördüyü pambıq kollarıyla məhdudlaşır. Ancaq xalqın anlayışında pambığın neçə min illik tarixi duyumu var. Pambıq qadın adı kiməsə erotik səslənirsə, onda naz tərkibli Nazlı, Nazənin kimi adları qadağan edin. Çünki naz islam şərqində striptiz terminidir.

Parlaq. Parlaq parıldayan yer, başqa sözlə işığın qaynağı deməkdir. Türkiyədə mənim bir qız tələbə yoldaşımın familiyası Parlaq idi. Nəyi yolverilməzdir bu adın?! Farsca Rəxşəndə adının mənası parlaq deməkdir. Niyə farsın Rəxşəndə adı yox, özümüzün Parlaq adımız qadağan edilir?

Saylı. Dilimizdə saylı sözü ancaq ad kimi yaşadığına görə, Saylı adının qadağan edilməsiylə əslində dilimizin sözlüyündə saylı söz vahidi qadağan edilmiş olacaq. Saylı adını qadağan etmək əvəzinə, bu ada söykənib dilimizin sözlük fonduna saylı sözü artırılmalıdır.

Səngər. İslamdan qabaqkı dilimizdə əsgərə sü deyilirdi. Sü əski türkcənin ən əski sözlərindən biridir. Səngər və süngü sözlərimiz həmin kök üzərində qurulmuş sözlər olub, dilimizi neçə minillik tarixə bağlayır. Səngər (sü+gər) əsgərin dayandığı yeri bildirir, əsgər məkanı deməkdir. Süngü isə farsca nizə sözünün azərbaycancasıdır, sonralar mənası dəyişikliyi uğrayıb. Ərəbcənin Əsgər, Məkan kimi adları qadağan edilməlidir, öz Səngərimiz yox.

Sınaq. Görünür, babalarımız yeni düzəldilmiş yayların, qılıncların, nalların və s. bərkliyini əyərək sınayarmışlar. Sınanlar sınar, sınmayanlar sınaqdan çıxmış sayılarmışlar. Özündə tarix gəzdirən belə bir adın qadağan edilməsini təklif etmək özü sınaqdan çıxmamaqdır.

Sırğa. Sırğa sözünün kökü ısırmaq (dişləmək) feilidir. Ola bilsin, ilk sırğalar qulağa deşilərək taxılmırdılar, qulağı “dişləyən” formada qulağın seyvanına eləcə sancaq kimi qatlanırdılar. Lap qulağa taxılmış da olsa, sırğanın qulaqdakı görünüşü elədir ki, o, elə bil qulağı dişləyir (ısırır): (ı)sırğa qulağı dişləyən bəzəkdir.Sırğa sözünün ad olması üçün nəyi əksikdir, nəyi çatmır?! İntiqam adından pisdir?! Seyfullah adından pisdir?!

Solğun. Dopdoğma öz sözümüzdür. Ədəbiyyatımızda gen-bol işlənilmiş bu sözün ad olmaq hüququ nə üçün əlindən alınmalıdır?!

Soraq. Salıq sözü biz tərəfdən verilən, göndərilən xəbərdirsə, soraq sözü qarşı tərəfdən alınan, qəbul edilən xəbərdir. (Ərəbcə-farsca ilə zibillənməzdən qabaq dilimiz daha incə idi). Soraq gözəlliyində bir söz də ad olmayıb hansı sözümüz ad olacaq?!

Şənlik. Şənlik sözünün kökü “şen”dir, şen öz dilimizdə abad, firavan deməkdir. Bu söz farscaya keçib qayıdaraq (bumeranq söz kimi) şən olmuşdur. Etimologiyasına görə şənlik əslində firavanlıq, abadlıq, rəfah deməkdir. Şənlik adını qadağan yox, sadəcə orfoqrafiyası düzəldilərək “Şenlik” edilməlidir. Qadağan ediləsi adlar, eyni mənanı bildirən ərəbcənin Abid, farscanın Firavan adlarıdır.

Talış. Azərbaycanda talış valideynin öz uşağına Talış adı qoymaq haqqı niyə olmasın?! Özü də təkcə talış valideyn deyil, qoy, ləzgi valideyn də uşağına Ləzgi adı, kürd valideyn Kürd adı, udin Udin adı qoya bilsin və s. Belə qadağalar bizə yaraşmaz: özündən sayca balaca xalqı qorumaq – böyüklükdür. Üstəlik, belə bir qadağa siyasi milli assimilyasiya kimi də başa düşülə bilər.

Tanıq. Tanıq sözü şahid deməkdir, Nəsiminin, Füzulinin dilində dönə-dönə işlənilmişdir. Ancaq buna baxmayaraq, bu söz nə Azərbaycan dilinin dördcildlik rüsvayçı izahlı lüğətinə salınmış, nə də ədəbiyyatçılarımız onu canlı dilə qaytara bilmişlər. Sadə Azərbaycan kəndlisi isə bu əski sözümüzü ad kimi yaşada bilmişdir. Azərbaycanda Tanıq adı yox, eyni mənalı Şahid adı qadağan edilməlidir.

Taray. Taray adı Qaçay adı formasındadır. Görünür, Daray adının fonetik variantıdır. “Donu uzun daray xanım.” Taray adı məncə dartmaq feilindəndir, “tarım çəkilmiş” deməkdir. İndiki çuvaş (keçmiş subar=sibir=sumer) dilində taray ipək deməkdir. Bir nağıl qədər əski olan belə bir adımızın qadağan olunmasını təklif etməkdənsə, intihar etmək daha yaxşı olardı.

Təpər. Təpər sözünün kökü dabandır. Sözün kökü daban olmalıdır. Dəbərmək (tərpənmək) sözü də bu kökdən yaranıb. Təpər – ərəbcə qeyrət sözünün ana dilimizdəki qarşılığıdır. Təpər yox, Qeyrət adı qadağan edilməlidir.

Toylu. “Bapbalaca boyu var, dam dolusu toyu var”, “toylu-büsatlı” kimi dil faktları dilimizdə Toylu adını legitim edir. Türkmənlərdə də Toylu adı vardır. Ərəbin həmin mənanı bildirən Büsat adını qadağan edin; yaxud adamın yadına yası, mollanı, ağlaşmanı salan Yasin adını qadağan edin, Toylu ilə nə işiniz var?!

Ufaq. Bu adın kökündə dayanan feil, ola bilsin, ovulmaq feilidir. Ufaq balaca deməkdir. Doğma Ufaq adını qadağan etməkdənsə, farscanın Xırda adını qadağan etməli deyilsinizmi?

Urvat. Urvat sözü mənə həmişə Divanı lüqatit-türkdə işlənilmiş “uraqut” sözünün dəyişmiş forması kimi görünüb. Urvat adını qadağan etməkdənsə, Hörmət, İzzət, Etibar, Ehtiram kimi ərəb adlarını qadağan edin.

Usta, Ustad. Usta və Ustad adları dilimizin ən əski sözlərindən biri olan us (ağıl, zəka, şüur) sözünü daşıyan tək-tük sözlərdəndirlər. Mən indilik -ta(d) komponentini yaxşı izah edə bilməsəm də, ola bilsin keçid belə olmuşdur: uslu > usdu > usda > usta > ustad. Əlində səlahiyyət olan hərkəs başa düşmədiyi bir şeyi qadağan etdirəcək, ya da dəyişdirəcəksə, onda Qız Qalasını da sökün, ya da ona balkonlar artırın, çünki onu da anlamırsınız onsuz da.

Utku. Utku ya da Utqu qələbə, zəfər deməkdir. Sözün kökü ud, utdur. Mənim atam udmaq yox, utmaq deyərdi. Utqu sözünün kökü utanmaq sözünün köküylə qarışdırılmamalıdır. Belə ki, utanmaq feilindəki kök oddur; utanmaq əslində odlanmaqdır; doğrudan da adam utananda tərləyəcək dərəcədə istilənir. Utqu isə qələbə, zəfər deməkdir. Deməli, nə zamansa dilimizdə utqu söz vahidi olub, sonralar onu qələbə, zəfər kimi sözlər əvəzləsə də, ad kimi ulu babalardan nəvələrə keçə-keçə bugünlərədək yaşaya bilmişdir. Utqu adını nəinki qadağan etmək, əksinə, qələbə, zəfər sözlərinin də əvəzinə utqu sözünü işlətməliyik. Ad qadağan etməlisinizsə, ərəbin Qələbə, Zəfər kimi adlarını qadağan edin.

Uyar. Uyar sözünün kökü uy(maq) kökündəndir, onda bu söz ahəng, harmoniya deməkdir. Məsələn, kənd yerlərində, dialektial dilimizdə belə deyirlər: “Bunun ona uyarı yoxdu.” Bu adı nəinki qadağan etmək olmaz, əksinə, dilimizin sözlük fondumuza daxil edilməlidir.

Yaraşıq. Yaraşıq adımız yox, eyni mənalı Hüsnüyyə, Camal kimi ərəb adları qadağan edilməlidir.

Yolçu. Yol sözünün etimoloji mənası işıq deməkdir, bu söz (y)uldız, (y)ildırım, (y)il sözləriylə qohumdur: dağ başından aşağa baxanda yollar ağ xətlər kimi ağarır, işarır. Yolçu dilənçi demək deyil. Yolçu adı yox, ərəbcə Səyyah, farsca Dərviş adları qadağan edilməlidir.

Yonca. Qadın adı ancaq Qızılgül, Qərənfil, Bənövşə olmalıdır?! Təbiəti bir kəndli kabinet alimindən daha yaxşı duyur. O, təbiətə bizim kriterilərimizlə ayrı-seçkilik etmir. Yonca adı olduqca isti, şirin, poetik qadın adıdır. Dilimizə soxulmuş və yeridilmiş ərəbcə-farsca qadın adlarının hamısından da gözəldir. Qoy, ədəbiyyatçılarımız belə adları ədəbiyyata gətirsinlər.

Yüzbaşı. Bu yaxınlarda bir tarixçi hakimiyyətin keçirdiyi seçki sistemini guya özlüyündə elmi səpkidə tənqid etmək üçün “Hakimiyyət bu seçkidə monqolların yüzbaşı, onbaşı sistemindən istifadə etdi” dediyini oxudum. Tarixçiliyi alayarımçıq tarixi məlumatları ard-arda sadalamaq kimi başa düşən bu tarix professoru, sən demə, onbaşı, yüzbaşı, minbaşı ordu sistemini monqol kəşfi sayır. Ondan soruşsan ki, monqollardan səkkiz əsr qabaq Atilla Katalaun düzənliyində Roma ordusuyla hansı hərbi sistemlə vuruşurdu, gözlərini döyəcək. Heç olmasa sözlərə bax: yüz, baş – bunlar monqolcadırmı?! Ümumiyyətlə, monqol (məngü el – əbədi el) tayfalarının etnik tərkibi kimlər idi ki?!

Yüzbaşı adı qadağan edilirsə, yüzbaşı olmaq, orduda “Yüzbaşı Filankəsov” çağırılmaq ayıbdırmı? Yüzbaşı adı yox, ərəbcənin Zabit adı qadağan edilməli deyilmi?

04.12.2015

Advertisements

Über Ağalar Qutun bloqu

aghalar_mammadov@yahoo.de
Dieser Beitrag wurde unter FƏLSƏFƏ veröffentlicht. Setze ein Lesezeichen auf den Permalink.

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s